Məhkəmə qərarları › İş №2(011)-5091/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5091/2024

12.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5091/2024 12.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydada pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən ödəmiş olduğu 2299 manat məbləğində pul vəsaitinin və iddia qaldırılması üçün ödədiyi 43 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələblərinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, ödəmiş olduğu Xətai Rayon Məhkəməsinin 2(011)-8934/2018 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 3773,67 manat, 2(011)-5824/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə görə 2894,1 manat, 2(011)-12938/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 2839,90 manat məbləğində pul vəsaitinin və iddanın qaldırılması üçün ödədiyi 43 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank BTB ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Borclunun öhdəliyinin icrasının təmini kimi iddiaçı ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Borclu tərəfindən öhdəlik icra edilməmiş, bank Xətai Rayon Məhkəməsində X5 və məndən müştərək qaydada 3753,27 manat məbləğində borcun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İcra sənədi icra olunması üçün Xətai Rayon İcra Şöbəsinə yönəldilmiş, əsas borclunun əmək haqqı olmadığından tutma iddiaçının əmək haqqına yönəldilmişdir. Məhkəməyə təqdim etdiyi haqq hesab vərəqələrindən görünür ki, bankın xeyrinə ümumilikdə əmək haqqından 2299 manat məbləğində pul vəsaiti tutulmuşdur. Təqdim etdiyi icra məmurunun icra ödənişinin alınması haqqında 04 oktyabr 2016-cı il tarixli məktubundan görünür ki, İddiaçı hər ay əmək haqqından 50% məbləğində pul tutulmaqla Bank BTB ASC-yə ödənilməlidir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 26369 nömrəli və 14379 nömrəli qəbzlərdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ümumilikdə 43 manat (ayrı-ayrılıqda 42 manat və 1 manat olmaqla) məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8934/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrindən görünür ki, Cavabdeh və İddiaçı müştərək qaydada 3404,92 manat əsas, 348,35 manat faiz olmaqla 3753,27 manat borc və 20.40 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Həmin məhkəmə əmrindən görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli RP-00084-16/15A saylı kredit müqaviləsi bağlanmış, İddiaçı və "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli RPZ-00084/16/15A saylı zaminlik müqaviləsi bağlanmış və o, borclunun kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8934/2016 saylı, xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, məhkəmənin 2(011)-8934/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli 18-61234/2018-17 nömrəli məktubundan görünür ki, borclu X2 və İddiaçı xx.xx.2015-ci il tarixli RP-00084-16/15A saylı kredit müqaviləsinə əsasən əsas borca görə 2.894,1 manat, ödənilmiş dövlət rüsumuna görə 20.40 manat olmaqla, cəmi 2.914,5 manat müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulmasına dair Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5824/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi və borcludan tutulan ümumi məbləğin 7% həcmində icra ödənişi, yəni 188 manat 54 qəpik pulun tutulması barədə icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı icra edilməsi üçün “Layihə Axtarış Kontoru”na göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-12938/2016 saylı məhkəmə əmri ilə İddiaçı 2839.90 manat məbləğində əsas borc, 130.36 manat məbləğində faiz borcu, 8.92 manat cərimə borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Həmin məhkəmə əmrindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixində kredit müqaviləsi bağlanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin əvvəlki məhkəmə iclaslarında vermiş olduğu izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx"ASC arasında xx.xx.2015-ci il tarixli RP-00084-16/15A saylı kredit müqaviləsi bağlanılmış və bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 30% olmaqla 3526,65 manat kredit verilmişdir. İddiaçı imzaladığı xx.xx.2015-ci il tarixli RPZ-00084-16/15A saylı zaminlik müqaviləsi əsasında borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. "xxxx" ASC Cavabdeh və İddiaçı qarşı məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin 2(011)-8934/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə Cavabdeh və İddiaçı müştərək qaydada 3404,92 manat əsas, 348,35 manat faiz olmaqla 3753,27 manat borc və 20.40 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Məhkəmə əmri İddiaçı aid olan hissədə icra edilməsi üçün Suraxanı rayon İca və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh məhkəmənin 2(011)-8934/2016 saylı, xx.xx.2016-cı il tarixli əmrə etiraz vermiş və məhkəmənin 2(011)-8934/2016 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə əmr ləğv edilmiş və mülki iş üzrə iddia icraatına keçirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5824/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə X3 və İddiaçı xx.xx.2015-ci il tarixli RP-00084-16/15A saylı kredit müqaviləsinə əsasən əsas borca görə 2.894,1 manat, ödənilmiş dövlət rüsumuna görə 20.40 manat olmaqla, cəmi 2.914,5 manat müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Sözügedən icra sənədi İddiaçı aid olan hissədə icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya göndərilmiş və borc onun əmək haqqına yönəlmişdir. RP-00084-16/15A saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixlində Cavabdeh ilə "xxxx" arasında RPF-00188-16/19A saylı kredit müqaviləsi bağlanılmış və bank tərəfindən 1066.47 manat məbləğində illik 1 faizlə 60 ay müddətinə kredit Cavabdeh kredit verilmişdir. İddiaçı imzaladığı xx.xx.2019-cu il tarixli RPFZ-00188-16/19A saylı zaminlik müqaviləsi əsasında borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-295/2024 saylı qətnaməsi ilə 481,73 manat məbləğində əsas, 6,55 manat faiz olmaqla borcu, cəmi 488,28 manat pul, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq Bank "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borc ödənilmişdir. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsi dedikdə, kreditorla zamin arasında bağlanan elə bir saziş başa düşülür ki, bu sazişə görə, zamin kreditor qarşısında, borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda, həmin öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərinə əmlak məsuliyyəti götürür. Zaminlik öhdəliyinin icra edilməsi ilə kreditorun əsas (təmin olunan) öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə ona keçir. Beləliklə, əsas öhdəlik əsasında kreditorun ona mənsub olan tələb hüququ zaminə keçir və zamin yeni kreditor rolunda çıxış edir. Lakin əsas (təmin olunan) öhdəlik bu halda dəyişmir, saxlanılır. Başqa sözlə desək, əsas (təmin olunan) öhdəlikdən kreditor çıxır, onun yerini isə zamin adlı yeni kreditor tutur və əvəz edir. Kreditorun hüquqları, beləliklə, zaminə keçir. Hüquqların zaminə keçməsi isə qanuna, yəni qanunda ifadə edilən göstərişə əsaslanır. Belə təsəvvür yaranır ki, bu halda tələblərin güzəşti formasında (növündə) öhdəliklərdə şəxslərin dəyişməsi konstruksiyası göz qabağındadır. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə "xxxx" ASC-yə olan borcu qaytarmamaqla bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, zamin İddiaçı kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da "xxxx" ASC qarşısında pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, zamin İddiaçı Məməmdhüseyn oğlu onunla birlikdə bank qarşısında birgə məsuliyyət daşımışdır. "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarış və iddiaçının iddia ərizəsinə əlavə etdiyi haqq-hesab vərəqlərini (banka köçürmə və icra ödənişləri hissələrini) qarşılıqlı şəkildə tədqiq edərkən bəlli olur ki, X1 əmək haqqından 2016-cı ilin dekabr ayında 121.00 manat, 2017-ci ilin yanvar ayında 121.00 manat, fevral ayında 121.00 manat və 34.57 manat, mart ayında 121.00 manat, aprel ayında 121.00 manat, may ayında 121.00 və 121.00 manat, iyun ayında 121.00 manat, iyul ayında 121.00 manat, 2018-ci ilin iyun ayında 181.50 manat, iyul ayında 181.50 manat, avqust ayında 181.50 manat, sentyabr ayında 181.50, noyabr ayında 363.00, dekabr ayında isə 181.50 və 136.13 manat məbləğində pul vəsaiti icra sənədi əsasında məhz RP-00084-16/15A saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsi məqsədi ilə tutulmuşdur. Məhkəmə həmçinin əlavə olaraq qeyd edir ki, hesabdan çıxarışda 2017-ci ilin iyun və aprel aylarında, 2016-cı ilin dekabr ayında iddiaçının əmək haqqından 121.00 manat məbləğində pulun tutulması görünməsə də, iddia ərizəsinə əlavə edilmiş haqq-hesab vərəqələrindən həmin məbləğdə pulun tutulması öz təsdiqini tapmışdır. Yuxarıda sadalanlara əsasən zaminin kreditorun tələbini ödədiyi həcmdə yerinə yetirmiş ödəliyi əsas borcludan tələb edə bilər. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, zamin İddiaçı tərəfindən ümumilikdə 2530.2 (121+121+121+34.57+121+121+121+121+121+121+181.50+181.50+181.50+181.50+36 3+181.50+136.13) manat məbləğində pul banka ödənilmişdir. Buna görə də iddia həmin hissədə təmin edilməli və cavabdehdən 2530.2 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələblərinin dəqiqləşməsi barədə ərizədə qeyd edilən “2(011)- 8934/2018 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 3773,67 manat, 2(011)- 5824/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə görə 2894,1 manat” pul vəsaitinin cavabdehdən tutulması hissədinə münasibət olaraq bildirir ki, məhkəmənin 2(011)- 8934/2016 saylı əmri və 2(011)-5824/2017 saylı qətnaməsi RP-00084-16/15A saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı olmuşdur. Sadəcə bank ilkin olaraq məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən xx.xx.2016-cı il tarixində 2(011)- 8934/2016 saylı məhkəmə əmri qəbul edilmiş, sonradan borclu tərəfindən əmrə etiraz verilmiş və 2(011)-8934/2016 saylı məhkəmə əmri ləğv edilmiş, mülki işə 2(011)- 5824/2017 nömrəsi altında baxılmış və xx.xx.2017-ci il tarixində qətnamə qəbul edilmişdir. Məhkəmə iddia tələblərinin “2(011)-12938/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 2839,90 manat məbləğində pul vəsaitinin” cavabdehdən tutulması hissəsinə münasibət olaraq bildirir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, 2(011)- 12938/2016 saylı məhkəmə əmrindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixində kredit müqaviləsi bağlanmışdır. Göründüyü kimi məhz İddiaçı ilə "xxxx" ASC arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. Adıçəkilən kredit müqaviləsi üzrə İddiaçı zamin deyil, məhz əsas borclu olmuşdur. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2530.2 (iki min beş yüz otuz manat iyirmi qəpik) manat) məbləğində pul vəsaiti və 43 (qırx üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar