Məhkəmə qərarları › İş №2(011)-5712/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5712/2022

12.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5712/2022 12.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Telnov 19-da yerləşən evdən istifadə hüququn itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ev 19, mənzil 81-i alqı-satqı müqaviləsinə əsasən, 2017-ci ildə keçmiş mülkiyyətçisi Z.Abdullayevadan almışdır, bununla bağlı ona Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli Çıxarış da verilmişdir, həmin mənzil köhnə 9 mərtəbəli binada yerləşir, mənzildə əvvəldən qeydiyyatda olan hər kəs çıxıb, yalnız cavabdeh qalıb, mənzili aldığı xanım barədə məlumatı yoxdur, hazırda evi ipotekaya qoyub, bankdan kredit götürmək istəyir, buna görə cavabdehin qeydiyyatdan çıxarılması zəruridir. Sonda İddiaçı qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin faktiki olduğu yer məlum olmadığından, o, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd aparılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan X1 və İddiaçı arasında bağlanmış 22 noyabr 2017-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin 1-ci bəndinə əsasən, satıcı X1 ünvan 1 ünvanında yerləşən mənzili alıcı İddiaçı mülkiyyətinə verməyi, Müqavilənin 8-ci bəndinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi, həmin müqavilənin 11-ci bəndinə əsasən satıcı xx.xx.2017-ci il tarixinədək mənzili alıcının faktiki sahibliyinə verməyi, Müqavilənin 13-cü bəndinə əsasən, xx.xx.2018-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ev 19, mənzil 81 tam paylı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ev 19, mənzil 81-də qeydiyyatda olan digər şəxsdir. İş materiallarında olan 152 saylı MTK-nın sədri tərəfindən verilmiş Arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, 370149, Lütfi Zadə küçəsi ev 19, mənzil 81-də yaşayır, Cavabdeh bu ünvanda qeydiyyatdadır, 2017-ci ildən sonra burada yaşamayıb. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X1 və İddiaçı arasında bağlanmış 22 noyabr 2017-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ev 19, mənzil 81 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, Cavabdeh iddiaçının ailə üzvü deyildir, hal-hazırda həmin ünvanda rəsmi qeydiyyatda olmasına baxmayaraq orada yaşamır və mənzildən istifadə etmir. Bununla belə, cavabdehin mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ev 19, mənzil 81-dən Cavabdeh istifadə hüququna xitam verilməlidir. Bununla bərabər məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ev 19, mənzil 81-dən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ev 19, mənzil 81-dən istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar