Məhkəmə qərarları › İş №2(011)-5129/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5129/2023

11.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5129/2023 11.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı oğlu X7 1996-cı ildə X3 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra iddiaçının gəlini X3 onların yaşadığı ünvan 1 ünvanına qeydiyyata düşmüşdür.

2. İddiaçının oğlu X7 ilə gəlini X4 arasında bağlanmış nikah 13 iyul 2012-ci il tarixdə pozulmuşdur. Artıq 3 ildir ki, iddiaçının gəlini - cavabdeh X3 həmin ünvanda yaşamır.

3. Bütün bu qeyd edilənlər, cavabdeh X1 qeyd edilən ünvanda yaşamamasına baxmayaraq, hələ də orada qeydiyyatda qalması mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmaqdadır.

İddiaçının tələbi:

4. X1 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh həmin ünvanda faktiki yaşamır. İddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Şahid2 öz izahatında qeyd etmişdir ki, o, qeyd edilən ünvanda 5-ci blokda, iddiaçı isə 6-cı blokda yaşayır. İddiaçı onun qayınanası ilə qapı qonşudur. Özü 9 ildir ki, həmin ünvanda yaşayır, 5-6 il olar ki, Cavabdeh görməmişdir. Həmçinin, şahid qeyd etmişdir ki, evdə mübahisə olması və yaxud cavabdehin evdən qovulması ilə bağlı heç bir şey eşitməmiş, belə bir məlumatı olmamışdır.

7. Məhkəmə iclasında iştirak edən Şahid1 öz izahatında qeyd etmişdir ki, cavabdeh onun anasıdır. Anası 3 ildir ki, evdən çıxıb gedib və geri qayıtmamışdır. Onun anası evi tərk edən zaman ailə üzvləri arasında heç bir mübahisə olmamışdır, çünki, o evdə yaşamağa anasının da haqqı olmuşdur. Lakin anası hər zaman onlarla yaşamamış, bəzən mübahisəli evə gəlib gedirmiş.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

9. ƏMDX DƏDRX tərəfindən verilmiş ******* nömrəli Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

10. AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, ünvan 1 ünvanında Cavabdeh da qeydiyyatdadır.

11. AZ-İ № 159997 nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, Cavabdeh və X7 arasındakı nikahın pozulması barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 13 iyul 2012-ci ildə 284№ ilə qeyd edilmişdir.

12. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon 90 saylı Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Arayışa əsasən, ünvan 2 ünvanında daimi qeydiyyatda olanlar siyahısında Cavabdeh da olmuşdur.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-409/2012 nömrəli xx.xx.2012-ci il tarixli Qətnaməsinə əsasən, Cavabdeh və X7 arasında 30 noyabr 1996-cı ildə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 827 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur.

14. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən xx.xx.2015-ci il tarixdə təsdiq edilən və 2V-55 reyestrdə qeyd edilən vəsiyyətnaməyə əsasən, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak- ünvan 2 ünvanında yerləşən 5 otaqlı ümumi sahəsi 92.76 kv.m, yaşayış sahəsi 60.26 kv.m, yardımçı sahəsi 32.5 kv.m olan şəxsi mənzildən ibarətdir.

15. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixdə ölkədən çıxmış və həmin tarixdən sonra ölkəyə giriş etməmişdir.

16. xx.xx.2023-cü il tarixli Məhkəmə Bildirişin üzərində xx.xx.2023-cü il tarixli ünvan 3 ünvanda yaşamamsı qeyd edilmişdir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 43.İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

18. «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı. 148.1. Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3 Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

20. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İ hissə - İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İİİ hissə - İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

123. İ hissə - Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır

21. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsınin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» 12 mart 1999-cu il tarixli Qərarı.

22. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsınin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli Qərarı.

23. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il Qərarı.

24. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

26. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

27. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

28. İşin mübahisəsiz halıdır ki, cavabdeh iddiaçının keçmiş gəlnidir, o 1996-ci ildə mübahisəli mənzilə gəlin gəlmiş, 2012-ci ildə isə iddiaçının oğlu ilə boşanmış və həmin ünvanda yaşamağa davam etmişdir. Tərəflər arasındakı hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək olan dövrdə yaranmışdır. Ona görə də mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsınin xx.xx.2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir (§22).

29. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda göstərilən 60-cı maddəsinin 1-ci hissəsində icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikləri halda istifadə hüquqularının saxlanılması müddəti dəqiq göstərilmişdir ki, bu müddət altı ayla məhdudlaşdırılmışdır. Qeyd edilən müddəanın mənasından belə nəticə əldə olunur ki, icarədar və ya onun ailə üzvləri həmin müddətdən artıq yaşayış sahəsindən getdikdə, əgər onlar yaşayış sahəsini iradələrindən kənar tərk etməmişlərsə, yaxud bu müddət keçdikdən sonra onların yaşayış sahəsinə qayıtması özlərindən asılı deyildirsə, istifadə hüquqları qeyd-şərtsiz itirilir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh 3 ildir ki, həmin ünvanda yaşamır, həmin mənzili könüllü olaraq tərk etmişdir. (§5, §6, §7,§15)

30. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. (§21)

31. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı mübahisəli mənzili könüllü olaraq tərk etmişdir. Cavabdeh ilə qonşuluqda yaşayan şəxs, o cümlədən cavabdehin oğlu cavabdehin uzunmüddətdir ki, həmin mənzildə yaşamadığını, xaricə getdiyini, mənzili tərk etməyə məcbur edilmədiyini öz izahlarında qeyd etmişlər (§6, §7). Məhkəmə araşdırması zamanı Cavabdeh xx.xx.2023-cü il tarixdə ölkədən çıxması və həmin tarixdən sonra ölkəyə giriş etməməsi də müəyyən edilmişdir. (§15)

32. Beləliklə, cavabdehin könüllü olaraq həmin mənzili 3 il əvvəl tərk etməsi, həmin mənzilə qayıdaraq istifadə etməməsi, cavabdehin həmin mənzildən istifadə hüququna ehtiyacının olmamasını sübuta yetirir. Onun həmin mənzildə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə maneələrə və həmçinin əlavə kommunal xərclərə səbəb olur. Eyni zamanda cavabdehin qeydiyyatı formal xarakter daşıdığından, onun həmin mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırdığından, həmçinin mənzildən istifadə hüquqlarının itirilməsi üçün əsaslar mövcud olduğundan, cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməlidir. Belə ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (§18).

33. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir.

Məhkəmə xərcləri:

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı hər hansı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia tələbi təmin edilsin.

2. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edilsin.

3. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar