Məhkəmə qərarları › İş №2(011)-556/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-556/2022

02.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-556/2022 02.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 55.950 manat pulun alınaraq ona qaytarılması və ödənilmiş dövltər rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə miras qoyan Quliyeva llhamə Məzahir qızının bütün mövcud miras əmlakı üzərində 1/20 olmaqla vərəsəlik hüquqlarının tanınması qət edilmişdir, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-86/2021 saylı 28 iyul 2021 -ci il tarixli qətnaməsi qəbul edilənə kimi cavabdehlər miras qoyan İ.M.Quliyevadan qalmış bəzi əmlakları qəbul etmişlər, qəbul etdikləri əmlakın dəyərinin iddiaçılara düşən hissəsinin qaytarılması haqda tələb irəli sürsələr də, cavabdehlər qanunsuz olaraq bu günə kimi payın qaytarılmasını təmin etməmişlər, miras əmlak olaraq İ.M.Quliyevanın adına 22.05.2006-cı il tarixdən "BMW 750L" markalı 10LO011 dövlət qeydiyyat nişanlı, 13.05.2013-cü il tarixdən "İNFİNİTİ QX56" markalı 90GO101 dövlət qeydiyyat nişanlı avtomobillər Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 44 saylı evin, 20 saylı mənzili qeydiyyatdan keçmişdir, bundan başqa, "xxxx" ASC-dən İ.M.Quliyevanın adına 300000 manat məbləğində uzunmüddətli depozit olmuşdur, bundan başqa, ölümündən sonra İ.M.Quliyevanın yaşadığı evdə cəmi 87 ədəd qızıl-zinət əşyaları götürülmüş və bu barədə 09.03.2016-cı il tarixli protokol tərtib edilərək saxlanılması üçün Azərbaycan Beynəlxalq Bankına təqdim edilmişdir, bundan başqa, miras qoyan İ.M.Quliyevadan miras olaraq Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 492-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli yaşayış evinin, 11-ci mərtəbəsindəki ümumi sahəsi 159,2 kv metrdən ibarət 45 saylı mənzili və bağ sahəsi qalmışdır, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 492-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli yaşayış evinin, 11-ci mərtəbəsindəki ümumi sahəsi 159,2 kv metrdən ibarət 45 saylı mənzil, Bağ sahəsi və "BMW 750L" markalı 10LO011 dövlət qeydiyyat nişanlı avtomobil istisna olmaqla, miras qalmış bütün əmlaklar artıq satılaraq vərəsələr arasında (o cümlədən Cavabdeh2 və Cavabdeh1 da daxil olmaqla) bölünmüşdür, belə ki, "xxxx" ASCdə olan 300000 manat, "İNFİNİTİ QX56" markalı 90GO101 dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş 35.000 ABŞ dolları, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 44 saylı evin, 20 saylı mənzilin satışından əldə olunmuş 120.000 manat və cəmi 87 ədəd qızıl-zinət əşyaların satışından əldə olunmuş 80.000 manat pul X2 2/10, Həsənova (Quliyeva) İradə Məzahir qızına 2/10, X4 2/10, Cavabdeh2 1/10 Cavabdeh1 1/10 və X1 2/10 nisbətdə bölünmüşdür, beləliklə, satılmış əmlaklardan daxil olan pul və "xxxx" ASC-də olan 300000 manat, cəmi 559.500 manat puldan cavabdehlərə 111.900 manat pul düşmüşdür, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-86/2021 saylı 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 payının, Cavabdeh1 payının, İddiaçı1 payının və İddiaçı2 payının hər birinin 1/20 olmaqla miras qoyan X3 bütün mövcud miras əmlakı üzərində vərəsəlik hüquqlarının tanınması qət edilmişdir, iddiaçılar İddiaçı1 və İddiaçı2 satılmış əmlaklardan və bankdan götürülmüş puldan cavabdehlərə düşən 111.900 manatın yarısı, yəni 55.950 manatı qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsinin düzgün verilmədiyini, bu səbəbdən baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, əvvəla, iddia ərizəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq, iddia bir neçə cavabdehə verildiyi halda onların hər birinə qarşı yönələn tələb (tələbin hansı hissədə Cavabdeh1, hansı hissədə Cavabdeh2 yönəlməsi) və iddiaçıların hər birinin tələbi, habelə iddia tələbi üzrə pul məbləğinin hansı paylı mülkiyyətə dair məlumatların istinad edildiyi fakt və hallar (paylı mülkiyyətdə olan əmlakların hər birinə dair pul məbləği barədə), onları təsdiq edən sübutların siyahısı (iddiaçılar Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə 1/20 hissədə payları müəyyən edilmiş əmlakların (paylı mülkiyyət) satışına dair fakt və halları təsdiq edən sübutlar) göstərilməli olduğu halda, bunlara riayət olunmadığından, məhkəmə tərəfindən isə vaxt verilməsinə baxmayaraq, iddia ərizəsinin forması və məzmununa dair qeyd edilən nöqsanlar aradan qaldırılmamışdır. İkincisi, paylı mülkiyyətə dair mübahisə (payların müəyyən olunması, ayrılması və satışı) onun mülkiyyətçiləri arasında qanunvericiliklə müəyyən edilmiş ardıcıllıqla həll edilməli olduğundan, o cümlədən hazırkı iş üzrə paylı mülkiyyətin satışı barədə məsələ məhkəmədənkənar (pretenziya) qaydaya riayət edilməklə həll edilməli olmasına baxmayaraq, iddiaçılar birbaşa olaraq məhkəməyə müraciət etmişlər və bu qaydanı tətbiq etmək imkanı itirilməmişdir. Üçüncüsü, iddia tələbi üzrə İddiaçı2 tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmiş və məhkəmə tərəfindəın verilmiş vaxt ərzində bu nöqsan aradan qaldırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçıların əmlakda paya dair mülki hüquqları məhkəmə aktı əsasında müəyyən olunsa da, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31.03.2011-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, məhkəmələrə xatırladılır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4–cü maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12 –ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Həmin Qərarla formalaşdırılmış hüquqi mövqeyə görə, bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. Məhkəmədənkənar həlli qaydası müəyyən edilmiş işlər üzrə ərizələr yalnız o hallarda baxılmamış saxlanıla bilər ki, həmin qaydanın tətbiq edilməsi imkanı itirilməmiş olsun. Əks halda ərizə baxılmamış saxlanılmalı deyil, Azərbaycan Respublikası MPM-nin 261.0.9-cu maddəsinə müvafiq olaraq işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar