Məhkəmə qərarları › İş №2(011)-5604/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5604/2025

07.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5604/2025 07.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “qaz sayğacının quraşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “qaz sayğacının quraşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə cavabdeh tərəfindən qaz sayğacının qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə uzun illərdir ki, ərizədə qeyd olunan ünvanda fasiləsiz olaraq yaşayır. Həmin mənzildə pasport qeydiyyatındadır. Bir abunəçi kimi su və işıq sayğacları iddiaçının adınadır. Vaxtlı-vatında kommunal xərcləri ödəyir, mənzilə birbaşa qaz xətti verilsə də, bu günə qədər onunla müqavilə bağlayaraq qaz sayğacının quraşdırılmasından imtina edirlər. İddiaçı rəsmi qaydada ərizə ilə müraciət etsə də, yaşayış evinə qaz sayğacı quraşdırmamışlar. İddiaçı məcbur qalaraq məhkəməyə müraciət edir. Cavabdeh İB-nin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz verərək, iş üzrə məhkəmə aidiyyatının pozulduğunu, hazırkı tələbin inzibati mübahisə olduğunu, ona ümumi məhkəmədə baxılmamalı olduğunu qeyd etmişdir. Ona görə mülki işin icratına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin mövqeləri: İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, eyni zamanda qeyd etmişdir ki, 2011-ci ildən mübahisə predmeti olan fərdi yaşayış evinə gəlin köçmüş, 2024-cü ildə isə məhkəmə qətnaməsi əsasında həmin evə köçürülmüşdür. Nə fərdi yaşayış evinə, nə də evin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd mövcud deyil. O, fərdi yaşayış evində üç övladı və əri ilə birlikdə yaşayır. Bir həyətdə 6 fərdi yaşayış evi yerləşdirildiyinə görə mübahisə predmeti olan evə dair hüquqmüəyyənedici sənədlər ala bilmir. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının qaz sayğacının quraşdırılmasını tələb etdiyi fərdi yaşayış evi özbaşına tikilidir. “Qaz Təchizatı haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən özbaşına tikililərin qazlaşdırılması isə qadağan edilmişdir. Ona görə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3800/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X3 qarşı “mənzilə köçürmə” barədə iddia tələbi təmin edilərək, İddiaçı övladları xx.xx.2013-cü il təvəllüdlü X2, 13 iyun 2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 25 saylı evə (bundan sonra – Fərdi yaşayış evi) köçürülmələri qət edilmişdir. Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 14-2-2/2-M- 2066-5/2025 saylı məktubdan görünür ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2023-cü il tarixindən qüvvəyə minmiş dəyişikliyə istinad edilməklə İddiaçı ünvanına qaz xəttinin quraşdırılmasından imtina edilmişdir. İşin müəyyən edilən halları: İddiaçı xx.xx.2011-ci il tarixdə X6 ilə nikaha daxil olaraq Fərdi yaşayış evinə gəlin köçmüşdür. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3800/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən İddiaçı üç azyaşlı övladı ilə birlikdə Fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İddiaçının nə fərdi yaşayış evinə dair, nə də fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyətini təsdiq edən sənədi mövcud deyil. İddiaçı Fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması barədə Cavabdeh İB-nə müraciət etmiş, Cavabdeh İB “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2023-cü il tarixindən qüvvəyə minmiş dəyişikliyinə istinad etməklə yaşayış evinin qaz sayğacınn quraşdırılmasından imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı yaşayış evinə qaz sayğacının quraşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyası 26-cı maddənin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, Maddə 98 Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. 149-cu maddənin İİİ hissəsinə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2.1 Bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qanunun 1-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilmişdir: “10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” Qanunun 2-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qanunu 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydaları Maddə 1.11 Qaz paylayıcısı bu Qaydaya uyğun olaraq sifarişçinin tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlər verir. Texniki şərtlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və həmin Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla hazırlanır. Maddə 1.2 Texniki şərt - tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 80.4 Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaqsahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əsas hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxımalı olmaması səbəbindən mülki işin icraatına xitam verilməsinə dair cavabdehin nümayəndəsinin etirazı ilə bağlı bildirir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarın yeni redaksiyada verilmiş (xx.xx.2024-cü il tarixli dəyişiklikdən sonra) 14-cü bəndinin 3-cü cümləsində qeyd olunur ki, təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Ona görə məhkəmə hesab edir ki, qeyd olunan Plenum qərarındakı dəyişikliklərdən sonra mövcud mübahisə mülki xarakterli sayıldığından, hazırkı mülki işin icraatına xitam verilməməli və iddia tələbinə mülki mühakimə icraatı qaydasında mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə işin mahiyyəti ilə bağlı ilk olaraq qeyd edir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin özbaşına tikili olması, eyni zamanda həmin tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaması mülki işin mübahisəsiz halıdır. İddiaçının subyektiv hüququ ilə bağlı məhkəmə qeyd edir ki, mülkiyyətlə bağlı hüquqmüəyyənedici sənədlər olmasa da, İddiaçı sözügedən fərdi yaşayış evinə məhkəmə qətnaməsi əsasında köçürülmüş və həmin tikilidən istifadə etmək hüququ yaranmışdır. Bundan sonra o, istehlakçı kimi digər kommunal xidmət müəssisələri ilə müqavilələr bağlamış və müqavilə əsasında həmin xidmətlərdən istifadəçisi olmuşdur. Fərdi yaşayış evinin qaz paylayıcı şəbəkəyə qoşulması üçün müraciət etdikdə isə Cavabdeh İB tərəfindən müqavilə bağlanmasından imtina olunmuş və hazırkı mübahisə yaranmışdır. Göstərilənərə əsasən məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh İB-yə qarşı öhdəliyin həvalə olunması ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yaranmışdır. Eyni zamanda məhkəmə hesab edir ki, İddiaçı belə iddia irəli sürməyə subyektiv hüququ olsa da, həmin iddianın təmin olunması üçün hüquqi əsası yoxdur. Məhkəmə qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbində qaz sayğacının quraşdırılmasını tələb etsə də, mübahisə ilə bağlı iddiaçının həqiqi arzusunun yaşayış sahəsinin qazpaylayıcı şəbəkəyə qoşulması öhdəliyinin Cavabdeh İB-yə həvalə edilməsindən ibarət olduğu müəyyən edilmişdir. Ona görə hazırkı iddia tələbinə yalnız qaz sayğacının quraşdırlması öhdəliyi çərçivəsindən deyil, həm də mübahisənin hüquqi mahiyyətinə uyğun olaraq tikilinin qazpaylayıcı şəbəkəyə qoşulması ilə bağlı yaranan hüquq münasibətləri baxımından qiymət verilməlidir. Belə ki, qanunvericiliyin tələbinə əsasən yaşayış sahəsinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün həmin tikinti obyektinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edilməlidir. Özbaşına tikililərə isə mülkiyyət və digər əşya hüquqları mövcud olmur. Həmçinin, qanunvericilik birbaşa olaraq özbaşına tikililərə münasibətdə onların qazpaylayıcı şəbəkəyə qoşulmasını qadağan etmişdir. İddiaçının yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi də özbaşına tikili olduğundan və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun olmasını təsdiq edən hüquqmüəyyənedici sənədlər olmadığından, həmin yaşayış sahəsinin qazpaylayıcı şəbəkəyə qoşulması qanunvericiliklə istisna olunur. Bununla yanaşı məhkəmə qeyd edir ki, “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydalarına əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlər verilməlidir. Adi şəraitdə tikililərin qazlaşdırılması, cavabdeh təşkilat tərəfindən texniki şərtin verilməsi yolu ilə mümkün olur. Yəni ki, qaz sayğacının quraşdırılması və qaz xətlərinin çəkilməsi, cavabdeh təşkilat tərəfindən tikiliyə dair texniki şərtlər verildikdən sonra həyata keçirilir. İddiaçının yaşadığı tikili ilə bağlı texniki şərtin olması da iş materialları ilə müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının yaşadığı tikilinin qazlaşdırılması üçün istehlakçı ilə müqavilənin bağlanmasından Cavabdeh İB-nin imtina etməsi əsaslı olmuşdur. Məhkəmə həmçinin izah edir ki, sözügedən tikiliyə dair mülkiyyət hüququ ilə bağlı hüquqmüəyyənedici sənədlər alındıqdan sonra, mülkiyyətçi tikilinin qazlaşdırılması üçün yenidən müraciət etmək hüququna malkdir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “qaz sayğacının quraşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar