Məhkəmə qərarları › İş №2(011)-5140/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5140/2023

17.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5140/2023 17.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 6/4, 8 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 noyabr 2022-ci il tarixdə ANl№1086075 saylı alğı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən mənzili Cavabdeh1 almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2022-ci il tarixli ********** nömrəli şıxarışa əsasən iddiaçının adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Qeyd olunmuş mənzilə dair alğı-satqı müqaviləsi sənədləşdirilərkən, mənzildə əvvəldən qeydiyyatda olan şəxslərin istifadə hüququnun itirilməsi və onların qeydiyyatdan çıxarılması barədə razılığa gəlinmiş və bu barədə alğısatqı müqaviləsinin 13-cü maddəsinə əsasən mənzilin satıcısı-cavabdeh-Müqavilə natariat qaydasında təsdiq olunduğu tarixdən 60 gün müddətinə mənzildən qeydiyyatda olan şəxslərlə birlikdə (satdığı mənzildən) qeydiyyatdan çıxmaq barədə öhdəlik götürmüşdür. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin tələblərinə zidd olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 bu günə qədər qeyd olunmuş ünvanda qeydiyyatda olmaqla istifadə hüququ saxlanmışdır. İddiaçı tərəfindən dəfələrlə onlara müraciət edərək qeydiyyatdan çıxmaları barədə bildirilsədə, onlar buna heç bir əhəmiyyət verməyərək qeydiyyatdan çıxmırlar. Bütün bu müddət ərzində iddiaçı cavabdehlərin əvəzindən kommunal-xidmət xərclərini ödəməyə məcbur olmuşdur. Cavabdehlərin qeyd olunan mənzildə yaşayış hüququ saxlanılmaqla, iddiaçıya məxsus mülkiyyəti üzərində sahiblik, istifadə və sərəncam hüquqları pozulmaqdadır. Bu səbəbdən də cavabdeh və onun ailə üzvlərinin ünvan 2 ünvanda olan mənzilə istifadə hüquqlarlna xitam verilməsi zərurəti yaranmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, onlar məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, lakin cavabdehlərin həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı 30 noyabr 2022-ci il tarixdə Cavabdeh1 ilə arasında bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 6/4, 8 saylı mənzili almışdır. Mənzil hal-hazırda İddiaçı mülkiyyətindədir. Alğı-satqı müqaviləsinə əsasən cavabdehlər mənzildən qeydiyyatdan çıxmağı öhdələrinə götürsələr də, hələ də qeydiyyatdan çıxmamışlar. Cavabdehlər mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvü olmuşdurlar. Onlar sözügedən mənzilin satılmasına dair notarial qaydada yazılı razılıq vermişdirlər. Onlar hazırda həmin mənzildə yaşamırlar, mübahisəli mənzildə formal olaraq qeydiyyatdadırlar. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolu: 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, 30 noyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, İddiaçı əsasən Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 6/4, 8 saylı mənzili tam olaraq mülkiyyətinə qəbul etmişdir. Cavabdehlər mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvü olmaqla, mənzilin alğı-satqısından sonra köçərək başqa yaşayış sahəsinə getmişlər və hazırda həmin mənzildə yaşamırlar, iddiaçının ailə üzvü deyildirlər. İstinqad edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə cavabdehlərin istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsasən Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 6/4, 8 saylı mənzilindən istifadə hüququ itirilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar