Məhkəmə qərarları › İş №2(011)-536/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-536/2023

05.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-536/2023 05.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (Bundan sonra - iddiaçı) Cavabdeh (Bundan sonra - cavabdeh) qarşı “istifadə hüququna xitam verilməsi və cehiz əmlaklarının mənzildən çıxarılması” barədə, cavabdehin iddiaçıya qarşı “mənzilə istifadə hüquqlarının tanınması və mənzilə köçürülmə” barədə iddialarına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, məhəllə 2944A, 4.5 saylı evdə yerləşən, 99 saylı mənzilə (bundan sonra – Mənzil) dair iddiaçının oğlu X4 ilə "xxxx" ASC arasında xx.xx.2011-ci il tarixdə 13577 saylı müqavilə bağlanmış, sonuncu tərəfindən Mənzilin dəyəri olan 38844 manat pulun Ceyhun Məmmədov tərəfindən ödənilməsi barədə xx.xx.2011-ci il tarixli Maaliyə arayışı da verilmişdir.

2. Daha sonra, iddiaçı, "xxxx" ASC və Ceyhun Məmmədov arasında xx.xx.2019cu il tarixdə Əlavə Razılaşma izalanmış, həmin Razılaşmaya əsasən Ceyhun Məmmədov Mənzilə dair bütün hüquqlarını və öhdəlikələrini iddiaçıya ötürmüş, eyni zamanda həmin tarixdə iddiaçı ilə "xxxx" ASC arasında həm də Mənzilin nömrəsnin, dəyişdirilməsi, “99” olması barədə Razılaşma imzalanmış və xx.xx.2021-ci il tarixdə Mənzilə dair borcun olmaması barədə 0544 saylı ikinci Maaliyə arayışı verilmişdir.

3. Mənzilə dair (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 186, M2, M2) iddiaçının mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona Çıxarış (qeydiyyat nömrəsi: **********) verilmişdir.

4. Cavabdeh iddiaçının keçmiş gəlini, X1 arvadı olmuş, Ceyhun Məmmədovla xx.xx.2015-ci il tarixdə nikaha daxil olduqdan sonra mübahisəli Mənzilə gəlin köçmüş və 2022-ci ilin əvvəlinədək orada yaşamışdır. Cavabdehlə Ceyhun Məmmədovun nikahları Bakı şəhri Xətai Rayon Məhkəməsinin 2(011)-2432/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

İddia ərizələrinin və ona etirazın dəlilləri:

a) İddiaçının iddia ərizəsinin dəlilləri

5. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, X.Məmmədov küçəsi, məhəllə 2955A, ev 4.5, 99 mənzilə dair Cavabdeh isitifadə hüququna xitam verilməklə, qeydiyyatdan çıxarılmasına və cavabdehə məxsus cehiz əmlaklarının çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh ailə qurduqdan sonra mülkiyyət hüququ ilə ona məxsus Mənzildə oğlu Ceyhunla birgə yaşamışdır. 2021-ci ilin may ayında cavabdeh onun ərizəmə Mənzildə qeydiyyata alınmışdır. 11 yanvar 2022-ci il tarixdə cavabdehlə oğlu arasında yaranmış narazılıq nəticəsində valideynlərinə məxsus, ünvan 1 ünvanında yerləşən mənzilə getmiş və həmin tarixdən orada yaşayır. Cavabdehlə oğlu arasındakı nikah məhkəmə tərəfindən pozulmuş, məhkəmə qətnaməsi qüvvəyə minmişdir. 20.10 2022-ci il tarixdə rəsmi olaraq nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdeh 11 yanvar 2022-ci il tarixdən bu günə kimi onun Mənzilində faktiki yaşamır, formal qeydiyyatdadır. Baxmayaraq ki, o, cavabdehə qeydiyyatdan çıxması və cehiz əmlakının cıxarılmasını cavabdehə bildirmişdir.

b. Cavabdehin iddia ərizəsinin dəlilləri:

7. Cavabdeh İddiaçı qarşı özünün və xx.xx.2017-ci il təvəllüdü oğlu X3 istifadə hüquqlarının tanınmaqla Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, məhəllə 2944A, 4.5 saylı evdə yerləşən, 99 saylı mənzilə köçürülmələri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Cavabdeh iddia ərizəsində qeyd etmişdir ki, iddiaçının oğlu ilə xx.xx.2015-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş və mübahisəli Mənzilə gəlin köçmüşdür. Bir müddət münasibətləri yaxşı olsa da, sonradan yaranmış daxili münaqişələr nəticəsində ailələri dağılmış və məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahlarının pozulması üçün məhkəməyə müraciət etdiyi zaman həyat yoldaşı onları evdən qovmuş və hazırda azyaşlı oğlu birlikdə qaraşına məxsus mənzildə yaşayır. Oğlunun maddi və mənəvi cəhətdən təmin olunması üçün çox çətinlik çəkir. Qaynanası ilə aralarında heç vaxt narazılıq olmamışdır və həyat yoldaşım ilə yaşadıqları dövrdə də mehriban olmuşlar. Oğlumun təlabatını təmin etməsi üçün kifayət qədər vəsait tələb olunur. Bütün öhdəliklər onun üzərimdə qalmışdır. Oğlunun saxlanılması, mənzil ilə təmin olunması üçün nənəsi olan cavabdehin də üzərinə müəyyən öhtəliklər düşür.

Məhkəmə iclasında verilən izahatlar:

9. Nümayəndəsi məhkəmə baxışı zamanı iddiaçının iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini, cavabdehin isə iddia ərizəsinin rədd edilməsini xahiş etdi

10. Nümayəndəsi cavabdehin iddia ərizəsinə uyğun izahat verərək təmin olunmasını, iddiaçının isə iddiasının rədd edilməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

12. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

13. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

14. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

15. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

20. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası qismən əsaslı, Cavabdeh iddiası isə əsassızdır.

21. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

22. İşin mübahisəsiz hallarından göründüyü kimi, Mənzilə dair müqavilə əvvəllər, hələ nikahdan öncə, yəni 2011-ci ildə iddiaçının oğlu Ceyhun Məmmədovla bağlanmış, Mənzilin dəyəri ilk dəfə müqavilə bağlanarkən ödənilmiş, 2015-ci ildə cavabdeh mübahisəli Mənzilə gəlin köçmüş, sonrardan, xx.xx.2019-cu il tarixdə müqavilə iddiaçının adına dəyişdirilmiş, xx.xx.2021-ci il tarixdə isə iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bakı şəhri Xətai Rayon Məhkəməsinin 2(011)-2432/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlə Ceyhun Məmmədovun nikahları pozulmuşdur.

23. Tərəflər arasında hüquq münasibətlərinin yaranma zamanı nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələblərinin “istifadə hüququna xitam verilməsi, istifadə hüququnun tanınması və mənzilə köçürmə” hissələrində mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) § 13, 14 və 15-də göstərilən müddəaları tətbiq olunacaqdır.

24. Mənzil Məcəlləsinin adı çəkilən müddəalarından açıq şəkildə görünür ki, qanunverici yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin mənzildən istifadə hüquqlarının yaranmasını və davam etməsini ailə münasibətlərinin mövcudluğu (varlığı) ilə bağlamışdır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsi isə mülkiyyətçinin ailə üzvlərini 2 qrupa ayırır. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar.

25. Cavabdeh iddiaçının gəlini olduğundan onun sonuncuya münasibətdə, hətta yaşadığı müddətdə belə, Mənzilə dair istifadə hüququ yaranmamışdır. Çünki Mənzil Məcəlləsinin yuxarda göstərilən müddəasının mənasına görə cavabdeh iddiaçının ailə üzvü kateqoriyasına daxil deyil.

26. Həmçinin, Mənzil Məcəlləsinin 30.1-ci maddəsi baxımından cavabdeh iddiaçıya münasibətdə onun digər qohumu da hesab edilə bilməz.

27. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

28. Ailə Məcəlləsinin 15-ci Fəsli ailənin başqa üzvləri, yəni qardaş və bacılar (yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan) arasında (maddə 88), baba-nəvə və ya nəvə-baba (maddə 89 və 90), yetirmələrin öz tərbiyəçiləri (maddə 91), ögey oğul və qızlarla ögey ata və ana (maddə 92) arasında yaranmış aliment öhdəliklrini nəzərdə tutur. İşin isə mübahisəsiz halıdır ki, cavabdehlə iddiaçı arasında belə bir öhdəlik münasibətləri yoxdur. Odur ki, cavabdehin iddiaçıya məxsus Mənzildən “digər qohumlar” kimi istifadə hüququ da mövcud deyil.

29. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Mənzildə pasport qeydiyyatında olmasını əsas gətirərək istifadə hüququnun tanınmaqla Mənzilə köçürülməsini tələb etməkdə haqlı deyil, çünki bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2018-ci il tarixli Qərarında qeyd edi ki, yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun mənzillə bağlı münasibətləri tənzimləmir və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas deyildir.

30. Bundan başqa, cavabdehin 2015-ci ildə mübahisəli Mənzilə gəlin köçməsi və Mənzilin də xx.xx.2019-cu il tarixdək iddiaçının oğlu və əri Ceyhun Məmmədovun sahibliyində olduğu nəzərə alınmaqla istifadə hüququnun yaranmasını fərz etsək belə, bu halda da cavabdehlə Ceyhun Məmmədov arasında nikahın pozulması ilə onun Mənzilə istifadə hüququna xitam verilmişdir. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi imperativ olaraq müəyyən edir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bu qaydadan isə 2 istisna var: 1) istifadə hüququnun saxlanması üçün keçmiş ailə üzvləri arasında razılaşmanın olması və 2) yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmə qərarı əsasında müvəqqəti saxlanması. İkinci halda məhkəmə keçmiş ailə üzvünün maddi vəziyyətini və diqqətə layiq digər halları nəzərə ala bilər. Diqqətə layiq olan halların nədən ibarət olması qanunvericilikdə göstərilməsə də, məhkəmə hesab edir ki, bu hallar, məsələn, keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus yaşayış sahəsində yaşamağa davam etməsi, yaxud onun fəaliyyət qabuliyyəti, yaxud əmək qabiliyyəti ilə bağlı əsasların olması və s. ola bilər. Adı çəkilən müddəada nəzərdə tutulan istisna hallarla bağlı isə iddiaçı tərəf məhkəməyə sübut təqdim etməmişdir.

31. İşin mübahisəsiz halıdır ki, cavabdehlə Ceyhun Məmmədovun nikahı xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. Bu nikahın pozulması isə cavabdehin istər Ceyhun Məmmədovla, istərsə də iddiaçı ilə ailə münasibətlərinə xitam verilməsi ilə nəticələnmişdir.

32. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, cavabdehin nə iddiaçının ailə üzvü, nə də digər qohumu olmadığından onun sonuncuya məxsus Mənzilə istifadə hüququ da yaranmamışdır. Bu halda, İddiaçı cavabdehin Mənzilə dair mövcud olmayan istifadə hüququna xitam verilməsi barədə iddiası təmin oluna bilməz.

33. Lakin məhkəmə hesab edir ki, qanuni qüvvəyə mindikdən sonra hazırkı qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir.

34. Məhkəmə hesab edir ki, İddiaçı iddiası cavabdehə məxsus cehiz əşyalarının Mənzildən çıxarılmasına dair hissədə əsaslı olduğundan təmin edilməlidir.

35. Məhkəmə qeyd edir ki, cavabdehin özünə məxsus cehiz əşyalarını götürməməsi və həmin əşyaların Mənzildə saxlanılması iddiaçının mülkiyət hüquqlarının pozulmasına səbəb olur və həmin əşyaların uzun müddətə Mənzildə qalması iddiaçını qeyri-müəyyən müddətə məsuliyyət yükü altında saxlayır. Çünki istər konstitusion müddəalar, istərsə də digər qanunvericilik müddəaları mülkiyyətçiyə öz əmlakından istədiyi kimi istifadə etmək, sahiblik etmək, həmin əmlakdan digər şəxslərin istifadəsinə yol verməmək, habelə bu hüquqlarını həyata keçirməkdən ötrü əmlakının müqəddəratını həll etmək imkanını tanıyır. Mülkiyyətə qanunsuz müdaxilə, yaxud onun sahibinin digər hüquqlarının həyata keçirilməsinə istənilən maneənin yaradılması isə qanunla qadağan hüquq pozuntusudur. Odur ki, iddiaçı cavabdehə məxsus cehiz əşyalarının Mənzilindən çıxarılmasını tələb etmək haqlıdır.

36. Məhkəmə Cavabdeh iddiasına münasibətdə onun əsassız olduğunu hesab edir. Məhkəmə qeyd edir ki, cavabdehin özünün “istifadə hüququnun tanınmaqla Mənzilə köçürülməsi” hissəsində iddiası İddiaçı ona qarşı “istifadə hüququna xitam verilməsi” iddiası ilə mahiyyət və məzmunca eynilik təşkil edir. Bu səbəbdən, İddiaçı “istifadə hüququna xitam verilməsi” barəsində iddiası yuxarıda hüquqi qiymət verilməklə ətraflı şərh edildiyindən, məhkəmə cavabdehin “istifadə hüququnun tanınmaqla Mənzilə köçürülməsi” hissəsində iddiasına eyni əsaslarla hüquqi qiymət verilməsinə, təkrarçılıq yaradacağından zərurət görmür.

37. O ki qaldı cavabdehlə Ceyhun Məmmədovun birgə nikahlarından doğulmuş azyaşlı Vaqif Məmmədovun istifadə hüququnun tanınmaqla Mənzilə köçürülməsinə, məhkəmə bu hissədə də iddianın təmin olunmaması qənaətinə gəlir və bununla bağlı aşağıdakıları qeyd edir.

38. Qanunvericilik müəyyən edir ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir (Ailə Məcəlləsinin 60.4-cü maddəsi). Həmçinin, Mülki Məcəllənin 27.2ci maddəsində götərilir ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Eyni hüquqi mövqe “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində müəyyən edilmişdir. Həmin maddədə də göstərilir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

39. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2432/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, nikah pozulduqdan sonra birgə nikahından doğulmuş Vaqif Məmmədov cavabdehin yanında saxlanılmışdır.

40. İşin qeyd edilən hallarını, eləcə də, məhkəmə qətnaməsi əsasında uşaqların iddiaçının yanında saxlanılmaqla, yaşayış yerlərinin iddiaçının yaşayış yeri olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi uşaqların mübahisəli mənzilə istifadə hüquqlarının tanınması və onların Mənzilə köçürülməsi hissəsində də təmin oluna bilməz.

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilsin. İddiaçı Cavabdeh Bakı şəhəri Xətai rayonu, X.Məmmədov küçəsi, məhəllə 2955A, ev 4.5, 99 saylı mənzilə dair isitifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh Bakı şəhəri Xətai rayonu, X.Məmmədov küçəsi, məhəllə 2955A, ev 4.5, 99 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Cavabdeh məxsus cehiz əşyaları - taxt-1 ədəd (2 nəfərlik); dolab-1 ədəd; termo-1 ədəd; tumba- 2 ədəd; termo oturacağı-1 ədəd; döşək-1 ədəd (2 nəfərlik); yastıq- 2 ədəd; yorğan-1 ədəd (2 nəfərlik); lampa-2 ədəd; pəncərə örtüyü- 2 ədəd; çilçıraq-1 ədəd; qalın odeyal-1 ədəd; taxt örtüsü-1 ədəd; döşək-1 ədəd (1 nəfərlik); yorğan-2 ədəd (1 nəfərlik); yastıq-4 ədəd; döşək (qoruyucu)-1 ədəd (2 nəfərlik); matras-1 ədəd (2 nəfərlik); divan-1 ədəd; kamot-1 ədəd; qoyka-1 ədəd; tv-stendt-1 ədəd; stol-1 ədəd; stul- 6 ədəd; pəncərə örtüyü-1 ədəd; çılçıraq-1 ədəd; süfrə-2 ədəd; divan yastığı-3 ədəd; xalça-4 ədəd (versaci); bokal-18 ədəd; xrustal bokal-16 ədəd; qədəh-4 ədəd; xrustal mürəbbə qabı - 4 ədəd; xrustal güldan-1 ədəd; xrustal qənd qabı-2 ədəd; xrustal tort qabı-1 ədəd; xrustal meyvə qabı-1 ədəd; termos-1 ədəd; tefal çaynik-1 ədəd; vaza-1 ədəd; boşqab-18 ədəd (6 aş, 6 dolma və 6 salat üçün); xrustal stakan-12 ədəd; dəm çayniki-1 ədəd; xrustal kül qabı-1 ədəd; ləpə qabı-1 ədəd; nəlbəki-6 ədəd; çaşka-5 ədəd; "Madonna" çaşka-6 ədəd; "Madonna" nəlbəki-3 ədəd; "Madonna" dəm çayniki-1 ədəd; "Madonna" boşqab-6 ədəd; "Madonna" tort boşqabı-1 ədəd; "2 mərtəbəli" peçenie qabı-1 ədəd; şüşə boşqab-6 ədəd; yemək dəsti: boşqab-52 ədəd; dovğa qabı-1 ədəd; çay fincanı-6 ədəd, 6 ədəd nəlbəkisi; qəhvə fincanı-6 ədəd, 6 ədəd nəlbəkisi; podnos-1 ədəd; qaşıq dəsti-1 qutu; qaşıq-bıçaq dəsti-1 qutu; bıçaq dəsti-1 qutu; skatert-1 ədəd; ləpə qabı-1 ədəd; kompot dəsti -1 korobka; meyvə şirəsi çəkən maşın-1 ədəd; mikser-1 ədəd; mikrodalğalı soba-1 ədəd; qazan (qırmızı rəngli)-1 ədəd; ətçəkən maşın-1 ədəd; ütü-1 ədəd; 5 ədəd qazandan ibarət "Şirəli" qazan dəsti-1 ədəd; boşqab-14 ədəd; ütü stolu-1 ədəd; tozsoran-1 ədəd; televizor- 1 ədəd; uşaq çarpayısı (beşik)-1 ədəd; divardan asılan, çərçivəyə yerləşdirilmiş şəkil-3 ədəd - İddiaçı məxsus Bakı şəhəri Xətai rayonu, X.Məmmədov küçəsi, məhəllə 2955A, ev 4.5, 99 saylı mənzildən çıxarılsın. Cavabdeh İddiaçı qarşı azyaşlı övladı X5 ilə birlikdə istifadə hüquqlarının tanınmaqla, Bakı şəhəri Xətai rayonu, X.Məmmədov küçəsi, məhəllə 2955A, ev 4.5, 99 saylı mənzilə köçürülməsi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar