Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5455/2024 25.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Bakı Şəhər Baş Polis İdarəsi X1 idarəsinin İnzibati tənbeh vermə haqqında İQ nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilmişdir.
2. İddiaçı qeyd olunan qərardan məhkəməyə şikayət edərək onun ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2408/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə şikayət təmin edilmiş, Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsi tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 23 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə barədə qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
3. İddiaçı cavabdehin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən ona vurulmuş maddi zərərə görə 1150 manat, mənəvi zərərə görə isə, 600 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2022-ci il tarixdə şəxsi istifadəsində olan avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, "3-cü mikrorayon" adlanan ərazidə hərəkətdə olarkən, **-YP-*** dövlət qeydiyyat nişanlı yol-patrul xidmətinə məxsus avtomobilin sürücüsü, yol-patrul xidmətinin əməkdaşı Emin Süleymanov tərəfindən saxlanılaraq, inzibati xəta törətdiyinə görə barəsində inzibati protokol tərtib ediləcəyi bildirdi. Lakin, öz növbəsində, buna etirazını bildirməyinə və inzibati qayda pozuntusu etmədiyini vurğulamağına baxmayaraq, sonuncu onun iştirakı olmadan, həmçinin, inzibati protokola heç bir sübut (video görüntü və s.) əlavə edilmədən, barəsində xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə barədə qərar qəbul edilərək, 60 manat məbləğində cərimə edilmişdir. Sözügedən inzibati tənbeh vermə barədə qərardan narazı olduğu üçün, müvafiq qaydada məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarı ilə şikayəti qismən təmin edilərək, işin yenidən baxılması üçün həmin quruma göndərilməsi qərara alınmışdır. Daha sonra, məhkəmə qərarında qeyd olunan nöqsanlar aradan qaldırılmadan və inzibati araşdırmada təkrar onun iştirakım təmin edilmədən, işə baxılmış və 23 fevral 2023-cü il tarixdə inzibati cərimə olunmağım barədə müvafiq qərarı qəbul edilmişdir. Əlavə olaraq, qeyd edim ki, sözügedən zaman kəsiyində mənə inspektor tərəfindən müvafiq bildiriş göndərilmiş və bildirişdə inzibati işə 04 mart 2023-cü il tarixdə baxılacaqdır, lakin artıq 23 fevral 2023-cü il tarixdə artıq işə baxılaraq, inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. Daha sonra, həmin qərardan məhkəməyə şikayət ərizəsi verilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərarı ilə 23 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə barədə qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Hazırda isə Bakı şəhər BPİ-nin DYPİ-nin səlahiyyətli şəxsləri tərəfindən inzibati xəta üzrə işi qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam, obyektiv və hərtərəfli araşdırmadan, qərəzli olaraq, barəmdə inzibati tənbeh verilməsinə dair qərar qəbul edildiyindən və sözügedən qərarların məhkəmədə ayrı-ayrı icraatlarda, 2 dəfə mübahisələndirmək məcburiyyətində qaldığından, o cümlədən, cavabdeh tərəfin nümayəndəsinin dəfələrlə məhkəmə iclaslarına gəlmədiyinə - bir növ süründürməçiliyə yol verdiyinə görə, ona maddi və mənəvi zərər dəymişdir. Qeyd olunanlarla bağlı zaman-zaman öz işindən və qayğılarından uzaq durmaq məcburiyyətində qalmış, həmçinin, sözügedən proseslərdə iştirak etmək üçün nəqliyyat, telefon, poçt və digər zəruri xərclərin sərf edilməsinə məruz qalmışdır. 4 dəfə Yasamal Rayon Məhkəməsinə gedib-gəlmək üçün 16 manat, 6 dəfə Bakı şəhəri BPİ-nin DYPİ-yə gedib-gəlmək 30 manat, 72 manat məbləğində cərimə ödəmiş, 8 dəfə Nəsimi Rayon Məhkəməsinə gedib-gəlmək - 32 manat, usta kimi fəaliyyət göstərdiyindən, tapşırıq əsasında görüləcək bir işindən kənarda qalmış və həmin işi icra edə bilmədiyinə görə, itirdiyi iş günlərinə (14 günlük) münasibətdə -1100 manat, mənəvi ziyana görə isə - 600 manat zərər dəymişdir. Bakı şəhər BPİ-nin DYPİ-nin səlahiyyətli şəxslərinin yuxarıda qeyd olunan qanunsuz və qərəzli əməlləri nəticəsində çox böyük əsəb, stress və sarsıntı keçirmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyası
8. Maddə 129 Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
9. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
11. Maddə 50.1 Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.
12. Maddə 50.3 İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
İşə baxan məhkəmənin mövqeyi:
14. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia təmin edilməməlidir.
15. AR mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi, iddiaçının hüququnun pozulmasında təqsirli olan və irəli sürülmüş iddia tələbinə aidiyyəti olan (iddiaya cavab verməli olan) şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur.
16. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tələb dövlət orqanı olan Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsi tərəfindən iddiaçıya vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsindən ibarətdir. Belə olan təqdirdə iddiaçı, cavabdeh qismində isə tanına bilər. Cavabdeh hazırkı tələb üzrə tərəf olması isə istisna təşkil edir.
17. Məhkəmə hesab edir ki, iddiaçı iddiaya cavab verməli olmayan şəxsə qarşı iddia tələbi qaldırmışdır. İddia ərizəsindən göründüyü kimi iddiaya cavab verməli olan şəxs kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi qeyd edilmişdir. Lakin AR MM-nin 1100-cü maddəsində də qeyd edildiyi kimi, dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın əvəzi Azərbaycan Resublikası tərəfindən ödənilməlidir. Hazırki işdə isə iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə tələb Azərbaycan Respublikası Maliyyə Nazirliyinə yönəldilməlidir.
18. Məhkəmə iclasında iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilsə də, o, bundan imtina etmişdir.
19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin əvvəlki redaksiyada olan 54.1 və 54.2-ci maddələrinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
20. Şərh edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ona cavab verməli olmayan (iddiaya aidiyyəti olmayan) şəxsə qarşı qaldırıldığından iddiaçı tərəfindən cavabdeh əsl cavabdehlə əvəz edilmədiyindən iddia tələbi təmin ediməməlidir.
21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ : İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı