Məhkəmə qərarları › İş №2(011)-5327/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5327/2025

26.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5327/2025 26.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zalov X1 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyana görə 15.000 (on beş min) manat və 50.000 (əlli min) manat mənəvi ziyan olmaqla ümumilikdə 65.000 (altmış beş min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xx.xx.2017-ci il tarixində Cavabdeh odlu silahdan açdığı atəş nəticəsində mənim sol qolum ağır yaralanmışdır. Mən aldığm bu xəsarətlər nəticəsində xeyli müddət müayinə və müalicə olmuşam. Lakin bu günə kimi mənim sağlamlığım bərpa olamışdır. Qeyd etmək istəyirəm ki, Cavabdeh mənə qarşı törətdiyi bu cinayət əməlinə görə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(020)-89/2017 saylı hökmü ilə AR CM-nin 228.1 ci maddəsi ilə təqsirli bilinərək 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nəzərinizə çatdırıram ki, cavbdeh mənim ağır xəsarət aldığımı və sol qolumun fəaliyyət qabiliiyətinin itirdiyini bildiyi halda bu neçə il ərzində mənə müalicəmlə əlaqədər və mənə vurduğu maddi ziyanla əlaqədər heç bir köməklik göstərməmişdir. Qeyd etmək istəyirəm ki, mən bu hadisəyə qədər heyvandarlıqla və əkinçiliklə məşğul olurdum. Təbii ki, bu sahənin xüsusiyyətlərinə uyğun olaraq mən mütəmadi olaraq fiziki güc tələb edən müxtəlif təsərrüfat işləri ilə məşğul olurdum. Lakin bu cinayət hadisəsindən sonra mənim sol qolum fəaliyyət qabiliyyətini itirdiyi üçün mən əvvəlki kimi təsərrüfat işləri ilə məşğul ola bilmirdim. Təbii ki buna görə də həmin işlərin görülməsi üçün əlavə şəxsləri işə cəlb edərək onlara zəhmət haqqı da verməli olurdum, bu da mənə əlavə xərclər hesabına başa gəlirdi. Həmçinin bildirmək istəyirəm ki, cavabdehin mənə qarşı törətdiyi bu cinayət əməli nəticəsində mənə mənəvi ziyan da dəymişdir. Belə ki bu hadisədən sonra mən sol qolumu artıq əvvəlki kimi işlədə bilmədiyim üçün mən özümü tam şəkildə sağlam şəxs kimi hiss etmirəm. Əvvəli həyat tərzi ilə yaşaya bilmədiyim üçün bu mənə mənəvi və psixoloji cəhətdən zərbə vurub. Amma əfsuslar olsun ki, cavabdeh bu neçə illər ərzində mənə qarşı törətdiyi cinayət əməlindən heç bir nəticə çıxarmamış və mənə vurduğu maddi və mənəvi ziyanın ödənilməsi istiqamətində heç bir addım atmamışdr. Həmçinin qeyd etməliyəm ki, mənimlə "xxxx" QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə mən üzərimə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirirdim, ödənişlərimdə heç vaxt gecikdirmə olmamışdır, lakin 05 aprel 2017-ci il tarixdə baş vermiş münaqişə nəticəsində mənim sağlamlığıma ciddi ziyan dəymiş, bu ziyan cavabdehin hüquqazidd əməli nəticəsində baş vermişdir ki, bu hadisədən sonra uzun müddət müalicə, reabilitasiya dövrü keçirmişəm və kredit öhdəliklərimdə gecikmələr yaranmağa başladı, yəni əgər cavabdeh mənə qarşı hüquqazidd hərəkət həyata keçirməsəydi və bunun nəticəsində mənim sağlamlığıma zərər dəyməsəydi, mən müqavilə üzrə borc öhdəliklərimi yerinə yetirməyə davam edəcəkdim, bəlkə də artıq bitirmiş olacaqdım və əsas borc məbləğinə faiz, əlavə cərimə məbləği hesablanmayacaqdır. Ona görə də mən məcbur olub hal-hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edirəm. Qeyd etmək istəyirəm ki, cavabdehin bu cinayət əməli nəticəsində mənim müayinə və müalicəmə 15.000 manata yaxın pul vəsaiti xərclənmişdir. Lakin sağlamlım hələ də tam şəkildə bərpa olunmamışdır”. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümyəndəsi-vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mülki iş üzrə iddia ərizəsinə etiraz edir, İddiaçı cavabdehə qarşı qaldırdlğı iddianın heç bir hüquqi əsası yoxdur. İddiaçı iddia ərizəsini 2017-ci ildə cavabdehin əlindən ehtiyatsızlıqdan açılaraq onun qoluna dəymiş atəş nəticəsində xəsarət alması ilə əlaqələndirir. Cavabdeh Beyləqan rayon məhkəməsinin 06 dekabr 2017-ci il tarixli 1(020)-89/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə məhkum olunmuşdur. Həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs kimi tanınmış, cavabdeh tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmişdir. Həmin hal iddiaçının özünün təqdim etdiyi hökmdə əksini tapmışdır. Belə ki iddiaçı həmin vaxt məhkəməyə notarial ərizə təqdim edərək Cavabdehlə barışdığını, ona dəymiş maddi və mənəvi zərərin tam ödənildiyini, şikayət və tələbinin olmamasını bildirmişdir. Cavabdeh Füzuli rayon məhkəməsində iddiaçıya qarşı pul tələbi ilə iddia qaldırmış, iddia qismən təmin olunmuş, iddiaçı (əvvəlki iş üzrə cavabdeh) İddiaçı həmin qətnamədən apelyasiya şikayəti versə də, apelyasiya şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin həmin iş üzrə qətnaməsi Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı ilə dəyişdirilmədən saxlanılmışdır (həmin mülki iş üzrə məhkəmə aktları əlavə olunub). Hal-hazırda həmin mülki iş icra mərhələsindədir və İddiaçı həmin icra işindən Cavabdeh imtina etməsi üçün ona qarşı əsassız iddia qaldırmışdır. Hesab edirlər ki, iddia əsassızdır, iddiaçı iddiasının əsasını sübut edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir, aldığı xəsarətə görə müalicə xərcləri və başqa formada onun tələbi təmin edilmiş, ona dəymiş maddi ziyan 10.000 (on min manat) vaxtında ödənilmişdir. Hal-hazrda isə onun iş fəaliyyətində heç bir problem yoxdur, heç bir müalicə almır, təsərrüfatla məşğuldur, qərəzli olaraq cavabdehə qarşı iddia qaldırmışdır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmiş, tərəflərin nümayəndə-vəkilləri məhkəməyə elektron məhkəmə sistemi vasitəsilə müraciət edərək təyin edilmiş məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, həmçinin iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin 1(020)-89/2017 saylı 06 dekabr 2017-ci il tarixli Hökmünün surətindən görünür ki, Cavabdeh 05 aprel 2017-ci il tarixdə saat 18 radələrində İddiaçı ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisədən sonra yaşadığı Beyləqan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 1 nömrəli evin ikinci mərtəbəsində yerləşən yataq otağında qanunsuz olaraq əldə edib saxladığı, yivli odlu idman-ov silahı olan, 1963-cü ildə Tula silah zavodunda istehsal edilmiş, 5.6 mm kalibrli, "T03-8" modelli. 19820 No-li tüfəngi götürüb, döyüş vəziyyətinə gətirərək barmağı tüfəngin tətiyində olduğu halda həmin otaqdan həmin küçədə yaşadığı evlə paralel yerləşən, Zalov Nazim Abdulhüseyn oğluna məxsus 4 nömrəli evin həyətində onun evi istiqamətində stulda oturmuş İddiaçı qorxutmaq məqsədilə havaya atəş açmaq üçün pəncərəyə yaxınlaşmaq istəyərkən ayağı otaqda olan çarpayının ayaqlığına ilişərək müvazinətini itirmiş və tüfəngin lüləsi pəncərənin toruna ilişərək bir dəfə atəş açılmaqla güllə Nazim Zalovun evinin həyətindəki tut ağacının budağına dəydikdən sonra İddiaçı tərəf istiqamətlənərək, sonuncunun sol qol nahiyəsinə dəymiş, nəticədə ehtiyatsızlıqdan İddiaçı sol bazu nahiyəsinin yuxarı üçdə-birinin kor odlu silah-güllə yaralanması, bazu sümüyünün fraqmentləri yerini dəyişmiş açıq sınığı və sol mil sinirinin parezi ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur. Həmin Hökm ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Fizuli rayon Məhkəməsinin 2(064)-83/2024 saylı xx.xx.2024cü il tarixli Qətnaməsindən görünür ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(064)-2417 nömrəli qətnaməsindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" QSC ilə İddiaçı arasında kredit xətti müqaviləsi bağlanmış və ona 30000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit xətti müqaviləsi üzrə İddiaçı öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05183 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, İddiaçı, Cavabdeh, X5, X3 və Zalov Nazim Abdulhüseyn oğlu kredit xətti müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədilə "xxxx" QSC ilə zaminlik müqaviləsi bağlayaraq borclunun kreditor qarşısında olan öhdəliklərini öz üzərilərinə götürmüşlər, götürülən kredit borclular tərəfindən ödənilmədiyindən "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsilə cavabdehlər İddiaçı, Cavabdeh, X5, X3 və Zalov Nazim Abdulhüseyn oğlundan müştərək qaydada 19393,55 ABŞ dolları məbləğində kredit borcu, 7167,54 ABŞ dolları hesablanmış faiz, 5000 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə, 31561,09 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının "xxxx" QSC-nin xeyrinə tutulması, tələbin ünvan 1 ünvanında yerləşən 0,05183 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması” barədə xx.xx.2021-ci il tarixli müqavilədən müəyyən olunur ki, "xxxx" QSC ünvan 1 ünvanında 0,05183 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini 35062,50 manata əldə etmişdir. Fizuli rayon Məhkəməsinin 2(064)-83/2024 saylı xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə cavabdeh İddiaçı 35062,50 manat və ödənilmiş dövlət rüsumuna görə 157,4 manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 1068/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Fizuli rayon Məhkəməsinin 2(064)-83/2024 saylı xx.xx.2024-cü il tarixli Qətnaməsi apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3880/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1068/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh 05 aprel 2017-ci il tarixdə İddiaçı ilə aralarında şəxsi münasibətlər zəminində sonuncuya dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur. Onun bədənində aşkar edilmiş xəsarətlər Cavabdeh əlində olan tüfəngin ehtiyatsızlıqdan açılması nəticəsində güllənin İddiaçı sol qoluna dəyərək yaralanması nəticəsində əmələ gəlmişdir, nəticədə Məhkəmə-Tibbi Ekspertiza və X2 Beyləqan rayon şöbəsinin xx.xx.2017-ci il tarixli rəyinə əsasən, İddiaçı bədəni üzərində-sol bazu nahiyəsinin yuxarı üçdə-birinin kor odlu silah yaralanması, bazu sümüyünün fraqmentləri yerini dəyişmis açıq sınığı və sol mil sinirinin parezi aşkar olunmuş, qeyd edilən xəsarətlər patronu mərmi (güllə) ilə doldurulmuş odlu silahdan açılmış bir atəs nəticəsində törənmişdir. Beyləqan Rayon Məhkəməsinin 1(020)-89/2017 saylı 06 dekabr 2017-ci il tarixli Hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" QSC İddiaçı 30000 ABŞ dolları məbləğində kredit vermiş, İddiaçı öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05183 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, götürülən kredit borclular tərəfindən ödənilmədiyindən Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə borcun ünvan 1 ünvanında yerləşən 0,05183 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi qət edilmiş, "xxxx" QSC ünvan 1 ünvanında 0,05183 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini 35062,50 manata əldə etmişdir. Fizuli rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə İddiaçı 35062,50 manat və ödənilmiş dövlət rüsumuna görə 157,4 manat məbləğində pul tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Fizuli rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qətnaməsini apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən xx.xx.2024-cü il tarixli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsini dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hesab edir ki, onun bank qarşısında öhdəliklərinin yerinə yetirilməməsi cavabdeh tərəfindən onun sağlamlığına vurulmuş zərərlə bağlıdır və ona görə də mənəvi zərər hesablanarkan bu amil nəzərə alınmalıdır. Bununla belə, hadisənin baş verməsində cavabdehin təqsirli, hüquqazidd əməlini istisna edən, hadisə nəticəsində iddiaçıya mənəvi ziyan dəyməsini istisna edən hallar məhkəmə tərərindən müəyyən olunmadı. Məhkəmə, “İddiaçı sağlamlığına vurulmuş maddi zərərə” münasibətdə qeyd edir ki, cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçıya maddi zərər vurulması təkzibolunmazdır, lakin məhkəmə araşdırması zamanı iddiaçı cavabdehin əməli nəticəsində maddi itkilərə məruz qalması ilə əlaqədar məhkəməyə hər-hansı sübut təqdim edə bilməmişdir, yəni iddiaçı öz tələblərinin əsası kimi istnad etdiyi hallarla bağlı sübut etmə vəzifəsi daşıdığı halda, onun tərəfindən sağlamlığına dəymiş ziyana görə çəkdiyi maddi xərclərə dair, həmçinin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmamasına dair mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş və belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə, iddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin qanunsuz hərəkəti iddiaçının sağlamlığına birbaşa zərər vurması, həmçinin bu əməlin törədilməsi üsulu, zərərin yetirildiyi bədən nahiyəsi, əməl törədilən zaman istifadə edilən vasitələr onda mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiya yaranmasına səbəbdir ki, bu da mənəvi zərərin yaranması üçün əsasdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində kompensasiya tələb etməkdə haqlı olmuşdur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə, mənəvi zərərə görə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə isə hesab edir ki, bu zaman zərərin ehtiyatsızlıqdan törədilmiş əməl nəticəsində yaranması, hazırda sağlamlığa vurulmuş zərərin əlilliklə nəticələnməməsi və digər diqqətəlayiq hallar nəzərə alınmalı, kompensasiya məbləği 5000 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. ...Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. ...Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Beləliklə məhkəmə, təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbi qismən təmin edilməli, Cavabdeh mənəvi ziyanın əvəzi kimi 5000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, iddia tələbini həcmi (5000 manat) nəzərə alınaraq 70 manat ondan alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh mənəvi ziyanın əvəzi kimi 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 70 (yetmiş) manat tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar