Məhkəmə qərarları › İş №2(011)-5654/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5654/2022

17.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5654/2022 17.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Nəriman oğluna, Cavabdeh2 Rafail oğluna, Cavabdeh4 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 49 saylı evin 50 saylı mənzilinə (bundan sonra – Mənzil) dair iddiaçı ilə Cavabdeh1 (bundan sonra – keçmiş mülkiyyətçi) arasında xx.xx.2014-cü il tarixli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmış və bu barədə ona Dövlət reyestrindən Çıxarış verilmişdir.

2. Cavabdehlər iddiaçının ailə üzvü deyil. Onlardan – Cavabdeh1 xx.xx.2022-ci il tarixdən, Cavabdeh2 xx.xx.2019-cu il tarixdən, Cavabdeh4 xx.xx.2019-cu il tarixdən və Cavabdeh3 xx.xx.2022-ci il tarixdən etibarən iddiaçıya məxsus Mənzildən qeydiyyatdan çıxaraq ünvan 1 ünvanında pasport qeydiyyatına alınmışlar.

3. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehlərin Bakı şəhəri, G.Şıxlinski küçəsi, 49 saylı evin 50 saylı mənzilindən istifadə hüquqlarına itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Mənzili alqı-satqı müqaviləsi ilə almışdır. Mənzilə dair mülkiyyət hüququ onun adına qeydiyyata alınmışdır. Cavabedhlər Mənzili satdıqları vaxtdan köçüb getmələrinə baxmayaraq qeydiyyatdan çıxmamışlar. Bu hal onun mülkiyyət hüquqlarını pozur.

b. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.

7. Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər.

10. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

12. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

13. Maddə 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

14. Maddə 178.1 Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

15. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

17. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

18. Maddə: 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. İşə baxan məhkəmənin mövqeyi:

24. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

15. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

16. İddianın əsasını cavabdehlərin Mənzilə dair istifadə hüququ ilə bağlı mübahisə təşkil edir. İstifadə hüququ Mülki Məcəllədə həm ayrıca bir hüquq kimi (istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.3), həm də mülkiyyət hüququnun tərkib hissəsi kimi müəyyən edilmişdir (mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.1).

25. Hazırkı mübahisə Cavabdeh1 mülkiyyət hüququna aid olan istifadə hüququ ilə bağlıdır. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, Cavabdeh1 Mənzilin əvvəlki mülkiyyətçisi olmuş və onunla iddiaçı arasında bağlanmış, alqı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır.

26. Məhkəmə qeyd edir ki, iddiaçının Mənzilə dair mülkiyyət hüququnu əldə etdiyi andan Cavabdeh1nın həmin Mənzilə dair bütün hüquqları, o cümlədən istifadə hüququ itirilmişdir. Belə ki, əvvəla, cavabdehin istifadə hüququ, əvvəldə də qeyd edildiyi kimi, onun mülkiyyət hüququna bağlı olmuş, Mənzilin satılması ilə cavabdehin mülkiyyətinə dair qeyd yazısı ləğv edilməklə, onun mülkiyyət hüququ, eyni zamanda mülkiyyət hüququna bağlı olan digər hüququları da itirilmişdir (§ 15).

27. Digər tərəfdən, cavabdeh Mənzili özgəninkiləşdirməklə, mülkiyyət hüququndan birdəfəlik imtina etmiş, Mənzillə bağlı bütün əlaqələrini daimi olaraq kəsmiş və xx.xx.2022ci il tarixdən etibarən ünvan 1 ünvanında pasport qeydiyyatına alınmışdır.

28. Həmçinin, işin mübahisəsiz hallarından o da müəyyən olunur ki, digər cavabdehlərin də Mənzilə dair hər hansı bir hüququ, ö cümlədən bağlılığı yoxdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdehlər - Cavabdeh2 xx.xx.2019-cu il tarixdən, Cavabdeh4 xx.xx.2019-cu il tarixdən və Cavabdeh3 xx.xx.2022-ci il tarixdən etibarən iddiaçıya məxsus Mənzildən qeydiyyatdan çıxaraq ünvan 1 ünvanında pasport qeydiyyatına alınmışlar.

29. Bundan başqa, məhkəmə qeyd edir ki, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. Cavabdehlərin isə iddiaçının ailə üzvləri olması iş materialları ilə təsdiq olunmur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar