Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5690/2023 03.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımova Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7, Cavabdeh2 ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, 823-cü keçid, ev 4, m-86dan istifadə hüquqlarının itirilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili keçmiş mülkiyyətçisindən alqı-satqı müqaviləsinə əsasən almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən onun adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Alqı-satqı müqaviləsinin 13-cü maddəsinə əsasən mənzil ona satıldıqdan sonra mənzilin keçmiş sakinləri həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Mənzilin keçmiş sakinləri hal hazırda onun mükiyyətində olan mənzildən köçüb getmələrinə baxmayaraq qeydiyyatdan çıxmamışlar. Bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarını pozur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki yaşayış yerləri məlum olmadığından, onlar məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılaraq, ünvanlarına məhkəmə bildirişləri göndərilmiş, lakin həmin mənzilin yerləşdiyi əraziyə xidmət edən poçt xidməti tərəfindən məhkəmə bildirişləri məhkəməyə geri qaytarılmışdır. Cavabdehlərə göndərilmiş məhkəmə bildirişi məhkəməyə geri qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 86 saylı mənzilin ümumi sahəsi 99.48 kv.metr olmaqla, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, həmin ünvanda Cavabdeh1, X1, X3, X2, X6 və Cavabdeh2 qeydiyyatdadırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə X8 arasında ünvan 2 ünvanında yerləşən 86 saylı mənzilinə dair xx.xx.2019-cu ildə alqı-satqı müqaviləsi bağlanmış, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində X4 mülkiyyət hüququ və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı mənzili alarkən üçüncü şəxslərin mənzildə qeydiyyatdan çıxmalarını güman etmiş, lakin sonradan cavabdehlərin həmin mənzilə qeydiyyatda qalmaları ona məlum olmuşdur. Mənzil iddiaçıya satılarkən satıcı X8 mənzili boşaltmağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh1 notarial qaydada təsdiq olunmuş ərizə verərək, qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən 86 saylı mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarından görünür ki, Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 notarial qaydada təsdiq olunmuş ərizə verərək, qeydiyyatda olduğu X5 məxsus olan ünvan 2 ünvanında yerləşən 86 saylı mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd edilən Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Hazırki iddia üzrə cavabdehlər iddiaçıya məxsus mənzilin keçmiş sakinləri olmaqla, həmin mənzildə qeydiyyatda olsalar da, lakin iddiaçı mənzili daşınmaz əmlakın dövlət reyestri məlumatına əsasən yüksüz əldə etmiş və hazırda onun mülkiyyətçisidir. Cavabdehlər mənzildə yaşamadıqlarından və daimi yaşamaq üçün başqa yerə getdiklərindən, onların mübahisəli mənzildən istifadə hüquqları aradan qalxmışdır. Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında da göstərilmişdir ki, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun qalxdığı hallara aiddir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 86 saylı mənzildə qeydiyyatda olsalar da, faktiki olaraq həmin ünvanda yaşamırlar və onların mübahisəli yaşayış sahəsinə qeydiyyatları formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmur. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli ünvan 2 ünvanında yerləşən 86 saylı mənzildə qeydiyyatları formal xarakter daşıdığından, onların həmin mənzildə qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqları məhdudlaşdırıldığından, mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə olmadığından, iddia tələbi təmin edilməli, cavabdehlərin göstərilən yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, 823-cü keçid, ev 4 ünvanında yerləşən 86 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-5690/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5690/2023
03.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver