Məhkəmə qərarları › İş №2(011)-5540/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5540/2021

20.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5540/2021 20.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil Cəfər oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz əməlləri nəticəsində ona dəymiş zərər kimi 20000 manat və 40000 manat maddi zərər, o cümlədən 10000 manat mənəvi zərərə görə pulun, həmçinin 30 manat dövlət rüsumunun ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 28.07.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.Əfəndiyev iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh qanunsuz əməlləri nəticəsində ona dəymiş zərər kimi 20000 manat maddi zərər, o cümlədən 10000 manat mənəvi zərərə görə pulun, həmçinin 30 manat dövlət rüsumunun ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.Əfəndiyev iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı 2006-cı ildə ailəlikcə ünvan 1 ünvana köçüb kirayədə yaşamışlar, həmin mənzilə köçməmişdən əvvəl iddiaçı bir qadın vasitəsi ilə Badamxanım adlı xanımla tanış olmuş və o həmin mənzili iddiaçıya 200 manata kirayəyə vermişdir, təxminən 2011-cü ilə qədər ev kirayəsinin pulunu Badamxanıma ödəyərək həmin evdə kirayədə yaşamışlar, Badamxanım kirayə pulunu 3-4 aydan bir gəlib götürürdü, 2013-cü ildə qonşu Cəmilə iddiaçını evinə çağıraraq yaşadığı evin Suraxanı rayon İcra hakimiyyətinin balansında olduğunu və onu evdən çıxaracaqlarını, Badamxanımın həmin evə mülkiyyəti olmadığını demişdir, bir müddət sonra iki nəfər şəxs onların yaşadığı evə gələrək evin kimə məxsus olduğunu soruşmuş, iddiaçı həmin evin ona məxsus olduğunu dedikdə, həmin şəxslər evin nə ona, nə də Badamxanıma məxsus olmadığını, həmin mənzilin Suraxanı Rayon icra Hakimiyyətinin evlər fonduna aid olduğunu bildirərək evdən çıxmalarını, evin başqasına satıldığını bildirmişlər, təxminən həmin ərəfələrdə, yəni 2013cü ildə qonşuluqda yaşayan Rahilə adlı xanımın evində olarkən Rahilənin evinə gedibgələn Cavabdeh görmüşdür, Paşa X1 tanışıdır, Rahiləgildə olarkən Paşa onlarda olmuş, Rahilə iddiaçının yaşadığı evin sənədləşdirilməsində köməklik etmək üçün Cavabdeh xahiş etmiş, sonuncu da Suraxanı rayon İcra Hakiminin müavininin onun dostu olduğunu, bir kəndli olduqlarını, nə lazım olarsa həll edəcəyini demişdir, təxminən bir müddət sonra Cavabdeh evin sənədləşdirilməsində köməklik məqsədi ilə ondan 1000 manat pul alaraq Bakı şəhər İcra Hakimiyyətində bir nəfərə çatacağına demişdir, bundan 10 gündən sonra Cavabdeh yenidən onlara gələrək Suraxanı Rayon İcra Hakimiyyətinin müavini Əhməd Talıbovla danışdığını, sonuncunun 17000 manat məbləğində pul istədiyini, aldığı pulun müqabilində evin sənədləşdirilməsində, sərəncamın verilməsinə köməklik göstərəcəyini demişdir, iddiaçı Paşaya etiraz etməyib qonşusu Rahilənin yanında 17000 manat pulu Cavabdeh vermişdir, bir həftədən sonra Cavabdeh yenidən onlara gəlib, evin sənədləşdirilməsinə köməklik göstərdiyi üçün iki min manat özünə pul istəmişdir, yenə də etiraz etməyib Paşaya 2000 manat pul vermişdir, iddiaçı pulu verdikdən bir müddət sonra Cavabdeh maraqlanmışdır ki, mənzil məsələsi ilə bağlı hansı işlər görülüb, o isə əvəzində bildirmişdir ki, icra başçısı müavininə tapşırıb ki, həmin mənzildə qeydiyyatda adam olduğu üçün işi məhkəməyə təqdim etsin və başçı özü şəxsən bu prosesə nəzarət edəcəkdir, sonrakı proseslər də buna yönəlmişdir, belə ki, Suraxanı rayon Məhkəməsinin 21.11.2013-cü il tarixli 2(010)-4667/2013 saylı qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilərək, ünvan 1 ünvanına istifadə hüququ tanınmış və onunla kirayə müqaviləsinin bağlanması üçün qətnamənin icrası Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir, Suraxanı RİH-nin 27.02.2014-cü il tarixli 22 saylı sərəncamı əsasında İddiaçı ilə mənzil kirayə müqaviləsi bağlanmışdır, Cavabdeh ona yaşadığı evə qeydiyyata düşə biləcəyini demişdir, iddiaçı da 63 saylı MİS-də kirayə müqaviləsi bağlamış və pasport şöbəsində həmin yaşadığı evə 2014-cü ildə qeydiyyata düşmüşdür, bu mənzildə iddiaçı ailəsi ilə 2006-cı ildən yaşamasına baxmayaraq, rəsmi olaraq mənzilin öz adına keçməsi, gələcəkdə özəlləşdirərək mülkiyyətində olması üçün bir aydan sonra Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə getmiş, orada ona aldığı sərəncamın saxta olduğunu bildirərək demişlər ki, belə sərəncam verilə bilməz, bundan sonra Cavabdeh çağırıb ona sərəncamın saxta olduğunu bildirmiş, həmin gündən sonra Paşa onları get-gələ salmış və onlardan aldığı 20000 manat məbləğində pulu Paşadan tələb etdikdə, sonuncu pulu qaytarmaqdan boyun qaçırmış, 17000 manat pulu sərəncam vermələri üçün Əhməd Talıbova verdiyini, pulu sonuncudan tələb etmələrini bildirmiş, bununla yanaşı məhkəmə vasitəsilə ona kömək edəcəyinə vəd vermişdir, 2015-ci ildən bu vaxta qədər məhkəmə müstəvisində bu mübahisənin həll edilməsinə kifayət qədər pulu və vaxtı getməsinə baxmayaraq halhazırda onun və ailəsinin bu evdən çıxması barədə məhkəmə qərarı çıxarılmışdır. İddiaçının nümayəndəsi və vəkili İ.Əfəndiyev həmçinin izahatında bildirdi ki, iddiaçı 2018-ci ildə Cavabdeh tərəfindən mənimsənilmiş pulunun qaytarılması üçün hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra cavabdeh ona pul verildiyini etiraf etsə də, hal-hazıra kimi pulu geri qaytarmamışdır, Paşanın özünün hüquq-mühafizə orqanlarında verdiyi ifadəsindən görünür ki, o, iddiaçıya 20000 manat pul verməlidir, cavabdeh vaxtında pulu qaytarsaydı, hazırda iddiaçı və onun ailəsinin evdən çıxarılması barədə qərar verilməzdi və o özünə başqa bir ev alardı, həmçinin iddiaçı baş verənlərdən çox böyük sarsıntılar keçirmiş, ürək xəstəliyinə düçar olmuşdur ki, məhz bu baxımdan cavabdeh həmçinin iddiaçıya 10000 manat mənəvi zərər yetirmişdir və həmin məbləği iddiaçı dəymiş mənəvi zərərə görə cavabdehdən tələb edir. Sonda İ.Əfəndiyev iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili S.C.Cəfərov iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh tanışı Muradxanla qonşuluqda yaşayan İddiaçı təxminən 2011-ci ildən tanıyır, Muradxangilə gedərkən İddiaçı orada görüb tanımışdır, təxminən 2013-cü ildə Vəfa ev aldığını, lakin sənədləri olmadığını, evin sənədləşmə işinə köməklik göstərməsini ondan xahiş etmişdir, o da etiraz etməyib Suraxanı rayon İcra Hakimiyyətində yerlisi olduğunu, ondan xahiş edəcəyini bildirmişdir, bundan sonra Suraxanı rayon İcra Hakimiyyətinin sabiq müavini Əhməd Talıbovun yanına gedərək ondan İddiaçı evinin sənədləşdirilməsində köməklik etməsini xahiş etmiş, Əhməd Talıbov da İddiaçı yaşadığı evi adına keçirilməsi ilə bağlı İcra Hakimiyyətinə sorğu verməsini, onun müraciətinə baxaraq ona imtina ərizəsi vermələrini demişdir, ertəsi gün cavabdeh Əhməd Talıbovun qəbuluna getmiş, sonuncu başçı İlqar Abbasova məruzə etdiyini və onun da xəbərinin olduğuna və 17000 AZN pul müqabilində bunu edəcəklərini demişdir, ona görə də dərhal İddiaçı ilə əlaqə saxlayıb icra başçısının 17000 manat pul istədiyini bildirmişdir, iddiaçı onunla razılaşdığından Vəfadan deyilən 17000 manat pulu götürərək Əhməd Talıbovun qəbuluna getmişdir, Əhmədin xidməti otağında pulu sayaraq 17000 manatı sonuncuya vermiş, müavin də dərhal daxili telefonla başçı İlqar Abbasova zəng edərək danışdıqdan sonra 17000 AZN pulu götürüb İlqar Abbasovun yanına getmişdir, bir qədər sonra Əhməd Talıbov başçının yanından qayıdaraq ona ev yiyəsinin adından ərizə yazmasını bildirmişdir, o da Vəfa ilə telefonla əlaqə saxlayıb ona notarial qaydada öz adından etibarnamə verməsini bildirmişdir, sonra şəxsiyyət vəsiqəsini Vəfaya vermiş, təxminən 2-3 gündən sonra Vəfanın hüquqlarını müdafiə etdiyi notarial qaydada təsdiq olunmuş etibarnamə vermişdir, etibarnaməni aldıqdan sonra İcra Hakimiyyətinə İddiaçınm adından evi sənədləşdirməsi üçün ərizə vermişdir, Əhməd Talıbov həmin ərizəyə etiraz cavabı yazaraq məhkəməyə müraciət etmələrini bildirmişdir, həmçinin Əhməd Talıbov demişdir ki, başçı İlqar Abbasov MİS-nin müdirinə tapşırıb, lazım olan sənədləri MİS-nin müdiri verəcəkdir, o, etiraz məktubunu Vəfaya vermiş, sonuncu bütün sənədləri toplamış və onlar Suraxanı Rayon Məhkəməsinə müraciət etmişlər, həmin mənzildə X3 qeydiyyatda olmasına baxmayaraq Suraxanı RİH başçısı İlqar Abbasovun tapşırığına əsasən məhkəmə 2(010)-4667/2013 saylı 21.11.2013-cü il tarixli qətnamə ilə kirayə müqaviləsinin İddiaçı adına dəyişdirilməsini təmin etməklə onların xeyrinə qərar çıxarmışdır, bundan sonra 17 fevral 2014-cü il tarixdə İlqar Abbasov 22 nömrəli sərəncam imzalamış, həmin sərəncamla 63 saylı MKİS maliyyə hesabını İddiaçı adına dəyişdirmişdir, bu əsasla ev verilmişdir İddiaçı, məhkəmə qərarı ilə Babayeva Badamxanım pasport qeydiyyatından çıxarılmış, mülkiyyət hüququnun itirilməsinə qərar verilmişdir, daha sonra 2015-ci ildə məlum olmuşdur ki, Babayeva Badamxanım məhkəməyə ərizə verib ki, onun istifadə hüququ tanınsın və onunla kirayə müqaviləsi bağlansın, Cavabdeh məhkəməyə rəsmi sənədlər təqdim etməklə B.Babayevanın məhkəmə qərarı ilə pasport qeydiyyatından çıxarılmasını, yaşayış hüququnun itirilməsini bildirmişdir, lakin rəsmi sənədlər təqdim olunmasına baxmayaraq qərardadın təsviri hissəsində X3 həmin mənzildə qeydiyyatda olması qeyd olunmuşdur, halbuki həmin şəxs qeydiyatda ola-ola məhkəmə 21.11.2013-cü il tarixli qətnamə qəbul edə bilməzdi, amma qərar verib, 29.05.2015-ci il tarixli məhkəmə aktı ilə B.Babayevanını şikayəti təmin olunmuşdur, bundan sonra İddiaçınm xeyrinə çıxan Sərəncamı 17 aprel 2017-ci il tarixdə İcra Hakimiyyətinin başçısı ləğv etmiş, 17.04.2017-ci il tarixli 44 saylı yeni Sərəncamla evi İddiaçı geri alması və evin boşaldılmasını tapşırmışdır, daha sonra X4 rayon məhkəməsinə müraciət edərək həmin mənzilə köçürülməsini tələb etmiş, məhkəmə qərarı ilə iddia təmin edilmişdir. S.C.Cəfərov izahatında həmçinin bildirdi ki, iddiaçı hazırda iddia tələbi ilə məhkəməyə müraciət etsə də, qanunvericiliklə müəyyən olunan iddia müddətini ötürmüşdür. Sonda Vəkil qeyd olunanlara və Mülki Məcəllənin 373.2 və 373.2-ci maddələrinə əsasən iddia müddətini tətbiq edərək və mahiyyəti üzrə mülki işin iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Suraxanı rayon Məhkəməsin 2(010)-4667/2013 saylı, 21 noyabr 2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinə qarşı, maraqlı şəxs Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və X6 “istifadə hüququnun tanınması faktının müəyyən edilməsi və kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası təmin edilərək İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi 4048/49-cu məhəllədə yerləşən 10 saylı evin 1 otaqdan ibarət 3 saylı mənzilinə istifadə hüququnun tanınması faktı müəyyən edilmiş və kirayə müqaviləsi bağlanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 22 saylı, 27.02.2014-cü il tarixli Sərəncamının surətindən görünür ki, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, 10 nömrəli evin, yaşayış sahəsi 16,5 kv.m. olan, 1 otaqlı, 3 nömrəli mənzilinə kirayə müqaviləsi 1 nəfər ailə tərkibi ilə (özü) İddiaçı adına dəyişdirilməsi və onun həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4556/2015 saylı 05.08.2015-ci il tarixli qərardadının surətindən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə maraqlarına toxunan şəxs X3 apelyasiya şikayəti təmin edilərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21.11.2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinə qarşı, maraqlı şəxs Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və X6 “istifadə hüququnun tanınması faktının müəyyən edilməsi və kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 201(82)-155/2017 saylı 25.01.2017-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı X3 cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı İddiaçı və X5 üçünci şəxs qismində cəlb olunmaqla “Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 27.02.2014-cü il tarixli 22 nömrəli sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27.02.2014-cü il tarixli 22 nömrəli sərəncamının ləğv edilməsi qərara alınmışdır. Həmin qərar 14.03.2017-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin Qərar ilə işin müəyyən olunmuş hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-537/2016 saylı 29 yanvar 2016-cı il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 21 noyabr 2013-cü il tarixli 2(010)-4667/2013 saylı qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir. İş materiallarında olan 26.08.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, qərar barədə maraqlı tərəflərə məlumat verilməsi, qərarın surətinin araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan Suraxanı rayon Polis İdarəsinin məhkəməyə ünvanlanan 20.08.2021-ci il tarixli ********* saylı məktubuna əlavə edilmiş materiallardan görünür ki, iddiaçı və cavabdeh 16 və 23 noyabr 2018-ci ildə Suraxanı rayon Prokurorluğuna dəvət olunaraq izahatları alınmışdır. İş materiallarında olan 14.08.2013-cü il tarixli Etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdehlar oğluna məhkəmələrdə nümayəndə qismində çıxış etmək üçün 14.08.2016-cı il tarixə kimi qüvvədə olan etibarnamə vermişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Suraxanı rayon Məhkəməsin 2(010)- 4667/2013 saylı, 21 noyabr 2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı nümayəndəsi qismində Cavabdeh çıxış etmişdir. İş materiallarında olan seriya AZE ******** saylı 07.05.2014-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı 2006-cı ildən kirayəşin olaraq mənzilə köçmüş və hazırda da həmin mənzildə yaşayır, 2013-cü ildə tərəflər arasında iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi 4048/49-cu məhəllə ev 10, 3 saylı mənzilə istifadə hüququnun tanınması və icra hakimiyyəti ilə kirayə müqaviləsinin bağlanması məqsədilə işin məhkəmədə və müvafiq icra hakimiyyəti orqanlarında aparılması barədə razılıq əldə edilmiş və cavabdeh bu barədə tapşırığı qəbul etmişdir, bu əsasla da cavabdeh 17000 manat pul vəsaitini iddiaçıdan qəbul edərək götürmüşdür, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 21.11.2013-cü il tarixli qətnaməsi ilə iddiaçının adıçəkilən mənzilə istifadə hüququnun tanınması faktı müəyyən edilmiş və kirayə müqaviləsi bağlanması qət edilmişdir, cavabdeh etibarnamə əsasında mülki iş üzrə İddiaçı nümayəndəsi kimi məhkəmə iclasında iştirak etmişdir, həmin qətnamə əsasında Bakı şəhəri, Suraxanı RİH başçısının 22 saylı, 27.02.2014-cü il tarixli Sərəncamı ilə mübahisəli mənzilə kirayə müqaviləsinin İddiaçı adına dəyişdirilməsi və onun həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır, İddiaçı həmin mənzilə 2014-cü il tarixdən qeydiyyata alınmışdır, Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 21 noyabr 2013-cü il tarixli qətnaməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.01.2017-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27.02.2014-cü il tarixli 22 nömrəli sərəncamı ləğv edilmişdir, iddiaçı ümumilikdə bu məqsədlə cavabdehə ödədiyi 20000 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını və 10000 manat mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Bununla belə, cavabdehin əməlində iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran hər hansı təqsirli, hüquqazidd hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, bu, sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin onun tərəfindən iş materiallarına buna dair sübutlar əlavə edilməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə, iddiaçının “mənzilə istifadə hüququnun tanınması məqsədilə cavabdehə verilmiş 20000 manat pul məbləğində maddi ziyan çəkmişdir” kimi dəlillərinə münasibətdə qeyd edir ki, bu dəlillər hazırkı iş üzrə iddiaçıya maddi zərər dəyməsi hallarının müəyyən olunması üçün məhkəmə tərəfindən nəzərə alına bilməz, çünki cavabdeh razılaşdırılmış şərtlərlə tapşırıq əsasında, iddiaçının xeyrinə nəticələnən məhkəmə iclaslarında onu layiqincə təmsil etmiş, mənzilə dair digər sənədləşmə işlərində iddiaçının mənafeyinə uyğun hərəkət etmiş, bunun müqabilində iddiaçı əvvəllər kirayədə olduğu mənzilə istifadə hüququ əldə etməklə oraya pasport qeydiyyatına alınmış və hazırda da orada yaşayır, mübahisəli mənzil üzrə iddiaçının hüquqlarına dair sonradan yaranmış nəticələr (istifadə hüququna xitam verilməsi) isə, tərəflər arasında razılaşma zamanı da istisna olunmurdu və iddiaçı belə nəticələrin (verdiyi pula dair) riskini daşıyırdı, cavabdeh isə, hüquq münasibətləri üzrə, xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra edən şəxs kimi, belə risklərdən azaddır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızıdr və bu dəlillər məhkəmə tərəfindən nəzərə alına bilməz. Məhkəmə, cavabdehin “iddia müddətinin tətbiqi barədə” ərizəsinə münasibətdə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddətinin tətbiqi mümkündür. Belə ki, tərəflər arasındakı mübahisə tapşırıq müqaviləsindən irəli gəlir və iddiaçı hüququnun pozulduğunu bildiyi tarix kimi onun mübahisəli mənzilə pasport qeydiyyatına alındığı 2014-cü tarixi qeyd edir, müddətin ötürülməsinin üzrlü səbəbləri barədə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, müqavilələr üzrə iddia müddəti 3 il olduğundan, iddia tələbi isə məhkəməyə hüququn pozulmasınin məlum olduğu vaxtdan 7 il keçdikdən sonra verildiyindən, iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. ...Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. ...Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı “Cavabdeh qanunsuz əməlləri nəticəsində ona dəymiş zərər kimi 20000 manat maddi zərər, o cümlədən 10000 manat mənəvi zərərə görə pulun, həmçinin 30 manat dövlət rüsumunun ona verilməsi barədə” iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Cavabdeh qanunsuz əməlləri nəticəsində ona dəymiş zərər kimi 20000 manat maddi zərər, o cümlədən 10000 manat mənəvi zərərə görə pulun, həmçinin 30 manat dövlət rüsumunun ona verilməsi barədə” iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar