Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5388/2020 17.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, İddiaçı cavabdeh Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı “icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4399/2013 saylı xx xxxxxx 2013-cü il tarixli qətnaməsi əsasında verilən icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi, borclu X1 barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarılması və bu barədə prokurora xəbər verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx xxxxxxxx 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən güman edilən hərəkətsizliyə yol verildikdə, onun müahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməli məsələdir. Ona görə də, iddiaçı (icra icraatında tələbkar) müvafiq əsasların mövcudluğunda icra məmurunun hərəkətsizliyi məsələsinə qiymət verilməsi üçün icra icraatına nəzarət edən məhkəməyə müraciət etməlidir. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (yəni, icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının müəyyən edilmiş xüsusi qaydası şəklində, MPM-in 231-ci maddəsinin tələbləri qaydasında) müraciət etməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsində ayrıca iddia qaldırmışdır. Halbuki, belə iddialara iddia icraatı qaydasında baxılması yol verilməzdir. Odur ki, iddiaçı (tələbkar) icra icraatına nəzarət edən məhkəməyə müraciət edərək MPM-in 231-ci maddəsinin tələbləri qaydasında məsələ qaldıra bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mövcud iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Odur ki, iddia tələbinin həmin hissəsində iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina etməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə olan halda, iddiaçının hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Odur ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya (tələbkara) icra icraatına nəzarət edən məhkəməyə (yəni, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə) müraciət edərək MPM-in 231-ci maddəsinin tələbləri qaydasında məsələ qaldırmaq hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152 və 153-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı “icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi” barədə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya icra icraatına nəzarət edən məhkəməyə müraciət edərək MPM-in 231-ci maddəsinin tələbləri qaydasında məsələ qaldırmaq hüququnun olması izah olunsun. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5388/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5388/2020
17.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver