Məhkəmə qərarları › İş №2(011)-5178/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5178/2022

27.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5178/2022 27.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, İddiaçı cavabdeh “X1” İctimai Birliyinin idarə heyətinin sədri Cavabdeh və maraqlı şəxs Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi vəzifəsini icra edən Aslan Hacıyevə qarşı “qanunsuz olaraq təsisçilik hüququna xitam verilməsinin ləğv edilməsi, təsisçi kimi hüquqlarının tanınması, “X1” İctimai Birliyinin hal-hazırda qanunsuz olaraq yaradılmış idarə heyətinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “X1” İctimai Birliyinin idarə heyətinin sədri Cavabdeh və maraqlı şəxs Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi vəzifəsini icra edən Aslan Hacıyevə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin forması və məzmunu Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində maraqlı şəxs qismində Ədliyyə Nazirliyinin Qeyrihökumət təşkilatları ilə iş şöbəsinin rəisi vəzifəsini icra edən Aslan Hacıyevi göstərmişdir. Halbuki, qüvvədə olan mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formalarını (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. İddia icraatı qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə iddia ərizəsi ilə müraciət göstərilmişdir. Mülki-prosessual qanunvericiliyin təhlilindən aydın olur ki, tərəflər (iddiaçı və cavabdeh) və üçüncü şəxslər iddia icraatında (MPM-nin 12-23-cü fəsilləri) mövcuddurlar. Xüsusi icraat qaydasında baxılan işlər (MPM-nin 30-40-7-ci fəsilləri) üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir (bu növ icraat üzrə tərəflər mövcud deyildir). İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Qanunverciliyin tələbindən göründüyü kimi maraqlı şəxslər iddia icraatında deyil, xüsusi icraat qaydasında ərizəçilərin verdiyi tələblər üzrə baxılan işlərdə iştirak edirlər. İddia icraatında iddiaçının maraqlı şəxs qismində hər hansı fiziki və ya hüquqi şəxsi işə cəlb etməsi iddia ərizəsinin forma və məzmununa uyğun deyildir. Bundan başqa, iddia icraatı qaydasında işlərə baxarkən lazım gəldikdə, işə iddia tələbi barəsində üçüncü şəxs kimi müstəqil tələb irəli sürən və ya müstəqil tələb irəli sürməyən üçüncü şəxslər işə baxılmasına cəlb edilə bilərlər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 55.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Eyni zamanda, mövcud iddia ərizəsindən görünür ki, iddiaçı iddia tələbinin hansı cavabdehə (və ya cavabdehlərə) qarşı, o cümlədən fiziki şəxsə (və ya fiziki şəxslərə), yoxsa hüquqi şəxsə (və ya hüquqi şəxslərə) qarşı yönəldiyini dəqiq göstərməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmçinin iddia ərizəsində iddiaçı nəyi xahiş etdiyini və iddia tələblərini aydın göstərməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi onun forma və məzmununa uyğun məhkəməyə verilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd edilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “X1” İctimai Birliyinin idarə heyətinin sədri Cavabdeh və maraqlı şəxs Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi vəzifəsini icra edən Aslan Hacıyevə qarşı “qanunsuz olaraq təsisçilik hüququna xitam verilməsinin ləğv edilməsi, təsisçi kimi hüquqlarının tanınması, “X1” İctimai Birliyinin hal-hazırda qanunsuz olaraq yaradılmış idarə heyətinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar