Məhkəmə qərarları › İş №2(011)-5702/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5702/2024

17.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5702/2024 17.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aldatma yolu ilə iddiaçıdan aldığı 3.200 manat və əldən çıxmış fayda kimi 1.000 manat ümumilikdə 4.200 manat pulun birdəfəlik iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 sentyabr 2022-ci il tarixdə iddiaçı avtomaşın almaq məqədilə Cavabdeh “tap.az” saytından ilkin ödəniş 4.000 manat, 36 ay 428 manatdan ödəməklə kreditə “Toyota Prius” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün ilkin ödəniş 3.200 manat məbləğində pul vermişdir. Cavabdeh avtomaşının təmirə ehtiyacı olduğunu bəhanə edərək pulu almış, sonra isə iddiaçı ilə görüşdən, telefon zənglərinə cavab verməkdən yayınmışdır. Cavabdeh iddiaçını aldatdığını başa düşdükdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 mərkəzinə şikayət etmişdir. Pulun verildiyi yeri müəyyənləşdirirərk ərazi üzrə Bakı şəhər Sabunçu rayon 15 nömrəli Polis Bölməsində iddiaçıdan izahat alınmış, araşdırma aparıldıqdan sonra 24 dekabr 2022-ci il tarixdə materialın istintaq aidiyyatı üzrə göndərilməsi barədə qərar çıxarılmışdır. Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 26 fevral 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar verilmişdir. Bundan sonra isə Cavabdeh iddiaçıya zəng edərək pullarını qaytaracağına söz vermişdir. Həmin söz verməsi ilə öz razılığı əsasında video yazı aparılmışdır və pulunu qaytarması üçün iddiaçıdan vaxt istəmişdir, bu səbəbdən də hazırkı günə kimi gözləməli olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən cavabdehin məhkəmə iclasında iştirakı təmin edilmiş, cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. O, iddiaçıya maşın satmış, onun evində pul almış, daha sonra iddiaçı onun verdiyi kart hesabına da pul mədaxil etmişdir. Lakin iddiaçıdan nə qədər pul aldığını xatırlamır. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı maşın almaq niyyəti ilə cavabdehə pul vermiş, cavabdeh də pulu almışdır. Cavabdeh maşını iddiaçıya verməmiş, aldığı pulu da qaytarmamışdır. Cavabdeh öhdəliyini icra etmədiyi üçün iddiaçı hüquq-mühafizə orqanına müraciət etmişdir. İş materiallarında olan Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin 24 dekabr 2022-ci il tarixli qərarından görünür ki, ididaçının müraciəti üzrə aparılmış istintaq materialı aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinə göndərilmişdir. Sabunçu rayon Polis İdarəsinin 26 fevral 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında cavabdeh pulu aldığını etiraf etmiş, iddianı bu hissədə qəbul etmişdir. O, sadəcə aldığı məbləği xatırlamadığını bildirmişdir. İş materiallarında olan yazışmaların məzmunundan görünür ki, cavabdeh 3.200 manat pulu qaytaracağını bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia qismən ərizəsi əsaslıdır. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alğı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. Məhkəmə iclasında cavabdeh iddiaçı ilə aralarında yazılı müqavilə bağlandığını qeyd etsə də bu halı təsdiq edəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi alğısatqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh iddiaçıya avtomobil satmış, əvəzində iddiaçıdan pul almışdır. Cavabdeh nə avtomobili iddiaçıya vermiş, nə də aldığı pulu qaytrmamışdır. Pulun iddiaçı tərəfindən cavabdehə verilməsi və cavabdeh tərəfindən alınması cavabdehin özü tərəfindən etiraf edilmişdir. Beləliklə, cavabdehin pulu alması işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçıdan aldığı məbləği xatırlmadığını qeyd etsə də iddiaçı tərəfin təqdim etdiyi yazışmalardan görünür ki, cavabdeh 3.200 manat pulu qaytaracağını vəd etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçı ilə aralarında razılaşdırdıqları maşının alğı-satqısı ilə bağlı üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı həmin maşının dəyərinin bir hissəsini ödəmiş, lakin cavabdeh maşını iddiaçıya verməklə bağlı vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cavabdehdən 1.000 manat əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, iddiaçı iddiasının əsasını təşkil edən hallarla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu məbləğin məhz hansı qaydada hesablanması və konkret olaraq nəyin əvəzi olaraq tələb edilməsi iddia ərizəsində əsaslandırılmamışdır. Odur ki, iddia bu hissədə də rədd edilməlidir. Beləliklə, istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3.200 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 62 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbini təmin edilmiş 62 manat dövlət rüsumunun 47.12 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 12.88 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3.200 (üç min iki yüz) manat pul vəsaiti və 47.12 (qırx yeddi manat on iki qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumunun 12.88 (on iki manat səksən səkkiz qəpik) manatı iddiaçının özüə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar