Məhkəmə qərarları › İş №2(011)-5972/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5972/2022

23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5972/2022 23.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 3400,82 manat sığorta ödənişinin, ödənilmiş 54,01 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi R.N.Quliyev iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh tərəfindən idarə olunan Mercedes Benz E240 minik markalı RU999HA avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış Hyundai Elantra H022685 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və cavabdeh təqsirli bilinmişdir, "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən, sığortalanmış Hyundai Elantra H022685 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı azadolma miqdarı nəzərə alınmaqla 3400,82 manat müəyyən edilmişdir, cavabdehdən 3400,82 manat məbləğin ödənilməsi xahiş olunsa da, o, dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır, bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan C-MİC-5538/19 saylı xx.xx.2019-cu il tarixli Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən görünür ki, "xxxx" QSC-yə məxsus Hyundai Elantra H022685 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığorta məbləği 25000 manat olmaqla sığorta olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İXP ******* saylı İnzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 17:00-da X1 Benz E240 minik markalı RU999HA dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3 və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan Bakı şəhər DYPİ-nin TP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının surətindən görünür ki, xx.xx.2020-ci il tarixində X3 “Mercedes Benz E240” minik markalı RU999HA dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarının pozulması və s. xətalarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3 və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmiş, 50 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan 29 iyun 2020-ci il tarixli C 0232 saylı Hesab fakturadan görünür ki, "xxxx" ASC tərəfindən CM-1197/2020 saylı sığorta aktı üzrə avtonəqliyyatın tam sığortası üzrə hadisə təyinatı ilə ödənilməli məbləğ 100 manatdır, "xxxx" QSC-dən həmin məbləğin 06 iyul 2020-ci il tarixədək ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan AA040675 saylı xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, Hyundai Elantra H022685 dövlət qeydiyyat nişanlı avtomobil üzrə ehtiyyat hissələr, dəmirçi, boya, elektrik, çilingər və s. xidmətlər nəzərə alınmaqla, avtomobilin yekun təmir aktı 2966,80 manatdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 318949 №-li malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən görünür ki, göstərilmiş xidmətlərin yekun məbləği 2966,80 manat, ƏDV 534,02 manat, ƏDV ilə birlikdə 3500,82 manatdır. İş materiallarında olan 2512/20 saylı hesab fakturadan görünür ki, Elantra H022685 avtomobil üzrə toplam məbləğ ehtiyat hissələr və ƏDV daxil olmaqla, cəmi 3500,82 manatdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Sığorta aktı”-nın surətindən görünür ki, 3500,82 manat məbləğində sığorta ödənişi avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülməsi qeyd edilmişdir. Sığortalı tərəfindən 100 manat azadolma ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 001XOH********** saylı ölkədaxili ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 3500,82 manat pul – sığorta ödənişi köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 07 dekabr 2020-ci il tarixli 4003/L №-li məktubun surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh ilə mübahisənin məhkəmədən kənar yolla həll olunması üçün 15 təqvim günü müddətində 3400,82 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 54,01 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı, cəmi 54,41 manat ödənilmişdir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, "xxxx" QSC-yə məxsus Hyundai Elantra H022685 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır, həmin avtomobilə xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz E240” minik markalı RU999HA dövlət qeydiyyat nişanlı avtomobil ilə zərər vurulmuşdur, cavabdeh İXM-nin 469.3 və 327.1-ci maddələri ilə təqsirli bilinərək 50 manat cərimə olunmuşdur, zərər vurulmuş avtomobilin təmir-bərpa xərci 3500,82 manat təşkil edir, onun təmiri üçün "xxxx" ASC tərəfindən 3500,82 manat məbləğində sığorta ödənişi "xxxx" MMC-yə ödənilmişdir, həmin məbləğdən 100 manat sığortalı "xxxx" QSC tərəfindən ödənilməli olan azadolma məbləğidir, hazırda sığorta ödənişinin geri qalan hissəsi – 3400,82 manat cavabdehdən tələb edilir. Bununla belə cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, zədələnmiş avtomobilin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, o, sığorta ödənişini subroqasiya qaydasında cavabehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən, sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 3400,82 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 54,01 manat və bank xidməti üçün ödənilmiş 0,40 manat Cavabdeh aid edilməli, ondan 54,41 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh (X4) oğlundan ödənilmiş sığorta məbləği kimi 3400 (üç min dörd yüz) manat 82 (səksən iki) qəpik və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 54 (əlli dörd) manat 41 (qırx bir) qəpik alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar