Məhkəmə qərarları › İş №2(011)-541/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-541/2025

22.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-541/2025 22.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X8, Cavabdehin vəkili və nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi, iddiaçı Cavabdeh (bundan sonra - cavabdeh) cavabdeh İddiaçı (bundan sonra - iddiaçı) qarşı “mənzilə istifadə hüququnun tanınması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 39 saylı evin 25 saylı mənzili (bundan sonra - Mənzil) əvvəllər xx.xx.1975-ci il tarixli order əsasında iddiaçının əri X3 faktiki sahibliyində olmuşdur.

2. Mənzil iddiaçının ərinin sahibliyində olduğu müddətdə iddiaçının oğlu Zahid Əlixanov və Faidə Əlixanova nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2005-ci il tarixdə cavabdeh doğulmuşdur. Cavabdeh iddiaçının nəvəsidir.

3. Cavabdehin valideynləri arasında bağlanmış nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6576/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikah pozulduqdan sonra cavabdehin anasınınn yanında saxlanılması qət edilmişdir.

4. İddiaçının əri Şərəfəddin Əlixanov xx.xx.2019-cu il tarixdə ölmüşdür. Şərəfəddin Əlixanovun dörd vərəsəsi – iddiaçı (arvadı), Zahid Əlixanov, Elnarə Əlixanova və Səbinə Əlixanova olmuşdur. xx.xx.2021-ci tarixdə bağlanmış payın bağışlanması müqaviləsinə əsasə Zahid Əlixanov, Elnarə Əlixanova və Səbinə Əlixanova öz miras paylarını iddiaçıya bağışlamaları nəticəsində Mənzil iddiaçının tam mülkiyyətinə keçmiş və onun Mənzilə dair mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

5. Cavabdeh hazırda iddiaçıya məxsus Mənzildə pasport qeydiyyatında olsa da, hazırda anası ilə birlikdə yaşayır.

İddia ərizələrinin və ona etirazın dəlilləri:

a) İddiaçının iddia ərizəsinin dəlilləri

6. İddiaçı Mənzildən cavabdehin istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Mənzil onun mülkiyyətindədir. xx.xx.2020-ci il tarixdə adına mülkiyyət hüququ tanınmışdır. Həmin mənzil mərhum həyat yoldaşı X2 ona vərəsəlik yolu ilə keçmişdir. Həyat yoldaşı X5 xx.xx.2019-cu ildə rəhmətə gedib. Cavabdeh onun nəvəsidir. Cavabdeh Mənzildə qeydiyyatdadır, lakin 2017-ci ildən Mənzildə yaşamır. Getdiyi gündən də cavabdehin bütün məktəb ləvazimatları mənzilində qalmaqdadır. Doğma nəvəsi olduğundan dəfələrlə ona bildirmişdir ki, onunla birlikdə yaşasın, lakin cavabdeh mənzildə yaşamaqdan imtina etmişdir. Hətta cavabdeh onunla danışmayaraq əlaqədən həmişə qaçır. xx.xx.2017-ci il tarixli 2(011)-6576/2017 saylı Bakı şəhəri Xətai rayon Məhkəməsinin qətnaməsi ilə oğlu X6 ilə cavabdehin anası X9 ilə aralarında olan nikah pozulmuşdur. Həmin vaxtdan cavabdeh məhkəmənin qətnaməsinə əsasən anasının himayəsinə verilmiş və Mənzildə yaşamır. Cavabdehlə aralarında heç bir notarial qaydada müqavilə olmamışdır. Mənzilin bütün komunal xərclərini iddiaçı ödəyir. Cavabdehin mənzildə qeydiyyatda qalmağı ona maddi cəhətdən ziyan vurduğundan o, əlavə komunal xərcləri ödəmək məcburiyyətində qalır.

b) İddiaçının iddia ərizəsinin dəlilləri

8. Cavabdeh mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməyi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. Cavabdeh iddia ərizəsində qeyd etmişdir ki, 2005-ci ildə iddiaçının oğlu X1 Faida İbrahimovna ilə rəsmi nikah münasibətlərinə daxil olmuş, bu nikahdan xx.xx.2005-ci il tarixdə cavabdeh anadan olmuşdur. X10 nikaha daxil olduqdan sonra hazırki mübahisəli mənzilə xarici vətəndaş kimi qeydiyyata düşmüş, nikahları 2018-ci ildə pozulsa da, 2020-ci ilə kimi qızı ilə orada yaşamışdır. 2020-ci ildə "Covid-19" virusunun tüğyan etdiyi 2020- 2022-ci illərdə təcrid olmaq məqsədilə kirayə mənzil tutmuş və orada yaşamışdır. Daha sonra, yəni pandemiya qurtardıqdan sonra o, nənəsi Zəmirənin mənzilinə qayıtmaq istəsə də, onu həmin mənzilə buraxmamışlar. Onu da qeyd edək ki, Elviranı yola vermədiklərinə görə evdən çıxmış, əşyalarının bir qismini götürsə də, bir hissəsi mübahisəli mənzildə qalmışdır. Cavabdeh faktiki olaraq mənzildən qovulmuşdur. Onun başqa yaşayış sahəsi yoxdur, anasının da mülkiyyətində yaşayış sahəsi yoxdur, kirayədə yaşayırlar. O, həmçinin tələbədir, müstəqil qazancı yoxdur, bu hallar isə onun özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermir. O, həmin mənzilə ailə üzvü qismində köçürülmüş və keçmiş ailə üzvü hesab edilmir.

Məhkəmə iclasında verilən izahatlar:

10. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehin valideynləri arasında nikah pozulduqdan sonra cavabdeh anası ilə birlikdə yaşamışdır. Cavabdeh 2020-ci ilədək Mənzilə gedib-gəlsə də, daimi yaşamaq fikri olmayıb. Hətta, iddiaçı dəfələrlə cavabdehin onunla qalmasını təklif etsə də, cavabdeh razı olmayıb.

11. Cavabdehin vəkili və nümayəndəsi iddiaçının iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, cavabdeh 2022-ci ilədək daimi olaraq Mənzildə yaşayıb. Nikah pozulduqdan sonra cavabdeh faktiki olaraq atası ilə birlikdə qalırdı. Hətta, cavabdehin atası buna görə alimenti ödəmirdi. 2022-ci ildə artıq cavabdehlə mübahisə etməyə başlayıblar, cavabdeh Mənzili tərk etmək məcburiyyətində qalıb. Sonradan Mənzilin açarını da dəyişdirdiklərinə görə cavabdeh Mənzilə daxil ola bilməmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 158.3 Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun

13. Maddə 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

17. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

18. Məhkəmə hər iki iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iddia təmin edilməməlidir.

19. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

20. Cavabdeh xx.xx.2005-ci il tarixdə anadan olmuş və həmin tarixdən Mənzildə valideeynləri ilə birlikdə yaşamışdır. Ona görə də, məhkəmə hesab edir ki, mübahisəyə Mülki Məcəllənin 228-ci maddələrinin müddəaları tətbiq edilməlidir.

21. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində mülkiyyətçi ilə bərabər digər şəxslərin yaşayış binasının tərkib hissələrindən istifadə hüquqlarının yarnmasının əsasları müəyyən edilmişdir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

23. Yuxarıda qeyd edilən müddəalar mənzildən istifadə hüququna malik olan şəxslərin dairəsini müəyyən etmişdir. Bunlar mülkiyyətçinin ailə üzvləri və digər şəxslərdir. Mülki Məcəllənin 228.5-ci maddəsi isə ailə üzvlərinin dairəsini mülkiyyətçinin əri, arvadı, valideynləri və uşaqları olaraq müəyyən etmişdir.

24. Yuxarıda qeyd edilən işin hallarından da görünür ki, cavabdeh Mülki Məcəllənin 228.5-ci maddəsinin müəyyən etdiyi mənada Mənzilin mülkiyyətçisinin ailə üzvü olmamışdır.

25. Cavabdehin Mənzilin mülkiyyətçisiyə münasibətdə digər şəxs olması və Mənzildən istifadə hüququnun yaranması üçün MM-nin 228.1 və 228.2-ci maddəsində nəzərdə tutulan qaydaya əməl olunmalı idi.

6. Digər bir tərəfdən, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Mənzil hələ iddiaçının ərinin mülkiyyətində olan dövrdə cavabdehin valideynləri arasında bağlanmış nikah pozulmuş, Bakı şəhər Xətai Rayon xx.xx.2017-ci il tarixli 2(011)- 6576/2017 saylı qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan cavabdehin anasının himayəsinə verilməklə, onun yaşayış yeri anasının yanında müəyyən edilmişdir. Cavabdehin vəkili və nümayəndəsi cavabdehin valideynləri arasında nikah pozulduqdan sonra da Mənzildə yaşadığını bildirsə də, iddiaçı cavabdehin daimi yaşamaq üçün deyil, bir neçə günlük Mənzilə gəldiyini bildirmişdir.

26. Lakin işin hallarından da göründüyü kimi, Mənzildən istifadə hüququnun yaranması üçün cavabdehlə iddiaçı və ya Mənzilin keçmiş mülkiyyətçisi olan iddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da cavabdehin Mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququnun məhkəmə tərəfindən itirilməsi barədə tələb təmin oluna bilməz. Buna görə də iddia tələbi rədd edilməlidir.

27. Lakin məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır.

28. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir.

29. Məhkəmə cavabdehin iddia ərizəsinə münasibətdə qeyd edir ki, cavabdehin iddia tələbi də təmin edilə bilməz. Cavabdeh Mənzilə istifadə hüququnun tanınması və Mənzilə köçürülməsini tələb edir. Belə olan halda, ilk növbədə cavabdehin Mənzildən istifadə hüququnun olub-olmadığı məhkəmə tərəfindən müəyyən edilməlidir. Cavabehin Mənzildən istifadə hüququnun olmaması barədə yuxarıda ətraflı şəkildə qeyd edilərək, hüquqi qiymət verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin Mənzildən istifadə hüququ olmadığından onun Mənzilə köçürülməsi barədə iddia tələbi də təmin edilə bilməz.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbi barədə iddiası təmin edilməsin. Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun tanınması tələbi barədə iddiası təmin edilməsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh Bakı şəhəri Xətai Rayonu Zığ Şosesi 39 saylı evin 25 saylı məzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar