Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5444/2022 22.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 63 saylı evin, 65 saylı mənzilinin (bundan sonra - Mənzil) alqı-satqısına dair xx.xx.2015-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nöməsi: **********) bu barədə ona Çıxarış verilmişdir.
2. Cavabdeh hal-hazırda mübahisəli mənzildə qeydiyyatdadır.
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri.
4. İddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilindən cavabdehin istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Mənzil onun mülkiyyətindədir. Cavabdeh ona məxsus mülkdə yaşamadığına baxmayaraq bu günə kimi hələ də, mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikasının DİN-nin yaşayış yer üzrə qeydiyyat arayışından görünür ki, cavabdeh formal olaraq qeyd olunan ona məxsus mənzildə qeydiyyatdadır. Cavabdeh şəxsin ona məxsus olan mənzildə formal şəkildə qeydiyyatda qalması onun üçün ciddi maneələr yaradır. Mənzil üzərində müvafiq sərəncam vermək ondan istədiyi şəkildə istifadə etmək hüququnu pozur.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etdi.
9. Cavabdehin faktiki yaşayış yeri məlum olmadığından, onun məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə MKİS-nın onun həmin mənzildə yaşamamasına dair qeyd yazılmış bildirişi məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
12. Maddə: 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
13. Maddə 178.1 Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
14. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə iddiaçının izahatını, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
21. Mübahisənin əsasını cavabdehin Mənzilə dair istifadə hüququ ilə bağlı məsələlər təşkil edir. İstifadə hüququ Mülki Məcəllədə həm ayrıca bir hüquq kimi (istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.3), həm də mülkiyyət hüququnun tərkib hissəsi kimi müəyyən edilmişdir (mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.1).
22. Hazırkı mübahisə iddiaçının mülkiyyət hüququna aid olan istifadə hüququ ilə bağlıdır. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, cavabdeh Mənzilin əvvəlki mülkiyyətçisi olmuş və onunla iddiaçı arasında bağlanmış Mənzilin alqı-satqısı müqaviləsi əsasında iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır.
23. Məhkəmə qeyd edir ki, iddiaçının Mənzilə dair mülkiyyət hüququnu əldə etdiyi andan cavabdehin həmin Mənzilə dair bütün hüquqları, o cümlədən istifadə hüququ itirilmişdir. Belə ki, əvvəla, cavabdehin istifadə hüququ, əvvəldə də qeyd edildiyi kimi, onun mülkiyyət hüququna bağlı olmuş, Mənzilin satılması ilə cavabdehin mülkiyyətinə dair qeyd yazısı ləğv edilməklə, onun mülkiyyət hüququ, eyni zamanda mülkiyyət hüququna bağlı olan digər hüququları da itirilmişdir (§ 14).
24. Digər tərəfdən, cavabdeh Mənzili özgəninkiləşdirməklə, mülkiyyət hüququndan birdəfəlik imtina etmiş, Mənzillə bağlı bütün əlaqələrini daimi olaraq kəsmişdir
25. Beləlikıə, məhkəmə hesab edir ki, iddiaçının Mənzilə dair mülkiyyət hüququ yarandığı andan cavabdehin mülkiyyət hüququ itirildiyindən, onun Mənzilə dair istifadə hüququ da saxlanıla bilməz.
22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 63 saylı evin, 65 saylı mənzilinə dair Cavabdehnın istifadə hüququ itirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Pərviz Zamanlı