Məhkəmə qərarları › İş №2(011)-5856/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5856/2022

28.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5856/2022 28.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarına xitam verilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 1 saylı mənzili mülkiyyətçisindən 23 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almışdır, həmin müqaviləyə əsasən, mənzil onun adına qeydiyyata alınmışdır, tam payla ona məxsusdur, cavabdehlər ailə üzvləri deyildir, onda olan məlumata görə onlar mənzili satdıqdan sonra ölkə xaricinə - Rusiyaya getmişdirlər və burada yaşamırlar, onların mənzildə qeydiyyatda qalmağı hüquqlarını pozur, hazırda mənzili təcili satmaq zərurəti yaranmışdır, bu səbəbdən cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsini istəyir, digər cavabdeh qeydiyyatdan çıxmışdır, bu səbəbdən iddia tələbini həmin hissədə geri götürür. Sonda İddiaçı qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, onlar, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, cavabdehlərin həmin ünvanda yaşamadığına dair 85 saylı MKİS-in rəisi tərəfindən qeyd aparılmış bildirişlər məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 və İddiaçı arasında bağlanmış 23 avqust 2021-ci il tarixli, AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, həmin müqavilənin 1-ci bəndinə əsasən, satıcı Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzili alıcı İddiaçı mülkiyyətinə verməyi, müqavilənin 8-ci bəndinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi, həmin müqavilənin 11-ci bəndinə əsasən satıcı xx.xx.2021-ci il tarixinədək mənzili alıcının faktiki sahibliyinə verməyi, Müqavilənin 13-cü bəndinə əsasən, xx.xx.2021-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron Çıxarışdan görünür ki, ünvan 1 tam paylı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1-da qeydiyyatda olan digər şəxslərdir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən Çıxarışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X1 küçəsi ev 48 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh2 və İddiaçı arasında bağlanmış 23 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 tam paylı xüsusi mülkiyyət hüququ əsasında sonuncuya satılmış, mənzil xx.xx.2021-ci il tarixdə onun adına dövlət reyestrində qeydiyyata alınmışdır, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçının ailə üzvü deyildirlər, hal-hazırda həmin ünvanda rəsmi qeydiyyatda olmalarına baxmayaraq orada yaşamır və mənzildən istifadə etmirlər. Bununla belə, cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus ünvan 1-dan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 istifadə hüququna xitam verilməlidir. Bununla bərabər məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilməsi Cavabdeh2 və Cavabdeh3 ünvan 1-dan qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ünvan 1-dan istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar