Məhkəmə qərarları › İş №2(011)-5209/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5209/2022

04.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5209/2022 04.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1rşı “istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müracət edərək cavabdehin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63 saylı evin 10 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbini onunla əsaslandırmışdırlar ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 63, yerləşən 3 otaqdan ibarət 10 saylı mənzil (keçmiş Bakı şəhəri, Profsoyuznaya küçəsi, 2949-cu məhəllə, ev 63, mənzil 10) Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi Mənzillərin uçotu və bölünməsi İdarəsinin xx.xx.1982-ci il tarixli 205898 nömrəli orderi əsasında onlara verilmiş və İddiaçı1, X4 və İddiaçı2 ibarət ailə üzvləri göstərilən ünvanda yerləşən mənzilə köçüb yaşamışlar. xx.xx.2020-ci il tarixdə ataları X4 vəfat etməsi ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh1 mənzilə qeydiyyata düşmüşdür. İddiaçı2 qardaşı, İddiaçı1 oğlu olan Cavabdeh1 Rusiya Federasiyasının vətəndaşlığını qəbul edərək, 2005-ci ildən Rusiya Federasiyasında yaşayır. Azərbaycanı uzun müddətdir tərk edib, harada yaşaması barədə məlumat verməmiş və onlar da məlumat əldə edə bilməmişlər. Onun Bakıya gəlib-getməsi barədə də dəqiq məlumat yoxdur. Cavabdeh1 Viktorovic 2005-ci ildən başlayaraq hal-hazıra kimi 17 il müddətində Bakı şəhəri, Məhəmməd Hadi küçəsi, 63 saylı evin, 10 nömrəli mənzilində formal olaraq qeydiyyatda olmasına baxmayaraq, bir gün də olsun yaşamamışdır və yuxarıda istinad edilən qanun normalarına əsasən onun qeyd edilən yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, qardaşı Cavabdeh1 axırıncı dəfə 2019-cu ildə Azərbaycanda olmuş, bütün əşyalarını özü ilə götürərək Rusiya Federasiyasına köçüb getmişdir. Qardaşının RF-nın Mıtişi şəhərində öz evi var. Məhkəmə iclasınında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 axırıncı qeydiyyat yeri üzrə bildiriş göndərilmiş, cavabdeh göstərilən ünvanda yaşamadığı üçün məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Xətai Rayon Məhkəməsinin sorğusuna Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2022-ci il tarixli, 33/3533 saylı cavab məktubundan müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədindən çıxmışdır və həmin tarixlərdən sonra onun Respublikanın ərazisinə girişi qeydə alınmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X2 ifadələrində iddiaçıların qonşuları olduğqlarını, 30 ildən çox həmin ünvanda yaşadıqlarını, Cavabdeh1 heç vaxt görmədiklərini, onun başqa yerdə yaşadığını göstərdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər XDS tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli 205898 saylı orderin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 63, yerləşən 3 otaqdan ibarət 10 saylı mənzil (keçmiş Bakı şəhəri, Profsoyuznaya küçəsi, 2949-cu məhəllə, ev 63, mənzil 10) ailəsi ilə birlikdə yaşaması üçün İddiaçı1 verilmişdir. Orderdə icarədarın ailə üzvləri qismində X4 və İddiaçı2 qeyd olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışından görünür ki, Cavabdeh1, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63 saylı evin 10 saylı mənzilində pasport qeydiyyatındadır. Bakı şəhəri Xətai rayon İH nəzdində 114 saylı MTK-nın xx.xx.2022-ci il tarixli, 32 saylı arayışından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63 saylı evin 10 saylı mənzilində faktiki olaraq yaşamır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd olunan hüquq münasibətlərinə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinin qaydaları tətbiq olunmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60cı maddəsində təsbit edilmişdir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başda yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququ itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər istifadəçılərin iddiası üzrə məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarına görə Mənzil Məcəlləsinin 60-cı mddəinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqdarından məhrum etmir. Həmin Qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddət yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada təlqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən çıxarılır. Beləliklə, məhkəmə işin araşdırılmış hallarına qiymət verib hesab edir ki, cavabdehin yaşayış üçün Rusiya Federasiyasına köçməsi, iddiaçıların qanuni istifadəsində və sahibliyində olan mənzildə yaşamaması, həmin mənzildə formal olaraq qeydiyyatda qalması təsdiq edildiyindən iddia tələb təmin edilməli, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 216-220, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63 saylı evin 10 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar