Məhkəmə qərarları › İş №2(011)-5974/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5974/2022

14.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5974/2022 14.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Allahverdi qızının Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Allahverdi qızının Cavabdeh qarşı – cavabdehin onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsindəki, 29 nömrəli yaşayış evinin 19-cu mənzilinə istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsindəki, 29 nömrəli yaşayış evinin 19-cu mənzili iddiaçının xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barəda 527-M-li Reyestr kitabında 78770, qeydə alma 50 N-7859, 27 mart 1996-cı il tarixində qeydiyyat aparılmış və ona Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma va Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Seriya MN, 006152-N2-li Qeydiyyat vəsiqəsi verilmişdir. Həmin vaxtdan ailə üzvləri ilə birlikdə bu mənzilda yaşamışlar va həmin mənzilə qeydiyyata alınmışlar. xx xxxx 1990-cı ildə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olmuş Bayramova (Rüstamova) Səbinə Eldarovna iddiaçının doğma qızıdır. Onlar birlikdə yaşamışlar. Cavabdeh Bayramova (Rüstəmova) Səbinə Eldarovnanın 2017-ci ilin fevral ayında Bakı şəhərində "Mirvari" şadlıq sarayında qız toyu olmuş, sonra evləndiyi şəxs Rusiya vətandaşı X4 ilə birlikdə Gürcüstan Respublikasına gedib, orada 25 mart 2017-ci il tarixinda resmi nikaha daxil olmuşlar. Ondan sonra cavabdeh əri ilə birlikdə Bakıya qayıtmış, 28 mart 2017-ci ildə şəxsiyyat vəsiqəsini dəyişmişdir. Şəxsiyyət vəsiqəsini dəyişməmişdən qabaq iddiaçı ona şəxsiyyat vəsiqəsini dəyişən zaman özünün, yəni X2 mülkiyyətinda olan mənzilə qeydiyyata alınmasını bildirikdə oda iddiaçıya ele edəcəyini bildirmiş. Cavabdeh bir gün onlarda qaldıqdan sonra 28 mart 2017-ci ildə həyat yoldaşı ilə birlikdə Rusiya Federasiyasına çıxıb getmişdir. Həmin vaxtdan bu günə kimi iddiaçının qızı onlarla bu mənzildə yaşamamışdır. Həmin vaxtdan da Azərbaycan Respublikasında yaşamır. İddiaçı telefonla cavabdehlə telefonla danışan zaman dəfələrlə ona bildirib ki, mənzildən passport qeydiyyatından çıxsın. O əvvəllər iddiaçının mülkiyyətində olan mülkiyyətindən passport qeydiyyatından çıxacağını desə də, sonra ona mənzildə istifadə hüququ olduğunu deyib, mənzildən qeydiyyatdan çıxmayacağını bildirmişdir. Cavabdeh 2017-ci ilin fevral ayından mülkiyyətinda olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsindaki 29 nömrəli yaşayış evinin 19-cu mənzilində yaşamır, ailə qurub daimi yaşamaq Azerbaycan Respublikasından getmişdir. Onun yaşamaq üçün mənzilə ehtiyacı yoxdur. Mülkiyyətində 2 otaqlı mənzili vardır. Cavabdeh məhkəmə iclasının məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma va Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Seriya MN, 006152-N2-li Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhər, Xudu Məmmədov küçəsindəki, 29 nömrəli yaşayış evinin 19-cu mənzili İddiaçı Allahverdi qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx/xx/1996-cı il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində istifadədə olan 0.03 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində, 43.18 kv.m. ümumi, 27.52 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 5 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 937 nömrəli reyestr kitabının 86988 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan satıcı Rusiya Federasiyası, Yaroslav Vilayətinin, X1 tərəfindən verilmiş Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X3 xx.xx.2017-ci il tarixdə nikah bağlamışlar.Nikahdan sonra ərə Bayramov, arvada Bayramova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbayan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat” haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsindəki, 29 nömrəli yaşayış evinin 19-cu mənzilində qeydiyyatdadır. Tətbiq edilən hüquq: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il tarixli Qərarında qeyd edilir ki: -Mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas alan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, cavabdehin uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, iş üzrə müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 2017-ci ildə nikaha daxil olaraq mübahisəli evi tərk etmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqəsini kəsmişdir. Həmçinin Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində istifadədə olan 0.03 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində, 43.18 kv.m. ümumi, 27.52 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 5 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə cavabdehin adına qeydiyyata alınmışdır. Odur ki, cavabdehin uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Qeyd edilməlidir ki, əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Həmin mənzildə yaşamaq üçün əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən əvvəllər istifadə etmək hüququ olan şəxsin həmin hüququnun qalması hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Sadalanlara əsasən məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyac aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh mübahisə predmetinə daxil olan evi tərk etməklə uzun müddətdir ki həmin evdə yaşamır və həmin evdən istifadə etmir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evdə uzun müddət yaşamaması və həmin evdən istifadə etməməsi halları, yalnız onun başqa yaşayış sahəsinə köçməklə həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxması ilə izah oluna bilər. Odur ki, iddia təmin edilərək, cavabdehin mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında olan istifadə hüququna xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar