Məhkəmə qərarları › İş №2(011)-5392/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5392/2024

30.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5392/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-nə və Cavabdeh1 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-nə və Cavabdeh1 qarşı – cavabdehlər Cavabdeh1 4.000 manat maddi, 4.000 manat mənəvi, Cavabdeh2ndən isə 1.000 manat maddi, 1.000 manat mənəvi ziyanın və ödənilmiş 120 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərardan görünür ki, fiziki şəxs Cavabdeh1 (FİN: xxxxxxx) xx.xx.1985-ci ildə Qazax rayonu, Orta Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci madəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Belə ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Cavabdeh1 tərəfindən pozulması nəticəsində xx.xx.2023-cü il tarixində saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında yerləşən “Marin Group” şirkətinə məxsus “Xəzər Evləri” layihəsi üzrə yeni tikilən binadan taxta parçasının düşərək İddiaçı dəyməsi nəticəsində o baş-beyin silkələnməsi, başın sol alın-təpə nahiyəsinin əzilmiş yarası, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X3 şəxsin 97 nömrəli ekspert rəyində göstərilmişdir ki, “vət. İddiaçı məhkəmə-tibbi ekspertizasına və adına tərtib edilmiş tibbi sənədlərə əsasən hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun aşağıdakı nəticəyə gəlinmişdir: l.Vət. İddiaçı başbeyin silkələnməsi, başın sol alın-təpə nahiyəsinin əzilmiş yarası, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-kül əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. 2. Vət. İddiaçı müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1475 nömrəli ekspert rəyində göstərilmişdir ki, “Xətai rayonu, Gəncə prospekti 99 ünvanında tikilməkdə olan 11 mərtəbəli binada konstruksiyaların dayanıqlı vəziyyətdə bərkidilməsinin təmin olunmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Qərarın birinci, ikinci və dördüncü sualları üzrə: Baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları İİİ-4-

80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalarının 12.12 bəndinin tələbləri pozulmuşdur. Xətai rayonu, Gəncə prospekti 99 ünvanında yerləşən tikilməkdə olan 11 mərtəbəli binada konstruksiyaların dayanıqlı vəziyyətdə bərkidilməsi təmin edilmədiyinə görə, “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalarının 12.12 bəndinin tələbləri iş materiallarında olan xx.xx.2023-cü il tarixli 14 07/23 nömrəli müqaviləyə əsasən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə lazımi tədbirlərin cavabdehliyi üzərinə götürmüş (podratçı) fiziki şəxs Cavabdeh1 tərəfindən pozulmuşdur. Hadisənin baş vermə səbəbi nəzərə aldıqda, zərərçəkmiş şəxs tərəfindən texniki təhlükəsizlik qaydalarının və ya əməyin mühafizəsinə dair təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 1.000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh1 apellyasiya qaydasında şikayət versə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Xətai rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, araşdırma zamanı izahat vermiş Cavabdeh1 Cavabdeh2 MMC ilə aralarında bağlanan podrat müqaviləsinə əsasən təhlükəsizlik tədbirlərinin təmin olunması və hər hansı üçüncü şəxsə dəymiş ziyana görə məuliyyətinin onun üzərində olduğunu bildmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında izahatı əks edilmiş Cavabdeh1 eyni mövqedə olmuş, əlavə olaraq bildirmişdir ki, zərərçəkmişin tibbi xərcləri üçün bəzi ödənişlər onlar tərəfindən həyata keçirilmişdir. Həmin qərardan verdiyi şikayətində də onun tibbi xərclərinin özü tərəfindən çəkilməsi göstərmişdir. İddiaçıya göstərilən tibbi yardımla əlaqədar nə Cavabdeh1 özü, nə də onun göstərişi ilə heç kim tibbi xərclərini ödəməmişdir. İddiaçının hadisədən sonra hansı vəziyyətdə olması iddiasına əlavə etdiyi fotoşəkillər və ekspertiza rəyindən aydın görünür. Hadisə baş verəndən sonra oradakı fəhlələr onun qan içində olduğunu görsələr də, qaçıb gizlənmiş, heç kimə məlumat verməmişlər. Sonradan ətrafda olan insanların vasitəsilə ilə təcili yardım çağırılmış və tibbi yardım göstərilmişdir. Hadisə vaxtı onun ayaqqabısı təqdim etdiyi fotoşəkildən göründüyü kimi yararsız vəziyyətə düşmüş və qulağındakı sırğanın bir tayı düşüb itmişdir. Uzun müddət müalicə olunmuşdur. Tibbi yardım və müalicəsi ilə əlaqədar xeyli miqdarda xərci çıxmışdır. Mülaciəsi ilə əlaqədar dərmanların alınmasında 1.021 manat xərcləmişdir ki, bu da iddiasına əlavə etdiyi çeklərin məzmunu ilə təsdiq edilir. İddiasına əlavə etdiyi reseptlərdə göstərilən elə dərmanlar var ki, onları almağa onun maddi vəsaiti çatmamışdır. Onların qiyməti resept üzərində qeyd edilmişdir. Hal-hazırda həmin xəsarətlərin fəsadları, alnında, üzündə və boyun hissəsində qalmışdır ki, onlar da ona qadın olaraq çox pis görüntü yaradır. Onları aradan qaldırmaq üçün bir neçə kosmetoloji tibb müəssisələrinə müraciət zamanı bildirdimişdir ki, bunun aradan qaldırılması üçün 1500 manat vəsait tələb olunur. Hesab edir ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Cavabdeh1 tərəfindən onların pozulması nəticəsində ona yuxarıda göstərdiyi hallar üzrə onun qarşısında həm maddi, həm də mənəvi zərərlə bağlı məsuliyyət daşıyıcısıdır. Onun bu təqsirli hərəkəti nəticəsində iddiaçı sağlamlığını itirmiş, hazırki vaxta kimi müalicələri davam edir, bununla bağlı yazılan dərmanların çoxunu almaqda maddi çətinlik çəkir. Həmçinin paltarları, ayaqqabısı cırılıb, qızıl sırğası itib. Həmin qızıl sırğanın bir tayının və qiymətini əks etdirən birkanı iddiasına əlavə edir. Ümumilikdə hesab edir ki, cavabdeh ona 4.000 manat məbləğində maddi ziyanını ödəməlidir. Həmçinin hesab edir ki, Cavabdeh1 tərəfindən ona vurulmuş mənəvi ziyan da ödənilməlidir. Belə ki, onun təqsirli hərəkətləri nəticəsində beyninin silkələnməsi ilə müşayiət olunan xəsarətlər nəticəsində iddiaçı əsəb gərginliyi, psixoloji, fiziki və mənəvi sarsıntılar, iztirablar keçirmişdir. Bu hadisə ilə bağlı əlil ola biləcəyi fikirlər, eləcə də uzun müddət aktiv həyat fəaliyyətinin məhdudlaşdırılması onu depressiyaya salmışdır. Hadisə baş verəndən sonra özünü təmizə çıxarmaq niyyəti ilə araşdırma aparan prokurorluq və məhkəmədə qeyri-səmimilik göstərərək güya onun tibbi xərclərini ödəməsinə dair yalan məlumatlar vermiş, bir sözlə hadisədə təqsirkar olduğu halda ona zərərçəkmiş kimi laqeyd münasibət bəsləmiş, həttə cərimə olunduqdan sonra ona şikayətində göstərdiyi məzmunda şər və böştan atmaqdan belə çəkinməmişdir. Göstərilənlənlər iddiaçıya mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və hesab edir ki, bu faktın əlavə sübuta ehtiyacı yoxdur. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyanın vurulması ilə mənəvi ziyanın vurulması arasında səbəbli əlaqə mövcuddur. Belə olan halda Cavabdeh1 pna vurduğu mənəzi ziyanın məbləğini 4.000 manat məbləğində qiymətləndirir. Eyni zamanda hesab edir ki, Cavabdeh2 də onun qarşısında maddi və mənəvi ziyanla bağlı məsuliyyət daşıyıcıdır. Belə ki, onlara məxsus inşa edilən binada təhlükəsizlik tədbirlərinin təmin olunması podrat müqaviləsi ilə icraçının üzərinə düşsə də, MMC olaraq texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edilməsi kimi vəzifəsini həyata keçirməməsi nəticəsində bu qaydaların Cavabdeh1 tərəfindən pozulması nəticəsində o, yuxarıda göstərilən xəsarətlər almaqla maddi ziyana düşərək mənəvi sarsıntılar keçirmiş və bu ziyanlar hazırki vaxta kimi davam edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq o bildirmişdir ki, hadisə ilə bağlı heç kim onun tibbi xərclərini ödəməmişdir. İddiaçının hadisədən sonra hansı vəziyyətdə olması iddiasına əlavə etdiyi fotoşəkillərdən görünür. Hadisə baş verəndən sonra oradakı fəhlələr onun qan içində olduğunu görsələr də, qaçıb gizlənmiş, heç kimə məlumat verməmişlər. Sonradan ətrafda olan insanların vasitəsilə ilə təcili yardım çağırılmış və tibbi yardım göstərilmişdir. Hadisə vaxtı onun ayaqqabısı təqdim etdiyi fotoşəkildən göründüyü kimi yararsız vəziyyətə düşmüş, telefonu sınmış və qulağındakı sırğanın bir tayı düşüb itmişdir. Uzun müddət müalicə olunmuşdur. Müalicəsi ilə əlaqədar xeyli miqdarda xərci çıxmışdır. Həmin xəsarətlərin fəsadları, alnında, üzündə və boyun hissəsində qalmışdır ki, onlar da çox pis görüntü yaradır. O, sağlamlığını itirmişdir, hazırki vaxta kimi müalicələrini davam edir, bununla bağlı yazılan dərmanların çoxunu almaqda maddi çətinlik çəkir. Həmçinin paltarları, ayaqqabısı cırılıb, qızıl sırğası itib. Həmin qızıl sırğanın bir tayının və qiymətini əks etdirən birkanı iddiasına əlavə edib. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, lakin onlar (nümayəndələri) məhkəməyə gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, “Ersağ” şirkətində satış təmsilçisi işləyir və onun orada işçi komandası var. Mətanət xanım onun komandasında çalışır və onun bibisi qızıdır. O, Gəncə prospekti, ev 99, mənzil 12-də yaşayır. Hadisə baş verən gün Mətanət xanım ondan məhsulları götürməyə gəlmişdir. Məhsulları götürüb evə gedən zaman həmin ünvanda binadan taxta parçası başına düşmüşdür. Mətanət xanım həqiqətən pis yaralanmışdı, onu xəstəxanaya aparmışlar. Düşən taxta parçası kifayət qədər böyük idi, taxta onun başını, boğazını yaralamış, ayaqqabısı, şubası cırılmış, mobil telefonu qırılmış və sırqası itmişdir. O, xatırladır ki hadisədən öncə İddiaçı üzərində sırğalar olmuşdur. Hadisənin baş verməsinə səbəb olan şəxslər sonradan Mətanət xanımla maraqlanmamışdırlar. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından 21 C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, İddiaçı hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarəti alması nəzərə alınaraq, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması cinayət məsuliyyətinə səbəb olmadığı üçün İddiaçı xəsarət alması ilə bağlı Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilməli, Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati icraat başlaması məsələsinə baxılması üçün araşdırma materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 18 mart 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərarın surətindən görünür ki, fiziki şəxs Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci madəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Həmin qərardan həmçinin görünür ki, araşdırma zamanı Cavabdeh1 izahatında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Xəzər Evləri” layihəsini icraçısı Cavabdeh2 MMC ilə xx.xx.2023cü il tarixdə fiziki şəxs podrat müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən o, yenitikilən binada beton işləri, qəlib işləri və s. digər işləri ustalarla birgə görür. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər həmin ərazidə güclü külək əsdiyindən heç bir təmir işinin aparılması mümkün olmamışdır. Təmir işləri dayanan zaman podrat müqaviləsi ilə öhdəliyinə düşən təhlükəsizlik tədbirlərini görərək kiminsə özbaşına təmirə davam etməsinə icazə vermədiyini bildirmişdir. Belə ki, həmin günlərdə heç kim binada təmir işi görmürmüş. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 MMC-nin işçiləri xx.xx.2023-cü il tarixdə bir qadının başına taxta düşdüyünü və həmin qadının deməsinə görə taxtanın təmir işlərini gördükləri hündürmərtəbəli binadan düşdüyünü bildirmişdir. O, həmin qadının başına taxtanın haradan düşməsi ilə bağlı hər hansı məlumatının olmadığını, MMC ilə aralarında bağlanan podrat müqaviləsinə əsasən təhlükəsizlik tədbirlərinin təmin olunması və hər hansı üçüncü şəxsə dəymiş ziyana görə məsuliyyətin onun üzərində olduğunu bildirmişdir. Araşdırma zamanı X2 izahatında bildirmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Xəzər Evləri” layihəsini tikintisi işə məşğul olan Cavabdeh2 MMC-nin direktorudur. Tikinti işləri ilə bağlı xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ilə podrat müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən Cavabdeh1 yenitikilən binada beton işləri, qəlib işləri və s. digər işləri görür. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər həmin ərazidə güclü külək əsdiyindən heç bir təmir işinin aparılması mümkün olmamışdır. Təmir işləri zamanı təhlükəsizlik tədbirlərinin təmin olunması podrat müqaviləsi ilə iddiaçının üzərinə düşür. Belə ki, həmin günlərdə də heç kim binada təmir işi görmürmüş. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 MMC-nin işçiləri həmin gün bir qadının başına taxta düşdüyünü və həmin qadının deməsinə görə taxtanın tikinti işləri gördükləri hündürmərtəbəli binadan düşdüyünü bildirmişlər. O, həmin qadının başına taxtanın haradan düşməsi ilə bağlı hər hansı məlumatın olmadığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X3 şəxsin 97 nömrəli ekspert rəyində göstərilmişdir ki, “vət. İddiaçı məhkəmə-tibbi ekspertizasına və adına tərtib edilmiş tibbi sənədlərə əsasən hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun aşağıdakı nəticəyə gəlinmişdir: 1. Vət. İddiaçı baş-beyin silkələnməsi, başın sol alın-təpə nahiyəsinin əzilmiş yarası, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. 2. Vət. İddiaçı müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-10/1475 nömrəli ekspert rəyində göstərilmişdir ki, “Xətai rayonu, Gəncə prospekti 99 ünvanında tikilməkdə olan 11 mərtəbəli binada konstruksiyaların dayanıqlı vəziyyətdə bərkidilməsinin təmin olunmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Qərarın birinci, ikinci və dördüncü sualları üzrə: Baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 12.12 bəndinin tələbləri pozulmuşdur. Xətai rayonu, Gəncə prospekti 99 ünvanında yerləşən tikilməkdə olan 11 mərtəbəli binada konstruksiyaların dayanıqlı vəziyyətdə bərkidilməsi təmin edilmədiyinə görə, “Tikinti norma və qaydaları İİİ-4-80. 4cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalarının 12.12 bəndinin tələbləri iş materiallarında olan xx.xx.2023-cü il tarixli 14 07/23 nömrəli müqaviləyə əsasən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə lazımi tədbirlərin cavabdehliyi üzərinə götürmüş (podratçı) fiziki şəxs Cavabdeh1 tərəfindən pozulmuşdur. Hadisənin baş vermə səbəbi nəzərə aldıqda, zərərçəkmiş şəxs tərəfindən texniki təhlükəsizlik qaydalarının və ya əməyin mühafizəsinə dair təlimatların tələblərinin pozulması halı müəyyən edilmir.” İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1093/2024 xx.xx.2024-cü il tarixli saylı qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1.000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan həmçinin görünür ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavabdeh1 izahat verərək göstərdi ki, o, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Xəzər Evləri" lahiyəsinin icraçısı Cavabdeh2 MMC ilə xx.xx.2023-cü il tarixdə fiziki şəxs kimi podrat müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən o, yeni tikilən binada beton işləri, qəlib işləri və s. digər işləri ustalarla birgə görür. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər həmin ərazidə güclü külək əsdiyindən heç bir təmir işinin aparılması mümkün olmamışdır. Təmir işləri dayanan zaman podrat müqaviləsi ilə öhdəliyinə düşən təhlükəsizlik tədbirlərini görərək kiminsə özbaşına təmirə davam etməsinə icazə vermədiyini bildirmişdir. Belə ki, həmin günlərdə də heç kim binada təmir işi görmürmüş. xx.xx.2023-cü il tarixdə “Yaqub-A" MMC-nin işçiləri xx.xx.2023-cü il tarixdə bir qadının başına taxta düşdüyünü və həmin qadının deməsinə görə taxtanın təmir işlərini gördükləri hündürmərtəbəli binadan düşdüyünü bildirmişlər. O, həmin qadının başına taxtanın haradan düşməsi ilə bağlı hər hansı məlumatının olmadığını, MMC ilə aralarında bağlanan podrat müqaviləsinə əsasən təhlükəsizlik tədbirlərinin təmin olunması və hər hansı üçüncü şəxsə dəymiş ziyana görə məsuliyyətin onun üzərində olduğunu bildirmişdir. Bununla belə zərərçəkmişin tibbi xərcləri üçün bəzi ödənişlər onların tərəfindən həyata keçirilmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, tikintidə beton işi ilə məşğul olur və işçilərə nəzarət edir. Qrup rəhbəri kimi müqavilə ilə işləyir. Təhlükəsizliyə o cavabdehdir. Hadisə günü orada olmamışdır, şirkət fəhlələri orada olub, lakin onların işçiləri orada olmayıblar. 18 dekabrda işləyiblər, lakin 19-20 dekabrda küləkli hava olduğu üçün işləməyiblər. Həmçinin bildirir ki, ekspertiza rəyi ilə razıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-763/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin Qərarda qeyd edilmişdir ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Cavabdeh1 tərəfindən pozulması nəticəsində 20 dekabr 2023-cü il tarixində saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında yerləşən “Marin Group” şirkətinə məxsus “Xəzər Evləri” layihəsi üzrə yeni tikilən binadan taxta parçasının düşərək vətəndaş İddiaçı dəyməsi nəticəsində sonuncu başbeyin silkələnməsi, başın sol alın-təpə nahiyəsinin əzilmiş yarası, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları xəsarətləri almışdır. Bununla da, Cavabdeh1 AzərbaycanRespublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan "xxxx" MMC-nin G-09/24-071 saylı xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, qızıl sırğanın bazar dəyəri 1.200 manat, “Samsung A30” markalı mobil telefonun bazar dəyəri 250 manat, bir cüt qış ayaqqabısının bazar dəyəri 100 manatdır. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Xəzər Evləri” layihəsi çərçivəsində tikilməkdə olan binadan düşən taxta parşası İddiaçı dəymiş və sağlamlığına zərər vurmuşdur. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında tikilməkdə olan 11 mərtəbəli binada konstruksiyaların dayanıqlı vəziyyətdə bərkidilməsinin təmin olunmaması müəyyən edilmişdir. Həmin binada tikintiyə nəzarət və təhlükəsizliyin təmin edilməsi üzrə məsuliyyət podrat müqaviləsi əsasında Cavabdeh1 üzərində olmuşdur. Hadisə nəticəsində İddiaçı baş-beyin silkələnməsi, başın sol alın-təpə nahiyəsinin əzilmiş yarası, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edilmiş, xəsarətlərin bərk-küt əşya(lar) təsirindən törənməsi, müddəti qərarda göstərilmiş xx.xx.2023-cü il tarixinə uyğun gəlməsi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edildiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. 1118.2-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, baş vermiş hadisə nəticəsində iddiaçının sağlamlığına zərərin vurulması Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Xəzər Evləri" layihəsi çərçirvəsində tikilməkdə olan binada podratçı olan Cavabdeh1 əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını pozması nəticəsində olmuşdur. Dəymiş zərərin həcminə gəldikdə isə, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzlərdən müəyyən edilir ki, iddiaçı müalicə xərcləri üçün ümumilikdə 908,58 manat xərc çəkmişdir. Qeyd olunmalıdır ki, işdə olan tibbi xərcləri təsdiq edən 293,54 manat, 114,98 manat, 265 manat, 49,56 manat, 79,06 manat, 50 manat, 23,10 manat, 62,40 manat xərclərə dair qəbzlər və 50 manat həkimnevroloq müayinəsinin xərci nəzərə alınmışdır. Hadisə dövrünədək olan müddətə aid 79,06 manat xərclə bağlı qəbz hesaba alınmamışdır. İddiaçının əmlakına vurulan zərərlə bağlı isə 100 manat dəyərində 1 cüt qış ayaqqabısının dəyəri, 250 manat dəyərində “Samsung A30” markalı mobil telefonunun dəyəri və 600 manat müəyyən edilmiş 1 ədəd qızıl sırğanın dəyəri hesablanaraq cəmi 950 manat təşkil etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia maddi zərərin tutulması hissəsində qismən təmin edilərək, iddiaçının sağlamlığına və əmlakına dəymiş maddi zərər iddiaçı tərəfindən sübuta yetirilən həcmdə, yəni 1.808,58 manat məbləğində müəyyən edilərək Cavabdeh1 tutulmalıdır İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Məhkəmə hesab ki, Cavabdeh1 təqsiri üzündən iddiaçının sağlamlığına zərər dəymiş, baş vermiş hadisə zamanı üzərinə düşən taxta parçası onun təkcə fiziki sağlamlığına deyil, həmçinin mənəvi sağlamlığna da zərər vurmuşdur. Belə ki, o, hadisə nəticəsində mənəvi sarsıntılar keçirmiş, şüurunda mənfi hallar yaratmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 təqsirli hərəkətləri ilə iddiaçının sağlamlığna zərərin vurulması nəticəsində onun psixoloji stress və sarsıntı, emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi iş materialları ilə təsdiqini tapır. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir. Məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən işin hallarını nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq 600 manat məbləğində pulun tutulmasını adekvat və ağlabatan hesab edir. Məhkəmə hesab edir ki, iddia tələbləri Cavabdeh2 MMC-nə münasibətdə sonuncunun baş vermiş hadisədə təqsirinin müəyyən edilməməsi səbəbindən təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, hadisə günü, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Xəzər Evləri” layihəsi çərçivəsində tikilməkdə olan binadan taxta parşasının düşərək İddiaçı zərər vurması Cavabdeh1 tikintidə təhlükəsizlik texnikası qaydalarını pozması nəticəsində baş vermişdir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh1 tutularaq iddiaçıya, həmçinin iş üzrə aparılmış qiymətləndirmə hesabatının dəyəri Cavabdeh1 tutularaq "xxxx" MMCnə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Dəymiş maddi zərərin əvəzi olaraq 1.808,58 (bir min səkkiz yüz səkkiz manat əlli səkkiz qəpik) manat və dəymiş mənəvi zərərin əvəzi olaraq 600 (altı yüz) manat olmaqla, cəmi 2.408,58 (iki min dörd yüz səkkiz manat əlli səkkiz qəpik) manat pul məbləği və 120 (bir yüz iyirmi) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Əmlakın qiymətləndirilməsi ilə bağlı məhkəmə xərcinə daxil olan 250 (iki yüz əlli) manat pul məbləği Cavabdeh1 tutularaq "xxxx" MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar