Məhkəmə qərarları › İş №2(011)-5980/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5980/2023

14.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5980/2023 14.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı (ipoteka qoyan), X1 (keçmiş mülkiyyətçi) və "xxxx" ASC (ipoteka saxlayan) arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 8 saylı evin 75 nömrəli mənzilinin (bundan sonra - Mənzil) Alqı-satqısı və İpotekasına dair müqavilə bağlanmışdır. Cavabdeh Mənzilin əvvəlki mülkiyyətçisinin qardaşıdır.

2. İddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nöməsi: **********) bu barədə ona Çıxarış verilmişdir. Cavabdeh halhazırda mübahisəli mənzildə qeydiyyatdadır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri.

3. İddiaçı Mənzilindən cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Mənzili cavabdehin qardaşından almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən Mənzilə onun mülkiyyətindədir. Alqı-satqı günündən pasport qeydiyyatında ev sahibinin özü, oğlu və cavabdeh olubdur. Muqbilov Vəli xx.xx.2022-ci il tarixədək özünün və qohumlarının qeydiyyatdan çıxmağını öhdəsinə kötürmüşdür. Ailə üzvləri qeydiyyatdan çıxsa da, cavabdeh çıxmamışdır. Cavabdehin qeydiyyatdan çıxmaması onun mülkiyyət hüquqlarını pozur. Cavabdehin günahı üzündən Mənzilə dair istifadə, sahiblik və sərəncam hüquqlarını həyata keçirə bilmir. Cavabdeh Mənzildə yaşamır və qeydiyyatı formaldır. Bunun nəticəsində kommunal xidmət haqlarını artıq ödəməli olur.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

7. Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

9. Cavabdeh məhkəmə baxışı zamanı izahat verərək bildirdi ki, Mənzil əvvəl atasının mülkiyyətində olub, atası 2011-ci il tarixdə öləndən sonra 5 qardaşın hər biri öz payından Vəli Muqbilovun xeyrinə imtina etmişdir. O, Mənzil satılana qədər orada yaşamış, Mənzil satıldıqdan sonra isə oradan köçmüşdür. Hazırda başqa bir mənzildə kirayə qalır. Qardaşları arasında narazılıq olduğundan Mənzilin satışından əldə olunan puldan ona pay düşməmiş, ona görə də, Mənzildən qeydiyyatdan çıxmamışdır.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

10. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

11. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

21. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. Cavabdeh əvvəlki mülkiyyətçisinin ailə üzvü olduğundan onların da Mənzildən istifadə hüquqları yaranmışdır. Lakin o da Mənzil satıldıqdan sonra əvvəlki mülkiyyətçi ilə birlikdə köçüb başqa yaşayış yerinə getdiyindən o, Mənzildən istifadə hüquqları ilə bağlılığını daimi olaraq kəsmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

22. Mülki Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

23. İşin hallarından göründüyü kimi, iddiaçı həmin şəxslərin Mənzili ona təhvil vermələrinə və onların qeydiyyatdan çıxmalarına əmin olaraq Mənzili əldə etmişdir. İddiaçı ilə cavabdeh arasında hər hansı yaxın qohumluq əlaqələri mövcud deyil, habelə onlar iddiaçının ailə üzvləri deyil. Ona görə də, məhkəmə işin faktiki hallarını müqayisəli şəkildə təhlil edərək hesab edir ki, iddiaçı Mənzili alarkən digər şəxslərin hüquqları ilə yüklü olan Mənzilin əldə edilməsini arzu etməmişdir və o, Mənzilin cavabdehin hüquqları ilə yüklülüyünün olmamasına münasibətdə vicdanlı olmuşdur.

24. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin 152.5-ci maddəsi).

25. Digər tərəfdən, cavabdeh Mənzili özgəninkiləşdirməklə, mülkiyyət hüququndan birdəfəlik imtina etmiş, Mənzillə bağlı bütün əlaqələrini daimi olaraq kəsmişdir

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 8 saylı evin 75 nömrəli mənzilinə dair Cavabdeh istifadə hüququ itirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar