Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-54/2021 15.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mənzilinə, yəni Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 saylı evin 408 saylı mənzilinə vurulmuş maddi zərərə görə 1000 manat məbləğində, eləcə də vurulmuş mənəvi zərərə görə 2000 manat pulun onunnn xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 saylı evin 408 saylı 1 otaqlı mənzilidə yaşayır, qeyd edilən mənzil “xxxx” MMC ilə onun arasında bağlanmış 1250 saylı, xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən onun istifadəsi və sahibliyindədir, onun mənzili tam təmirli vəziyyətdə olmuşdur, yaşadığı çoxmərtəbəli evin yuxarı mərtəbəsində, yəni 9cu mərtəbəsində yerləşən 441 saylı mənzildə yaşayan qonşusu Cavabdeh və onun ailə üzvləri daimi birgə yaşayış qaydalarına riayət etmirlər, 2019-cu ilin yanvar-fevral aylarında yaşadıqları mənzildə dəfərlə ağır əşyaları döşəməyə atmaqla ona maddi zərər vurmuşlar, cavabdehin və ailə üzvlərinin qanunsuz hərəkətləri nəticəsində onun mənzilinin tavanının plastik poduqaları beş yerdən çatlamışdır, daha sonra isə xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən onun mənzilinə su axıdılmışdır, su axıdılması nəticəsində ona məxsus mənzilin otağının, mətbəxinin divar kağızları yararsız vəziyyətə düşmüşdür, o, cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, bu heç bir nəticə verməmişdir, dəfələrlə zərərin əvəzinin ödənilməsi barədə ona müraciət etmiş, lakin o, bundan imtina etməklə yanaşı onu təhqi etmiş və hədə-qorxu gəlmişdir, onun hesablamalarına əsasən mənzilə vurulmuş maddi zərər 1000 manat həcmindədir, göstərilən faktla əlaqədar olaraq onun şikayəti üzrə xx.xx.2019-cu il tarixdə “X1 LTD”-nin direktoru R.Əkbərov, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 saylı evə təsərrüfat xidməti göstərən fiziki şəxs İlyas Əliyev tərəfindən onun mənzilinə baxış keçirilmiş, iştirakları ilə akt tərtib olunmuşdur, məhkəmədən əvvəl müvafiq mübahisə ilə bağlı polisə müraciət etmiş, iş mülki xarakteri daşıdğından məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur, həmçinin qanunsuz hərəkətləri nəticsində ona məxsus əmlaka maddi ziyan dəyməsi ilə yanaşı, mənəvi zərər də vurulmuşdur, mənəvi zərərə görə cavabdehdən 2000 manat pul tutulmasını məqsədəmüvafiq hesab edir, həmçinin, keçirilən ekpertizalardan birinci keçirilmiş xx.xx.2020-ci il tarixli ekpsert rəyi üzrə gəlinmiş nəticələrin düzgün olduğunu düşünür və təkrar keçirilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyi üzrə ekspertin gəldiyi nəticələri qəbul etmir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda onun mənzilindən bir mərtəbə aşağıda yerləşən 408 saylı mənzildə yaşayır, onlar daima öz evlərini kirayəyə vermişlər, qarşı tərəfi həyatında bir neçə dəfə görmüşdür, iddiaçının ağır çəkili yüklərin döşəməyə tullanması ilə bağlı fikrinə münasibətdə qohumları gələrkn onların çemodanları və digər yüləri daşınarkən biraz səsküy olmuşdur, iddiaçı daima onunla yüksək səs tonunda, aqresiv şəkildə danışdığından məsələnin həlinni tapa bilmirlər, iddiaçı tərəfindən mənzilinə ona məxsus hissədən su axıdılması barədə müraciət olunanda o, iddiaçıya usta çağırılmasını, bununla da, bütün zəruri təmir xərclərinin onun tərəfindən qarşılanacağı bildirilmişdir, iddiaçı bu təklifi qəbul etməyərk, onun mətbəx və otağına su sızmasına görə ondan maddi zərərlə yanaşı, mənəvi kompensasiya da tələb etmişdir, iddiaçının evinə çox cüzi miqdarda ziyan dəymişdir, iddiaçıya dəymiş zərərin yarısını ödəməyi təklif etmiş, iddiaçı isə bu təklifi qəbul etməmişdir, iddiaçının evinə heç 100 manatlıq maddi zərər vurulmamışdır, o, iddia tələbini qismən qəbul edərək iddiaçıya 200 manat ödəməyə razıdır, birinci ekspert rəyi ilə razı deyil, məhz buna görə təkrar ekspertizanın keçirilməsinin tərəfdarı olmuşdur, çünki ekspertin gəldiyi nəticə tədqiqatla müəyyən olunmuş hallara uyğun olmadığını hesab edir, ikinci ekspertiza tədqiqatı üzrə verilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyində ekspertin gəldiyi nəticəni qəbul edir. Sonda Cavabdeh qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “X1 LTD” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, şikayət əsasında Xocalı 29, mənzil 408-də yaşayan İddiaçı Etibar qızının evinə baxış keçirilmiş, baxış zamanı mənzilin perimetr boyunca plastik poduqanın çatlamasının şahid olmuşlar. İş materiallarında olan məhkəmə ekspertiza mərkəzinin xx.xx.2020-ci il tarixli 28422 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 saylı evin 408 saylı mənzilinə suyun üst mrətəbədə yerləşən 411 saylı mənzildən sızması müəyyən olunmuş, suyun sızmasının isə 411 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilməsi müəyyən edilmişdir, su sızma nəticəsində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 saylı evin 408 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1121,0 manat məbləğində olduğu müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə ekspertiza mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1314 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 408 saylı mənzilin binanın 8-ci mərtəbəsində yerləşdiyini, cavabdehə məxsus 411 saylı mənzilin isə binanın 9-cu mərtəbəsində yerləşdiyini, 408 saylı mənzilin yaşayış otağının tavanında qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 saylı evin 408 saylı mənzilinə suyun yuxarı mərtəbədə yerləşən 411 saylı mənzildən su sızdığı və nəticədə 408 saylı mənzilin yaşayış otağının tavan hissəsinə ziyan vurulduğu müəyyən olunmuş, 411 saylı mənzildə yerləşən sanitar avadanlıqların və gözlə görünən su, kanalizasiya xətlərinin üzərində hər hansı qüsurlar olmadığını, eləcə də baxış zamanı su sızmasının davam etmədiyini nəzərə alaraq, 408 saylı mənzilə su sızmasının konkret olaraq hansı səbəbdən baş verməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır, lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 408 saylı mənzilə su sızması 411 saylı mənzilin ümumi su, kanalizasiya və ya istilik boru xətlərində qəza yaranması səbəbindən baş verə bilər, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 saylı evin 408 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 196,0 manat məbləğində olduğu müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 saylı evin 408 saylı mənzili İddiaçı, həmin ünvanda yerləşən 411 saylı mənzil isə Cavabdeh məxsusdur, iddiaçıya ona məxsus mənzildən yuxarı mərtəbədə yerləşən 411 saylı mənzildən su sızması nəticəsində ziyan dəymişdir, ziyan mənzilin tavan hissəsinə aiddir, həmin hissənin təmir-bərpa xərcləri 196 manat təşkil edir, iddia tələbi cavabdeh tərəfindən 200 manat həddində qəbul edilir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ekspert rəylərinə münasibətdə qeyd edir ki, xx.xx.2020-ci il tarixli ekspert rəyi üzrə mənzilə ziyan vurulması ümumi şəkildə göstərilsə də, tutulmuş smeta üzrə təmirbərpa üzrə nəzərdə tutulmuş materiallarının dəymiş ziyanla səbəbli əlaqəliliyi barədə hər hansı bir məlumat verilmədiyi halda, xx.xx.2021-ci il tarixli ekspert rəyi üzrə belə ziyanın konkret olaraq mənzilin tavan hissəi ilə əlaqədar olduğu göstərilmiş və buna müvafiq olaraq təmin-bərpa işlərinə dair smeta tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı, dəymiş zərərin məbləği, həmin rəy üzrə ekspertin gəldiyi nəticəyə uyğun olaraq 196 manat həddində qiymətləndirilməsinə baxmayaraq, bu məbləğdən yuxarı olan və iddia tələbi çərçivəsində cavabdehin qəbul etdiyi 200 manat miqdarında müəyyən olunmalıdır. Məhkəmə, iddia tələbinin “mənəvi zərər” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehlərin hüquqa zidd əməli, İddiaçı məxsus olan daşınmaz əmlakına vurulmuş ziyanın aradan qaldırılması və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi satsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və həmin məbləğ İddiaçı dəymiş mənəvi zərərin əvəzi 100 manat həddində qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında formalaşdırdığı presedentə görə, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi kimi 200 manat, vurulmuş mənəvi ziyana görə 100 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert rəyi məhkəmə tərəfindən nəzərə alınmadığından həmin ekspertiza üzrə aparılmış tədqiqatın dəyəri mülki iş üzrə tərəflərə aid edilməməli, iddia tələbi qismən təmin edildiyindən, xx.xx.2021-ci il tarixli ekpert rəyi üzrə keçirilmiş ekspertiza ilə əlaqədar aparılmış tədqiqatın dəyərini təşkil edən 100 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən 408 saylı mənzilə vurulmuş maddi ziyana görə 200 (iki yüz) manat, vurulmuş mənəvi zərərə görə 100 (yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-54/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-54/2021
15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver