Məhkəmə qərarları › İş №2(011)-5988/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5988/2024

10.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5988/2024 10.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 92 saylı evin 153 saylı mənzili (bundan sonra - Mənzil) əvvəllər X2 mülkiyyətində olmuş, X4 ilə X5 arasında xx.xx.2009-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi”nə əsasən o, Mənzili X1.

2. xx.xx.2011-ci il tarixli “Mənzil bağışlama müqaviləsi” ilə Mənzil Nərminə Nəbiyeva tərəfindən iddiaçıya bağışlanmışdır. İddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmışdır.

3. Cavabdeh Mənzilin keçmiş mülkiyyətçisi Nərminə Nəbiyevanın atasıdır. O, hazırda Mənzildə pasport qeydiyyatındadır.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehin ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 92 saylı evin 153 saylı mənzilindən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Mənzili Nərminə Nəbiyeva onun keçmiş mülkiyyətçisi Nailə Məmmədovadan almış, xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən ona bağşlamışdır. Mənzil onun mülkiyyətindədir. Alqı-satqı müqaviləsinin 13-cü maddəsinə əsasən cavabdeh Mənzili Nəminə Nəbiyevaya satdıqdan sonra ailə üzvləri ilə birlikdə qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, satdığı vaxtdan köçüb getmələrinə baxmayaraq Mənzildən qeydiyyatdan çıxmamışdır. Bu hal onun mülkiyyət hüquqlarını pozur.

b. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi

8. Cavabdehin faktiki yaşayış yeri məlum olmadığından, onun məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə MKİS-nın onların həmin mənzildə yaşamamasına dair qeyd yazılmış bildirişi məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 158.3 Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun

10. Maddə 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

11. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

12. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

14. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

15. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

16. İşin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2011-ci il tarixli mənzilin bağışlanma müqaviləsi əsasında Mənzil iddiaçının mülkiyyətinə keçmiş və Mənzilə dair onun mülkiyyət hüququ dövlət qeydiyyatından keçmişdir. Cavabdeh keçmiş mülkiyyətçinin atasıdır. Evə dair həmin mülkiyyətçinin mülkiyyət hüququ isə xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Ona görə də, məhkəmənin qənaətinə görə həmin cavabdehə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində qeyd olunmuş müddəlar tətbiq olunmalıdır.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.

18. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması üçün onların mülkiyyətçinin ailə üzvü, yəni arvadı (əri), uşaqları və valideynləri olması və həmin şəxslərin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşamaları əsas şərtdir. Cavabdeh Mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvü (atası) olduğundan onun da Mənzildən istifadə hüquqları yaranmışdır. Lakin, o, mənzilinn keçmiş mülkiyyətçisi ilə birlikdə mənzildən köçərək, Mənzildən istifadə hüququ ilə bağlılıqlarını daimi olaraq kəsmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

19. İşin hallarından göründüyü kimi, iddiaçı mülkiyyətçinin Mənzili ona təhvil vermələrinə və onların qeydiyyatdan çıxmalarına əmin olaraq Mənzili əldə etmişdir. İddiaçı ilə cavabdeh arasında hər hansı yaxın qohumluq əlaqələri mövcud deyil, habelə o, iddiaçının ailə üzvü deyil. Ona görə də, məhkəmə işin faktiki hallarını müqayisəli şəkildə təhlil edərək hesab edir ki, iddiaçı Mənzili alarkən digər şəxslərin hüquqları ilə yüklü olan Mənzilin əldə edilməsini arzu etməmişdir və o, Mənzilin cavabdehin hüquqları ilə yüklülüyünün olmamasına münasibətdə vicdanlı olmuşdur.

20. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin 152.5ci maddəsi).

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 92 saylı evin 153 saylı mənzilinə dair Cavabdeh istifadə hüquqları itirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar