Məhkəmə qərarları › İş №2(011)-5698/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5698/2024

09.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5698/2024 09.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilinərək məhkum edilmiş X4 cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Hökmə əsasən hazırki iş üzrə iddiaçıya ümumilikdə 7250 (yeddi min iki yüz əlli) manat pul Məhərrəmov Əlövsətdən tutularaq ödənilməlidir.

2. Borclu şəxsin pulu olmadığı üçün borc onun Abşeron rayonu, Novxanı kəndindəki əmlakına (villasına) yönəldilmiş, hazırki iş üzrə iddiaçının təkidi ilə əmlak üzərinə həbs qoyulmuşdur.

3. Əmlakın hərracda satılma vaxtında əvvəlcədən tanıdığı Talıbov X15 Validə ilə sövdələşməyə gedərək həmin əmlakı almaq istədiyini bildirmiş və ona bu işdə dəstək olmasını xahiş etmişdir. İş üzrə tələbkar İddiaçı olduğundan hərracda əmlak ilkin olaraq ona təklif edilməli idi və o da asanlıqla həmin əmlakı ala bilərdi.

4. Cavabdeh o əmlakı alacağı təqdirdə İddiaçı dəymiş ziyanla birgə ümumilikdə 20.000 (iyirmi min) manat verəcəyini söz vermiş və hazırki bazar qiyməti 350.000 (üç yüz əlli min) manat, zirzəmi ilə birlikdə 4 mərtəbəli fərdi yaşayış evini dəyərindən qat-qat ucuz 90.000 (doxsan min) manata almışdır. Hərracdan sonra qalan 7250 manatı verməmişdir və vəd etdiyi 20.000 (iyirmi min) manatı verməyərək onu aldatmışdır.

İddiaçının tələbi:

5. Cavabdeh 12.750 (on iki min yeddi yüz əlli manat) pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Cavabdehin etirazı:

6. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.

Tərəflərin izahatı:

7. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, hazırki tələbi pul tələbidir. Evi cavabdeh adına keçirmişdir, lakin ona vəd etdiyi pulu ona verməkdən imtina etmişdir. Evi versə də razılaşardı və cavabdehə demişdir ki, evi də versə, razı olar və gedib o evdə yaşayar. Lakin evi də verməkdən imtina etmişdir, onun əvəzində isə pul verməklə razılaşdı. O, həmin evin əvvəlki mülkiyyətçi olmamışdır. Sadəcə həmin evin pulundan ona da pul çatmalı idi. 7250 manat ona ödənilmişdir, 6250 manat öz pulu, 1000 manat da Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmişdir. İndi hazırda hər şeyin qiyməti bahalaşmaqdadır. Sadəcə pulu vaxtında ödəməmişdir. 2018-ci il tarixdə ödəməli olduğu borcu niyə üzərindən neçə il keçdikdən sonra ödəməlidir? Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında qeyd etmişdir ki, onun adında heç bir əmlak yoxdur. Onun iddiaçıya heç bir borcu yoxdur. Həmin cinayət işi üzrə, o özü də iddiaçı da zərərçəkmiş olmuşdur. O torpaq sahibini də çağırmışdır, pulu torpaq sahibinə vermişdir ki, o, versin. Validə xanımın da öz əli ilə yazdığı sənədlər mövcuddur. İddia tələbi əsassızdır, hələ o, özü zərərçəkmiş olsa da öz pulunu ala bilmir. O, etiraf edir ki, Validə xanıma demişdir ki, gəl evi birlikdə daha yaxşı qiymətə sataq, 20 min manatını o, götürsün. Lakın ev satılmadı. 20 min manatı yalnız evin satılmasına kömək edəcəyi təqdirdə verəcəyini vəd etmişdir. Qərarda da deyilir ki, həmin ev sökülməlidir, hazırda onun özünün yaşamağa evi yoxdur. Hərrac nəticələri daha sonra ləğv olundu və o evi öz adına rəsmiləşdirə bilməmişdir. Çıxarış da mövcuddur ki, torpaq sahəsinin sahibinin kim olduğu onunla təsdiqini tapır. O iddiaçının ona hər hansı xidmət göstərməsi qarşılığında pul vəd etmədiyi qeyd etmiş, özünün də zərərçəkmiş şəxs qismində tanınıdığı cinayət işi üzrə iddiaçının zərərini belə o ödəmişdir. Bu pulu mütəmadi olaraq onunla bağlı polisə, prokurorluğa şikayət etməsindən yaxar qurtarmaq üçün etdiyini bildirmişdir.İddia tələbini qəbul etməmiş və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

9. AR ƏDMK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X7 məxsusdur.

10. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)72/2017 saylı xx.xx.2017-ci il tarixli hökmünə əsasən digər şəxslərlə yanaşı zərərçəkmiş şəxslər qismində İddiaçı və Cavabdeh da tanınmışlar. Hökmə əsasən, zərərçəkmiş şəxs İddiaçı mülki iddiası qismən təmin edilmiş, maddi ziyan 6250 manat pul X3 tutularaq İddiaçı ödənilməsi, zərərçəkmiş şəxs İddiaçı iddia tələbi İcra haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli, 1(101)-72/2017 saylı qərarı ilə üzərinə həbs qoyulmuş Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən X5 mülkiyyətində olan torpaq sahəsinin üzərindəki tikilinin inventarına yönəldilməsi, İddiaçı mülki iddia ərizəsi 4000 manat mənəvi ziyan tələbi hissəsində baxılmamış saxlanılmışdır. Zərərçəkmiş şəxs Cavabdeh mülki iddiası təmin edilmiş, 104.000 manat pulun X3 tutularaq Cavabdeh ödənilməsi hökm edilmişdir. Zərərçəkmiş şəxs Cavabdeh iddia tələbinin İcra haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli, 1(101)-72/2017 saylı qərarı ilə üzərinə həbs qoyulmuş Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən X5 mülkiyyətində olan torpaq sahəsinin üzərindəki tikilinin inventarına yönəldilməsi hökm edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-92/2018 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən digər hallarla yanaşı zərərçəkmiş İddiaçı mülki iddiasının mənəvi ziyan tələbi hissəsi 1000 (min) manat məbləğində təmin edilmiş, həmin məbləğin Əlövsət Məhərrəmovdan tutulub İddiaçı ödənilməsi, qalan hissədə İddiaçı şikayətinin təmin edilməməsi qərara alınmışdır.

12. Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli İcraata başlamaq haqqında qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)72/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 545/2018 saylı 11 may 2018-ci il tarixli Qərarına əsasən zərərçəkmiş şəxs İddiaçı kassasiya şikayəti təmin edilməmişdir.

14. 02 may 2018-ci il tarixli Qiymətləndiricinin dəvət edilməsi haqqında Qərara əsasən Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən X5 mülkiyyətində olan torpaq sahəsinin üzərindəki tikilinin inventarına ilkin qiymət qoyulmasından ötrü "xxxx" MMC-dən qiymətləndirici-mütəxəssis dəvət edilmişdir.

15. AR ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi idarəsindən gəlmiş xx.xx.2018-ci il tarixli sorğuya cavaba əsasən X11 xx.xx.2015-ci il tarixli, 4Ə-147 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan 0,05 ha torpaq sahəsini X2, X13 daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX0583690 blank nömrəli çıxarış əldə etmişdir. X13 öz növbəsində xx.xx.2015-ci il tarixli, 4Ə-3261 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan 0,05 ha torpaq sahəsini X1, sonuncu daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX ******* blank nömrəli çıxarış əldə etmiş və Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən və ziyanın üzərindəki tikilinin inventarına yönəldilməsi qərara alınmış 0,05 ha torpaq sahəsi hazırda X6 mülkiyyətindədir.

16. X12 MMC tərəfindən verilmiş açıq hərracın keçirilməsinə dair bildirişlər.

17. X12 MMC tərəfindən verilmiş Hərracın Yekunları barədə 227№li protokola əsasən X8 məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsinin üzərindəki tikilinin (icra sənədi üzrə borc 104000,62 manat), tam dəyəri "xxxx" MMC-nin 1302 saylı xx.xx.2018ci il tarixli rəyinə əsasən 100.000 (bir yüz min) manat Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə (Vergi və mülki məcəllələrinə) uyğun olaraq 10% endirimlə 90.000 (doxsan min) manatdır. Qalib alıcı Cavabdehdur. Əmlakın satış qiyməti- 90.000 (doxsan min) manatdır. Hərrac mərkəzinə ödənilməli olan beh məbləği 4500 manatdır.

18. xx.xx.2018-ci il tarixli Akta əsasən Talıbov X16 rayonu, Novxanı kəndində yerləşən tikilinin inventarını (fərdi yaşayış evini) təhvil almış və bunu öz imzası ilə təsdiq etmişdir.

19. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2017 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən AR Ədliyyə Nazirliyinin Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X14 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)72/2017 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə izah verilməsinə dair ərizəsi təmin edilmişdir. Məhkəmə qeyd etmişdir ki, 1. Tikilinin altında olan torpaq sahəsinin icra vərəqinə heç bir aidiyyatı yoxdur və inventar sayılmır. Verilmiş sualda qeyd olunan tikilinin inventarının altında torpaq sahəsi yoxdur. (halbuki icra vərəqi üzrə olan inventarın altında torpaq sahəsi ola bilməz, bu aksiomadır) və belə olan halda nə heç bir torpaq sahəsi, nə də ki, borclu şəxs X9 məxsus torpaq sahəsi də birgə nəzərdə tutulmur. 2. İcra məmurunun sualında qeyd etdiyi “Gələcəkdə hərrac və ya digər vasitə ilə əldə edən hər hansı mülkiyyətçi” ifadəsi anlaşılan deyil. Belə ki, hərrac 16 avqust 2018-ci il tarixdə keçirilmiş, icra məmuru, 03 sentyabr 2018-ci il tarixdə məhkəmədən izah verilməsini xahiş etmiş, izah verilməsini xahiş etmiş icra məmuru Asəm Əhmədov izaha cavab almadan 12 sentyabr 2018-ci il tarixdə inventarını deyil tikilinin özünü aktla tələbkar İddiaçı məlumat vermədən razılığını almadan digər tələbkar Cavabdeh təhvil vermişdir. Torpaq sahəsi qeyri-şəxslərə məxsus olduğu halda tələblərin yönəldiyi tikilinin inventarından həmin torpaq sahəsi üzərində qanuni əsas olmadan (hazırki icra vərəqəsi belə istifadəyə əsas vermir) sərbəst şəkildə maneəsiz istifadə sualda qeyd olunmuş əldə edən (halbuki əldə edən dedikdə kimin nəyi əldə edəcəyi nəzərdə tutulduğu müəyyən olunmur) tərəfindən mümkün deyil.

20. Bakı Ağır Cinayətlər Məhkəməsinin 7(101)-3/2020 nömrəli 20 fevral 2020-ci il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2018-ci il tarixli 1(101)- 72/2017 saylı icra sənədinə izah verilməsi haqqında Abşeron Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X17 tərəfindən verilmiş ərizə təmin edilmiş, birinci sual üzrə- Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli 1(101)-72/2017 saylı hökmündə üzərinə həbs qoyulmuş tikilinin üzərində yerləşən torpaq sahəsi heç vaxt məhkum X9 məxsus olmamışdır. Tikilinin inventarına yönəldilsin dedikdə, tikilinin sökülməsi nəticəsində əldə edilmiş inventar-qapı-pəncərələr, dam örtüyü, döşəmə, su çəni, tikinti zamanı istifadə olunmuş mişar daşları və.s bu kimi materialların ayrı-ayrılıqda və ya birlikdə qiymətləndirilməklə satılması və ya digər yolla özgəninkiləşdirilməsi ilə əldə olunmuş pul vəsaitinin vurulmuş ziyana mütənasib olaraq tələbkarlara- zərərçəkmiş şəxslər İddiaçı və Cavabdeh nağd və ya bank hesabına köçürməklə ödənilməli olması nəzərdə tutulur. Özbaşına tikili ilə əlaqədar icra başa çatdıqdan sonra tikilinin altında olan torpaq sahəsinin mülkiyyətçisinin mülkiyyət hüquqları pozulmamalı və hazırda mülkiyyətçi olan X6 torpaq sahəsindən maneəsiz sahiblik, istifadə və sərəncam hüququ təmin edilməlidir. İkinci sual üzrə- hazırki vəziyyətdə qanuni mülkiyyətçi olan X6 icazəsi və müvafiq razılığı olmadan başqaları tərəfindən həmin torpaq sahəsindən istifadə edilməsi istisna edilir.

21. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7(103)-136/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarına əsasən zərərçəkmiş şəxs İddiaçı apellyasiya şikayəti təmin olmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7(101)-3/2020 nömrəli 20 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Abşeron Rayon Polis İdarəsinin 17 oktyabr 2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqına Qərara əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh əməllərində heç bir cinayət əməlinin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

23. Disklər və mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Konstitusiyası:

60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

Məhkəmənin mövqeyi:

28. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahatını, mülki iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.

29. Belə ki, mülki iş üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

30. Məhkəmə qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

31. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, irəli sürdüyü dəlilləri sübutayetirə bilməmiş, bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir.

32. İddiaçı Cavabdeh 12.750 (on iki min yeddi yüz əlli manat) pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki qanunvericilikdə öhdəliyin yaranma əsasları kimi qeyd edilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəf bu pulun hansı öhdəliyin yerinə yetirilməməsi səbəbindən əmələ gəlməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlər hər iki tərəfin əvvəllər zərərçəkmiş qismində tanındığı cinayət işi üzrə materiallar, iddiaçının müxtəlif dövlət orqanına üznvanladığı və s. yazışmalardan ibarətdir. İddiaçı cavabdehin onun səyi nəticəsində əmlak əldə etdiyini, ona pul vəd etdiyini qeyd etsə də bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

33. Cavabdeh isə iddiaçıdan belə bir pul götürmədiyini, iddiaçının ona hər hansı xidmət göstərməsi qarşılığında pul vəd etmədiyini qeyd etmiş, özünün də zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə iddiaçının zərərini belə o ödəmişdir. Bu pulu mütəmadi olaraq onunla bağlı polisə, prokurorluğa şikayət etməsindən yaxa qurtarmaq üçün etdiyini bildirmişdir. İddiaçının qeyd etdiyi əmlak onun mülkiyyətində deyil. Cavabdehin iddiaçıya evin onun mülkiyyətinə keçməsinə göstərdiyi kömək qarşılığında 12.750 (on iki min yeddi yüz əlli manat) mant məbləğində pul vəd etməsi yalnız iddiaçının öz izahatı ilə müəyyən olunur. Həmin halla bağlı iş materiallarında başqa hər hansı mötəbər sübut mövcud deyildir. Həmin hal isə cavabdeh tərəfindən mübahisələndirilir.

34. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü üçün və buna baxmayaraq, iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi üçün iddia tələbi təmin edilməməlidir.

35. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

Məhkəmə xərcləri:

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. İddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

38. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

1. İddia rədd edilsin.

2. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

3. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar