Məhkəmə qərarları › İş №2(011)-6030/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6030/2022

09.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6030/2022 09.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 qarşı – cavabdehlərin ona məxsus olan ünvan 1-dən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.2022-ci ildə alqı-satqı əsasında almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışa əsasən həmin mənzil iddiaçının adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Alqı-satqı müqaviləsinin 13-cü maddəsinə əsasən cavabdehlər mənzili iddiaçıya satdıqdan sonra xx.xx.2022-ci il tarixədək həmin mənzildən qeydiyyatdan çıxmağı öhdələrinə götürsələr də, yaşayış sahəsini iddiaçıya satdıqları vaxtdan köçüb getmələrinə baxmayaraq qeydiyyatdan çıxmamışlar. Bu hal iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə ərizə ilə müraciət edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 faktiki yaşayış yerləri məlum olmadığından, onlar məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin həmin mənzilin yerləşdiyi əraziyə xidmət edən 82 saylı MKİS tərəfindən cavabdehlərin həmin mənzildə yaşamamalarına dair qeyd yazılmış məhkəmə bildirişləri məhkəməyə qaytarılmışdır. Cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının cavabdehlərin həmin mənzildə yaşamamasına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 64 saylı evin, 32 nömrəli mənzili üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 64 saylı evin, 32 saylı mənzilini alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəllərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin ******* saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh3, Cavabdeh2, X3 və Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 64 saylı evin, 32 nömrəli mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə dair notariat işindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 mənzil iddiaçıya satıldığı zaman mənzildən qeydiyyatdan çıxmağa razılıq vermişlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 64 saylı evin, 32 saylı mənzilinə dair alğı-satqı müqaviləsi bağlanmış, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ əmələ gəlmişdir. Cavabdehlər isə həmin mənzilin keçmiş sakinləri olmuş və mənzil iddiaçıya satılan zaman mənzildən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşdürlər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 64 saylı evin, 32 saylı mənzilində qeydiyyatda olsalar da, faktiki olaraq həmin ünvanda yaşamır və onların mübahisəli yaşayış sahəsinə qeydiyyatları formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 64 saylı evin, 32 saylı mənzilində qeydiyyatları formal xarakter daşıdığından, onların həmin mənzildə qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqları məhdudlaşdırıldığından, həmçinin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə olmadığından, cavabdehlərin həmin mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 64 saylı evin, 32 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar