Məhkəmə qərarları › İş №2(011)-518/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-518/2025

22.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-518/2025 22.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı cavabdehin ünvan 1, 13 saylı mənzildən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Cavabdeh mülkiyyətində olan ünvan 1, 13 saylı mənzildə qeydiyyatdadır, lakin 2012-ci ildən ünvan 1, 13 saylı mənzildə yaşamır. Aralarında olan xx.xx.1986-cı il tarixli nikah Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(011)-2790/2012 saylı qətnaməsi ilə pozulmuşdur. Onun cavabdehlə Cavabdeh ilə birgə nikahdan uşaqları yoxdur. Cavabdeh qeydiyyatda olmasına baxmayaraq həmin mənzildə yaşamır. Mənzilin bütün komunal xərclərini iddiaçı ödəyir. Cavabdehin evində qeydiyyatda qalmağı ona maddi cəhətdən ziyan vurduğundan o əlavə komunal xərcləri ödəmək məcburiyyətində qalır. Ona görə də cavabdehin ona məxsus mənzildən istifadə hüququ itirilməlidir. Tərəflərin izahatları İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı daha əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, cavabdehlə ailə qurduqdan sonra Rusiya Federasiyasına getmişlər. Ona orda ikiotaqlı ev verilmişdir. Daha sonra Bakıya qayıdıb Bakı şəhərində, Çobanzadə küçəsində yerləşən ev almışlar. Maddi cəhətdən sıxıntıları olduğu üçün 1997-ci ildə həmin evi sataraq hazırki ünvan 1, 13 saylı mənzili almışlar. Cavabdehlə nikahları 2012-ci ildə ləğv edilsə də, sonra dini nikah bağlamışlar. Cavabdeh məhkəmə iclasında mülki işə iddiaçının iştirakı olmadan baxılması və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O verdiyi ifadəsində bildirmişdir ki, ünvan 1, 13 saylı mənzil iddiaçı ilə nikah dövründə alınmışdır. 2024-cü ilə kimi həmin mənzildə yaşamışdır. 2024-cü ilin yanvar ayında iddiaçı ona fiziki şiddət göstərdiyi üçün evi tərk etmiş və geri qayıtmamışdır. Hal-hazırda yaşamağa yeri yoxdur. Müxtəlif qohumlarının evində qalır. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan, mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. İşin halları: ÖM seriyalı, 201208 saylı Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin Qeydiyyat Vəsiqəsinə əsasən, ünvan 1, 13 saylı mənzil İddiaçı adına xx.xx.1997-ci il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1, 13 saylı mənzildə qeydiyyatdadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2790/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında Beyləqan rayon Şahsevər kənd nümayəndəliyində xx.xx.1986-cı il tarixdə başğlanmış 57 saylı nikah qeydi ləğv edilmişdir. АZ-İ № 159929 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 539 nömrə ilə qeyd edilmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşuluq münasibətləri olub. İddiaçı Leyli xanım üçün, onun rahat olması üçün evi təmir etdirmişdir. Evlərində usta kimi də işləmiş, ev təmiri ilə məşğul olmuşdur. Həmin vaxt iddiaçı ilə cavabdeh bir yerdə idilər. 2024-cü ilin yanvar ayında onlar dalaşıblar, cavadeh Leyli xala çıxıb gedib. Bu barədə qonşulardan eşitmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində bidirmişdir ki, iddiaçı və cavabdeh onun qonşularıdır. O cavabdehin atası ilə tanış imiş. Leyli xanımı şəxsən tanımır, ancaq iddiaçının həyat yoldaşı olduğunu bilir. Cavabdehlə iddiaçı ünvan 1, 13 saylı mənzildə yaşamışlar. Leyli xanımı bir ildir ki, ünvan 1, 13 saylı mənzildə görmür. Mülki iş üzrə şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı və cavabehlə 1999-cu ildən qonşudur, ünvan 1 ünvanında yaşamışlar. Hər ikisini tanıyır. 2024-cü ilin yanvar ayından cavabdehi ünvan 1, 13 saylı mənzildə görmür. Mülki iş üzrə şahid qismində dindirilmiş X7 cavabdeh və iddiaçı ilə qapı bir qonşudular. O orda 1993-cü ildən yaşayır. Onlar isə 3-4 il sonra ünvan 1, 13 saylı mənzil köçüb bir yerdə yaşamışlar. İddiaçı “atvyorka” ilə Leyli xanıma xəsarət yetirmişdir, ondan sonra Leyli xanım getdiyini bildirmişdir. O keçən ilin yanvar ayında gedib. 30 ildir ki, həmin evdə yaşayırdı. Leyli xanımla birlikdə toyda, yasda olmuşlar. Dəfələrlə iddiaçı və cavabdeh arasında mübahisələr olurdu. Ancaq Leyli xanımın getmək fikri yox idi. Mülki iş üzrə şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində bildirmişdir ki, cavabdehlə qonşudular. Telman müəllimi də ona görə tanımışdır. O ora 2000-ci ildə köçmüş, həmin vaxtdan da iddiaçı və cavabdehlə qonşuluq edirmiş. Birlikdə toya, yasa getmişlər. Sonra qəfildən cavabdehin 2024-cü ilin yanvar ayında çıxıb getdiyini bilmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində bildirmişdir ki, o Xətai rayonu, Mehmandarov 94-də yaşayıram, tərəflərlə qonşudur. Cavadeh Leyli xanımı 10-15 ildir ki, tanıyır. İddiaçı ilə ikisi bir yerdə ünvan 1, 13 saylı mənzildə yaşamışlar. İddiaçını şəxsən tanımasa da üzdən tanıyırdı. Leyli xanım daima o evdə yaşayıb. O hətta ora köçməzdən əvvəl yaşadığı məhlədə olanda da Leyli xanımı tanıyırmış. İddia tələbinin hüquqi əsası: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsi Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.1986-cı ildə nikaha daxil olmuşlar. Tərəflər birgə nikah dövründə, yəni xx.xx.1997-ci il tarixdə mübahisəli ünvan 1, 13 saylı mənzili əldə etmişlər. Tərəflərin nikahı xx.xx.2012-ci il tarixdə pozulmasına baxmayaraq tərəflərin izahatları, şahidlərin ifadələri ilə və işin digər halları ilə müəyyən edilir ki, tərəflər 2024-cü ilin yanvar ayına kimi ünvan 1, 13 saylı mənzildə bir yerdə yaşamış, birgə təsərrüfat aparmışlar. Belə olan halda, ünvan 1, 13 saylı mənzil iddiaçı ilə cavabdehin birgə nikah dövründə , birgə vəsait hesabına əldə etdiyi birgə əmlaklarıdır. Buna görə də, Cavabdeh həmin əmlaka mülkiyyət hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli ünvan 1, 13 saylı mənzilə mülkiyyət hüququ olduğu halda, mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnun itirilməsi yolverilməzdir. Bunun əksi onun Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olacaqdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehin ünvan 1, 13 saylı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin ünvan 1, 13 saylı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar