Məhkəmə qərarları › İş №2(011)-583/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-583/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-583/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və digər tələbinə dair mülki işə açıq məhkəmə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 ilə Cavabdeh2 arasında olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh X2 ilə birgə nikah dövründə əldə etdikləri “Toyota Prius” markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomaşından onun 50% payının müəyyən edilməsi və həmin əmlakın hərrac yolu ilə satılması və onun payına düşən hissənin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz hallarına görə, iddiaçı ilə Cavabdeh1 11.06.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, onların nikahı Tovuz Rayon Məhkəməsinin 2(062)-633/2021 saylı, 12.03.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflər birgə nikahda olduqları müddətdə “Toyota Prius” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra - Avtomobil) əldə edilmiş və 29.05.2019-cu il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Avtomobil 07.01.2021-ci il tarixdə Cavabdeh1 tərəfindən digər Cavabdeh2 satılmış, 14.09.2021-ci il tarixdə isə Avtomobilə dair yenidən Cavabdeh1 atası Teymur Abdurəhmanova adına etibarnamə verilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı cavabdeh X2 ilə 11 iyun 2018-ci tarixində 1184 sayla nikahları rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 16 dekabr 2019-cu il tarixdə Zeynəb adlı bir qızları anadan olmuşdur. Cavabdehlə aralarında ciddi narazılıq olmuş, mübahisə yaranmış, çıxıb atası evinə gəlmişdir. Hazırda az yaşlı uşağı ilə birlikdə atası evində yaşayır. Tovuz rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(062)-633/2021 saylı qətnaməsilə (hakim Qafil Baxşıyev) cavabdehlə aralarında olan nikahları pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə “Toyota Prius” markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomaşını 29.05.2019-cu ildə əldə etmişlər. İddiaçı aralarındakı mübahisədən istifadə edib Avtomobili 07.01.2021-cu il tarixdə dostu Cavabdeh2 satmlşdır. Həmin alqı-satqı müqaviləsi etibarsız sayılmalı, həmin avtomaşın birgə nigah dövründə əldə edilmiş əmlak hesab edilməli və hərraca çıxarılıb satılaraq bölünməlidir. Cavabdeh1 birgə nigah dövründə əldə etdikləri əmlakdan onun payına düşən hissəni verməkdən boyun qaçırır. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, bağlanmış alqısatqı müqaviləsi formaldır. Ülvi ilə alqı-satıq müqaviləsi bağlanandan sonra yenə Avtomobilə dair cavabdehin atasına etibarnamə verib. Bu hal alqı-satqı müqaviləsinin etibarlılığına dair şübhə yaradır. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, Avtomobilin satılmasına səbəb pandemiya şəraiti olub. Avtomobilin satılmasından əldə olunan pulu evə xərcləyiblər. Avtomobili alan şəxs maşın alveri ilə məşğul olur. Çox güman ki, maşın satıldıqdan sonra cavabdehin atasının adına etibarnamə verib. Məhkəmə tərəflərin vəkili və nümayəndələrinin izahatlarını dinləyərək, iddianın dəlillərini, habelə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 və Cavabdeh2 arasında ağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsaslıdır. Məhkəmə hesab edir ki, müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı mübahisəyə iki aspektdən hüquqi qiymət verilməlidir: birinci, iddiaçının bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması, ikincisi Avtomobilə dair alqı-satqı müqavilələrinin etibarsızlığına səbəb olan halların mövcud olub-olmaması. Birinci aspektlə bağlı məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı Cavabdeh1la 11.06.2018-ci il tarixdə nikaha daxil olmuş və onların nikahı 12.03.2021-ci il tarixdə pozulmuşdur. Birgə nikah dövründə isə (29.05.2019-cu il tarixdə) mübahisəli Avtomobil cavabdehin adına qeydiyyata alınmışdır. Ailə Məcəlləsində müəyyən edilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (32.1-ci maddə). Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir (32.2.2-ci maddə). Həmçinin, Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qeyd edilən müddəalarda ər-arvadın ümumi birgə əmlakının əldə olunmasının qanuni əsasları, həmçinin həmin əmlakın ər-arvadın birgə əmlakı hesab edilməsi üçün üç dispozitiv şərt müəyyən edilmişdir: 1) tərəflərin birgə nikahda olmaları; 2) əmlakın nikah müddətində əldə olunması və 3) əmlakın ər-arvadın birgə qazancları hesabına əldə olunması. Qeyd edilən şərtlərdən birinin mövcud olmaması əmlakın birgə mülkiyyət hesab olunması üçün hüquqi əsası aradan qaldırmış olur. İşin mübahisəsiz hallarından da görünür ki, iddiaçı ilə cavabdeh 11.06.2018-ci il tarixdə nikaha daxil olmuşlar (birinci hüquqi əsas). Tərəflər birgə nikahda olduqları müddətdə mübahisəli Avtomobil əldə edilmişdir. Belə ki, DİN BDYPİ tərəfindən məhkəməyə təqdim edilmiş məlumatdan görünür ki, Avtomobil 29.05.2019-cu il tarixdə gömrük vəsiqəsi əsasında cavabdehin adına qeydiyyata alınmışdır (ikinci hüquqi əsas). Üçüncü hüquqi əsasala, yəni Avtomobilin tərəflərin birgə qazancı hesabına əldə olunması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində bu dəlili irəli sürmüş, cavabdeh isə iddiaçının həmin dəlili ilə bağlı nə etirazını, nə də inkaredici sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu halda, məhkəmə belə qənaətə gəlir ki, Avtomobilin tərəflərin birgə nikahda olduqları vaxt əldə olunması iş materialları əsasında işin mübahisəsiz halı kimi müəyyən edildiyindən, cavabdehin isə Avtomobilin onların birgə qazancı hesabına əldə edilməsini istisna edən sübutları məhkəməyə təqdim etməməsi, mübahisəli əmlakın tərəflərin birgə qazancı hesabına əldə edilməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Beləliklə, əmlakın ər-arvadın birgə əmlakı hesab edilməsi üçün yuxarıda qeyd edilən müddəada nəzərdə tutulmuş hər üç hüquqi əsas mövcud olduğundan və Avtomobil tərəflərin birgə ümumi mülkiyyəti hesab edildiyindən, iddiaçı isə həmin əmlakdan pay haqqı almaq hüququna malik olduğundan mübahisəli Avtomobilin alqı-satqısı müqaviləsinin etibarsızlığı barədə iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Avtomobilə dair bağlanmış alqı-satqı müqaviəsinin etibarsız hesab edilməsinin əsaslılığının yoxlanılması isə müqavilələrin etibarsızlığına səbəb olan halların mövcud olub-olmamasının araşdırılmasını tələb edir. Bunun üçün əqdin qanunilik şərtlərinin yoxlanılması zəruridir. Mülki Məcəllənin 324-cü maddəsində əqdə verilən anlayışa görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1-ci maddə). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4-cü maddə). Mülki Məcəllənin etibarsız əqdlərə verilən anlayışda isə qeyd edilir ki, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1-ci maddə). Qanunun tələbinə görə yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtləri əsasən dörd kateqoriyada qruplaşdırılmaq olar: 1) əqdin subyekt tərkibinə dair şərtlər (Mülki Məcəllənin 25, 28-30 və 32-ci maddələri); 2) əqdin məzmununa dair şərtlər (Mülki Məcəllənin 390-cı maddəsi); 3) əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər (Mülki Məcəllənin 324-326-cı maddələri); 4) əqdin formasına dair şərtlər (Mülki Məcəllənin 329, 331 və 334-cü maddələri). Hər hansı əqdin etibarlılığı birinci növbədə onun arzu olunan hüquqi nəticəyə səbəb olmasına bağlıdır. Arzu olunan hüquqi nəticə isə qeyd edilən bütün kateqoriyadan olan şərtlərə əməl edilməsi nəticəsində əldə oluna bilər. Konkret mübahisəyə gəldikdə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinin etibarlı olub-olmaması üçün, tərəflərin münasibətlərinin xarakteri baxımından, Avtomobilin satılmasına dair iddiaçının həqiqi hüquqi niyyətinin və iradə ifadəsinin olub-olmaması dəqiqləşdirilməli, işin faktiki və mübahisəsiz halları nəzərə alınmaqla, eləcə də işdə olan sübutlar əsasında iradə ifadəsinin mövcud ola bilmə imkanı müəyyən edilməlidir. Mülki Məcəllənin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq birgə mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Ailə Məcəlləsinin 33.1 və 33.2-ci maddələrində də qeyd edilir ki, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Göstərilən müddəaların mənasından belə nəticə əldə olunur ki, əgər ər-arvad birlikdə yaşayırlarsa və onlar arasındakı ailə münasibtələri nə rəsmi, nə də faktiki olaraq pozulmamışdırsa, o halda tərəflərdən birinin birgə mülkiyyətdə olan əmlaka dair (rəsmi reyestrdə qeydiyyata alınmalı olan daşınar əşyalar istisna olmaqla) sərəncam verməsi barədə əqdləri bağlayarkən, digər tərəfin də belə əqdin bağlanmasına razılıq verdiyi güman edilir. Lakin bu güman yalnız tərəflərin ailə münasibətlərinin normal qaydada davam etdirilməsi ehtimalına əsaslanmaqla edilə bilər. Əks halda, bu Konstitusiyanın 12-ci və 29-cu maddələrində əks olunmuş dövlətin ali məqsədinə, habelə mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərinin müdafiəsinə təminat verən Mülki Məcəllənin 1.2-ci maddəsində nəzərdə tutulan mülki qanunvericiliyin əsas vəzifələrinə zidd olardı. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mübahisə çərçivəsində Avtomobilə dair sözügedən alqı-satqı müqaviləsinin etibarlılıq şərti üçün ilk növbədə iddiaçının iradə ifadəsinin (razılığının) olub-olmamasının müəyyən edilməsi obyektiv nəticəyə gəlmək üçün vacibdir. İşin mübahisəsiz haları ilə müəyyən edilir ki, Avtomobil 07.01.2021-ci il tarixdə cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir. İddiaçı isə 20.01.2021-ci il tarixdə daimi olaraq Cavabdeh1la birlikdə yaşadığı evdən getmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ailə münasibətləri hələ 2020-ci ilin dekabr ayında pozulmağa başlamışdır. Belə ki, iddiaçı məhkəmədə (10 mart 2022-ci il tarixli məhkəmə iclas protokolu) verdiyi izahatında bildirmişdir ki, 12 dekabr 2020-ci il tarixdə cavabdehlə ailə münasibətləri pozulmuşdur. Həmin vaxtdan 20.01.2021-ci il tarixədək qaynatasına məxsus evdə ayrıca otaqda yaşamışdır. İşin bu halının əksinin təkzib edilməsi ilə bağlı cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, tərəflər arasında ailə münasibətləri faktiki olaraq hələ 2020-ci ilin dekabr ayından pozulmuş, Avtomobil isə 07.01.2021-ci il tarixdə Cavabdeh1 tərəfindən satılmışdır. Məhkəmənin qənaətinə görə bu halda, Avtomobillə bağlı sərəncam əqdinə dair iddiaçının razılıq verməsinin (iradə ifadəsinin) güman edilməsi şübhə doğurur. Çünki, yuxarıda da qeyd edildiyi kimi, hazırkı mübahisə daxilində əqdə razılığın güman edilməsi yalnız tərəflər normal ailə münaibətlərində olduğu halda etibarlı ola bilərdi. Şərh edilənlərdən də göründüyü kimi, Avtomobil satılarkən iddiaçı ilə Cavabdeh1 ailə münasibətləri pisləşmişdir. Cavabdehin nümayəndəsi tərəflərin 20.01.2021-ci il tarixədək birlikdə yaşamalarını və Avtomobilin satışından əldə olunmuş pul vəsaitinin birlikdə xərclədiklərini bildirsə də, həmin pul vəsaitinin nəyə xərclənməsi, yaxud həmin pul hesabına nəyinsə alınması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Avtomobilə dair 07.01.2021-ci il tarixli müqavilə görünüş üçün bağlanmışdır. Belə ki, DİN BDYPİ tərəfindən məhkəməyə təqdim edilmiş məlumatdan görünür ki, Avtomobil Cavabdeh2 satıldıqdan sonra, 14.09.2021-ci il tarixdə verilmiş etibarnamə ilə Cavabdeh1 atası Teymur Abdurəhmanova verilmişdir. Bu halı iddiaçı da təsdiq edərək məhkəmə iclasına bildirmişdir ki, o, evdən getdiyi 20.01.2021-ci il tarixədək Avtomobili yaşadıqları binanın həyətində daimi görürdü. Göründüyü kimi, Avtomobilin alqı-satqı müqaviləsi bağlandıqdan bir müddət sonra etibarnamə ilə onun yenidən Cavabdeh1 atasına verilməsi cavabdehin (Cavabdeh1) Avtomobilin həqiqi satılması ilə bağlı niyyətinin olmaması, müqavilənin yalnız görünüş üçün bağlanması və uydurma olması barədə nəticəyə gəlməyə əsas verir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.3-cü maddəsində isə deyilir ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qeyd edilən Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli Qərarında da qeyd edilir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olubolmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, işin şərh edilən halları əsasında məhkəmə belə qənaətə gəlir ki, 07.01.2021-ci il tarixli müqavilə iradə ifadəsi ilə bağlı etibarlılıq şərtlərinə cavab vermədiyindən, yəni Avtomobilin satılmasına diar iddiaçının iradə ifadəsi mövcud olmadığından, həmçinin həmin müqavilə Avtomobilin satılmasına dair həqiqi hüquqi nəticə yaratmaq niyyəti olmadan bağlandığı üçün əhəmiyyətsizdir. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının Avtomobilə dair 50% payının müəyyən edilməsi hissəsində də təmin edilməlidir. Avtomobilin iddiaçı ilə Cavabdeh1 birgə əmlakı olması barədə (iddiaçının subyektiv hüququna hüquqi qiymət verilərkən) yuxarıda ətraflı şərh edilmişdir. odur ki, Avtomobil tərəflərin birgə nikahda olduqları müddətdə əldə edildiyindən, birgə nikah müddətində əldə edilmiş həmin əmlakların bölünməsinə dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə əmlakın qeyri-bərabər bölünməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından Avtomobilə dair tərəflərin hər birinin mülkiyyəti (payı) bərabər hesab edilməlidir. Ailə Məcəlləsinin 37.1-ci maddəsində deyilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə işin hallarını və qanunvericiliyin qeyd edilən müddəasının tələbini nəzərə alaraq hesab edir ki, Avtomobilə dair mülkiyyət hüququ bərabər olmaqla, ½ hissədə (50%) iddiaçının, ½ hissədə (50%) isə Cavabdeh1 payları müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin həmin əmlakın hərrac yolu ilə satılması və onun payına düşən hissənin verilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Paylı mülkiyyətdə olan daşnmaz əşyanın bölünməsini və ondan payın ayrılması əsaslarını tənzimləyən Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Yenə həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmçinin, “Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04.04.2014-cü il tarixli Qərarında göstərilir ki, ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, Mülki Məcəlləsinin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalarına riayət etmədən iddiaçıların ilk tələbi ilə Avtomobilin açıq hərracdan satılması və iddiaçının payına düşən hissəsinin ona verilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkəmə qeyd edir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin kompensasiya vermək imkanı olmadıqda və ya o, kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 07.01.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi etibarsız hesab edilsin. "Toyota Prius” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ½ hissədə Cavabdeh1, digər ½ hissədə isə İddiaçı payları müəyyən edilsin. İddia tələbi digər hissədə (Avtomobilin hərrac yolu ilə satılması və onun payına düşən hissənin verilməsi) təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar