Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5809/2022 29.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – cavabdehdən vurulmuş maddi ziyanın qalığı olan 4000 manat, mənəvi zərərə görə 2000 manat, ödənilmiş 80 manat dövlət rüsumu olmaqla ümumilikdə 6080 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində ünvan 1 ünvanında yerləşən 214 nömrəli orta məktəib qarşısında sərnişin qismində əyləşdiyi iddiaçıya məxsus “Hyundai İ30” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildən, iddiaçının yaxınlıqda olan mağazaya getməyindən istifadə edərək, ön paneldə olan əlcək bölməsindən iddiaçıya məxsus 15000 manat nağd pulu gizli olaraq talamaqla iddiaçıya xeyli ziyan vurmuşdur. Baş vermiş cinayət hadisəsi ilöə bağlı iddiaçı tərəfindən polis orqanlarına müraciət edilmiş və nəticədə cavabdeh Azərbaycan respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-199/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü qəbul edilmişdir. Məhkəmə prosesi zamanı cavabdeh barəsində daha yüngül cəza növünün tətbiq edilməsi məqsədi və onun valideynlərinin israrlı xahişi ilə guya iddiaçıya olan borcun ödənilməsi barədə iddiaçı tərəfindən məhkəməyə notarial qaydada ərizə təqdim edilmişdir. Hansı ki, həmin ərizənin verilməsi qarşılığında cavabdeh tərəfdən iddiaçıya köhnə buraxılış ili olan “Mercedes” avtomobili verilmişdir ki, həmin avtomobil də onların iştirakı ilə 11000 manata satılmış və qalıq 4000 manat pulun isə məhkəmədən sonra tez bir zamanda veriləcəyinə söz verilmişdir. Məhkəmə hökmünün qəbul edilməsindən bir aydan da artıq vaxt keçməsinə baxmayaraq cavabdeh tərəf iddiaçıya olan borcunu ödəmək istəmir və bu borcun ödənilməsindən hər vəclə yayınmağa çalışır. Cavabdehin iddiaçıya borcunun olması aralarında olan telefon danışıqları və yazışmaları ilə tam sübut olunur. İddiaçı qeyd edir ki, o taksi fəaliyyəti ilə məşğul olur və bu yolla ailəsinin tələbatını ödəyir. Lakin cavabdeh şəxs iddiaçının pulunu oğurlamaqla iddiaçıya xeyli miqdarda maddi, eyni zamanda mənəvi ziyan vurmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatda iddiaçıya 7000 manat zərər vurduğunu, zərərin əvəzinin ödənildiyini və əlavə olaraq da 4000 manat pul vəsaitini iddiaçıya verdiyini bildirərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-199/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinmiş və barəsində 02 il, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı və həmçinin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, X1 iddiaçıya məxsus avtomobildən 15000 manat pul vəsaiti götürmüşdür. Bu hal Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(007)-199/2022 saylı hökmündə öz təsdiqini tapmışdır. Cavabdehin məhkəmə iclasında verdiyi izahatdan da müəyyən olunur ki, 7000 və 4000 manat olmaqla iddiaçıya ümumilikdə 11000 manat pul vəsaiti ödənilmişdir. Qalan 4000 manat pul vəsaitinin ödənilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 15000 manat məbləğində maddi zərərin vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməlin törədilməsi iş materialları ilə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya maddi zərər vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən iddiaçıya dəymiş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın “mənəvi ziyana görə 2000 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə əsassız olduğundan, təmin edilməməlidir. Ona görə ki, cavabdeh tərəfindən iddiaçının sağlamlığına maddi zərər vurulması, yaxud maddi zərər vurulmasına gətirib çıxaracaq hər hansı əməllərin törədilməsi, maddi zərərin nədən ibarət olması və hansı qaydada və hansı meyarlara əsaslanaraq müəyyən olunması iş materialları ilə müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə sübut olunmadığından, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının əldə edəcəyi gəlirdən məhrum qalması və işgüzar nüfuzunun aşağı düşməsi kimi hallar onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi və dəymiş mənəvi zərərin 2000 manat olması barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi zərərin ödənilməsinə dair iddia tələbi də əsassızdır. Odur ki, iddianın mənəvi zərərin ödənilməsinə dair hissəsi də rədd edilməlidir. Məhkəmə həmçinin iddianın “ödənilmiş 80 manat dövlət rüsumunun cavabdehdən tutulması” hissəsini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 80 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində vurulmuş maddi ziyana görə pul vəsaiti və 80 (səksən) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-5809/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5809/2022
29.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver