Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-520/2022 18.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbi barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı - Cavabdeh 720 manat məbləğində vurulmuş zərər, sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin verilməsi üçün 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 760 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Moskviç 21412" markalı, ** BB *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2019-cu il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il fevralın 08-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Moskviç 21412” markalı, ** BB *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində “VAZ 21074" markalı, ** UB *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Sabunçu RPİ-nin DYPŞ-i tərəfindən xx.xx.2020-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1 ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Sabunçu RPİ-nin DYPŞ-in xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Fiziki şəxs X2 tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “Vaz 21074" markalı, ** UB *** dövlət nömrə nişanlı avtomobilə 720 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixində həmin məbləği zərəçəkmiş şəxs Mahmudov Rəsul Tərlan oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsa da, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və təqdim edilmiş sübutları təhlil edərək belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Vaz 21074" markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilə 720 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh arasında bağlanmış müqavilənin surətindən görünür ki, Cavabdeh məxsus “Moskviç 21412" markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı tərəfindən sığortalanmışdır. İş materiallarında olan İXP № ******* nömrəli xx.xx.2020-ci il tarixli İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə “Moskviç 21412" markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh yol nəqliyyat hadisəsi edərək “Vaz 21074" markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan xətanı törətmişdir. İş materiallarında olan AD 217877 saylı Azərbaycan Respublikası Sürücülük Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh avtomobil idarəetmə hüququ vardır. Beləliklə məhkəmə araşdırılması zamanı iddiaçının tələblərini əsaslandırdığı hallar öz təsdiqini tapmamışdır. Məhkəmə iddiaçının subroqasiya hüququ ilə bağlı qeyd edir ki, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Bu baxımdan məhkəmə hesab edir ki, sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Hazırkı halda cavabdehin sözügedən avtomobili idarə etmək hüququ olmaqla idarə etməsi işin mübahisə olunmayan halıdır. Bu hal iş materialları ilə öz təsdiqini tapmışdır. Şəxsin avtomobili etibarnamə olmadan idarə etməsi, onun avtomobili idarə etmək hüququnun olmaması kimi qəbul edilməməmlidir. Belə ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir. Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” hesab edilmir və bu səbəbdən də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Odur ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddianın 40 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 40 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Buna görə də iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı - Cavabdeh 720 manat məbləğində vurulmuş zərər, sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin verilməsi üçün 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 760 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-520/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-520/2022
18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver