Məhkəmə qərarları › İş №2(011)-5601/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5601/2024

16.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5601/2024 16.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış istifadə hüququnun itirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçının ailə üzvü 4 nəfərdən ibarət olmuşdur – özü, əri (X3), oğlu (X2) və qızı (cavabdeh). İddiaçının əri X3 birinci Qarabağ müharibəsində şəhid olmuşdur. Şəhid ailəsi kimi iddiaçı əvvəllər mənzillə təmin edilmiş, sonradan isə həmin mənzil onun özü tərəfindən satılmışdır.

2. İddiaçı sonradan ünvan 1 ünvanında yerləşən yataqxanada 435 saylı mənzil əldə etmiş və onun bu mənzilə dair mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Tərəflər həmin mənzildə birlikdə yaşamışlar.

3. Daha sonra, Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan yataqxanadan bina sakinlərinin birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi barədə xx.xx.2019-cu il tarixli, 7-214/7g saylı məktubu, habelə Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin, 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, Bakı şəhəri MKTD-nin 1 saylı XT MKTB-nin 122 saylı MİS-nin, podratçı – hüquqi şəxs "xxxx" MMC-nin səlahiyyətli nümayəndələri və iddiaçı əsasında xx.xx.2020-ci il tarixdə Razılaşma Aktı imzalanmış, həmin Akt əsasında iddiaçıya 60 000 manat kompensasiya ayrılmış, həmin kompensasiya hesabına iddiaçı ilə X4 arasında xx.xx.2021ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 13 saylı evin 93 saylı mənzilin (bundan sonra - Mənzil) alqı-satqına daier müqavilə bağlanmış və iddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə (qeydiyyat nömrəsi: **********) dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 42 nömrəli yataqxanada yerləşən 435 saylı mənzilin Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfidən sökülməsinə və buna görə veriəcək kompensasiyanın iddiaçıya verilməsinə dair etirazının olmaması barədə cavabdeh də notarial qaydada ərizə vermişdir.

4. İddiaçı ilə cavabdeh Mənzil alındıqdan sonra 2023-cü ilin may ayınadək (iddiaçının bildidiyinə görə) birlikdə yaşamışlar. Sonradan tərəflər arasında yaranmış ailə daxili mübahisə nəticəsində cavabdeh polis orqanı tərəfindən Mənzildən çıxarılmışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

5. İddiaçı cavabdehin Mənzildən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh Mənzildə xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. Mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Dəfələrlə qızına xəbərdarlıq etmişdir ki, mənzildən qeydiyyatdan çıxsın, amma o xəbərdarlığa baxmayaraq qeydiyyatdan çıxmır. Cavabdeh mənzildən istifadə etmir, polis vasitəsilə evdən çıxarılıb. Cavabdehin qeydiyyatda qalması ona bir sıra maliyyə və digər hüquqlarının həyata keçirilməsində əlavə çətinliklər yaradır. Onunla birlikdə yaşamayan cavabdehin mülkiyyətində olan Mənzildə qeydiyyatda olması neqativ nəticələr yaratdığından iddiası təmin edilməlidir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçı məhkəmə baxışı zamanı iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi və olaraq bildirdi ki, iddia qaldırmaqda onun məqsədi cavabdehin Mənzilə görə istifadə hüququnun itirilməsidir.

9. Cavabdehin vəkili və nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

12. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

13. Maddə: 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı:

14. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə tərəflərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

20. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, cavabdeh Mənzilin mülkiyyətçisi olan iddiaçının övladıdır. Mənzilə dair iddiaçının mülkiyyət hüququ isə xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bu halda, cavabdehin Mənzildən istifadə hüququ yaranmışdır.

21. Belə ki, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. Cavabdeh Mənzilin mülkiyyətçisinin ailə üzvü (övladı) olduğundan və Mənzil alındıqdan sonra 2 ildən artıq bir müddətdə iddiaçı birlikdə yaşadğından onun da Mənzildən istifadə hüququ yaranmışdır.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında da qeyd edilir ki, ....yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. .....Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.

23. Qeyd edilən maddi hüquq normalarından, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin adı şəkilən Plenum Qərarında formalaşdırdığı hüququ mövqedən də göründüyü kimi, Mənzil Məcəlləsinin 30.1-ci maddəsində müılkiyyətçi ilə bərabər ailə üzvlərinin mənzildən istifadə hüquqlarının yaranması ailə qanunvericiliyi ilə tənzimlənən ailə bağlarının mövcudluğu və davam etməsi, eyni zamanda mülkiyyətçi ilə birgə yaşaması əsaslarından irəli gəlir. Yuxarıda da şərh edildiyi kimi, işin faktiki hallarından də bəlli olur ki, mübahisəli Mənzil alındıqdan sonra cavabdeh iddiaçının övladı kimi onunla birlikdə uzun müddət Mənzildə yaşamış, mülkiyyətçi ilə birlikdə Mənzildən istifadə etmiş, yalnız ailə daxili mübahisə nəticəsində Mənzildən çıxmaq məcburiyyətində qalmışdır.

24. Məhkəmə cavabdehin hal-hazırda Mənzildə yaşamamasına münasibətdə qeyd edir ki, cavabdeh mənzili könüllü surətdə tərk etməmişdir. Belə ki, iddiaçının özünün də bildirdiyinə görə tərəflər arasında ailə daxili mübahisə yaşandığına görə cavabdeh polis vasitəsilə Mənzildən çıxarılmışdır. Odur ki, cavabdehin hazırda başqa yerdə yaşaması onun istifadə hüquqlarının itirilməsinə səbəb ola bilməz.

25. Beləliklə, cavabdeh mübahisəli mənzildən istifadə hüququna malik olduğundan, iddiaçı yalnız istifadə hüququna malik olan cavabdehə kompensasiya verməsi yolu ilə onun Mənzilə istifadə hüququna xitam verilməsini və Mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar