Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-61/2023 05.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən maddi ziyana görə 4000 manat, mənəvi ziyana görə 50000 manat, epilepsiya xəstəliyinə tutulmağı ilə əlaqədar işləyə bilmədiyi müddətə görə 7000 manat əldən çıxmış gəlirin, 273 manat dövlət rüsumunun, ümumilikdə 61273 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə İsmayıllı rayonu Quşencə kəndində yerləşən fərdi yaşayış evində partlayış hadisəsi baş vermişdir. Partlayış nəticəsində iddiaçı başın, üzün, sol əlin, qarnın, sol budun, hər iki topuq nahiyəsinin yanıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Eyni zamanda iddiaçının anası X5 üzün, boynun, sağ qolun, sol saidin, döş qəfəsinin ön səthinin, hər iki budun və baldırın İİ, İİİ dərəcəli termiki yanığı, sol bud sümüyünün yerdəyişən sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid, iddiaçını atası X2 üzünün sağ yarısının, boynunun, hər iki əlinin arxa səthlərinin İ dərəcəli termiki yanığı, sol bud sümüyünün travmatik çıxığı, sağ ayaq-daraq sümüklərinin açıq sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarətlər almışdırlar və fərdi yaşayış evi, qaz partlayışı nəticəsində məhv olaraq ümumilikdə əmlaklarına 23814 manat məbləğində ziyan dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar İsmayıllı rayon prokurorluğu tərəfindən cinayət işi başlanılmış və hadisənin cavabdehin işçilərinin təqsirli hərəkətləri səbəbindən baş verməsi istintaq zamanı tam sübuta yetirilmiş, Cavabdeh İB-nin Ağsu RQİİ-nin rəisi X6 AR CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilərək barəsində cinayət işi başlanılmış və baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(037)-3/2021 saylı hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(037)-3/2021 saylı hökmündən iddiaçı narazı qaldığı üçün apellyasiya şikayəti vermiş, eyni zamanda prokurorluq tərəfindən apellyasiya prostesti, Namiq Məmmədov tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 1(037)-3/2021 saylı hökmü ləğv edilmiş, X6 AR CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Baş vermiş partlayış nəticəsində iddiaçı sağlamlığını uzun müddətə itirmiş, 2 ay xəstəxanada stasionar və ambulator müalicə olunmuşdur. Partlayış nəticəsində özünün və valideynlərinin ağır xəsarət alması ilə əlaqədar onları itirmək qorxusundan keçirdiyi iztirab nəticəsində epilepsiya xəstəliyinə tutulmuş və qeyd olunan xəstəliyin sağalması mümkün deyildir. Xəstəxanada stasionar və ambulator müalicə xərcləri ailə üzvləri tərəfindən ödənilmişdir. İddiaçının bütün müayinə və müalicəsinə 4000 manat məbləğində vəsait sərf olunmuşdur. Partlayış nəticəsində iddiaçı sağlamlığına ağır ziyan dəyməsi ilə yanaşı sarsıntı, iztirab keçirmiş, uzun müddət xəstəxanalarda müalicə olunmuşdur və hazırda epilepsiya xəstəliyi üzrə müalicə davam edir. Özünün xəsarət almağı ilə yanaşı iddiaçı valideynlərini itirmək qorxusu nəticəsində güclü iztirab, sarsıntı keçirmişdir. Bununla yanaşı iddiaçı epilepsiya xəstəliyinə tutulmağı səbəbindən heç bir yerdə işləyə bilmir, valideynləri aldıqları təqaüdlə iddiaçının bütün xərclərini ödəyirlər. İddiaçı sağlamlığını cavabdehin işçilərinin səhlənkarlığı səbəbindən itirmiş və heç bir yerdə əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir. Əgər əmək fəaliyyəti ilə məşğul ola bilsə idi, ən azı aylıq 350 manat əmək haqqı ilə əmək fəaliyyəti ilə məşğul ola bilərdi. Lakin xəstəlik səbəbindən heç bir yerdə işləyə bilmir. Belə olan halda cavabdeh tərəfindən xx.xx.2020-xx.xx.2022-ci il müddətinə aylıq 350 manat nəzərə alınmaqla iddiaçıya göstərilən müddət üçün 7000 manat əldən çıxmış gəlir ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələni müdafiə etdiyini bildirmiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(037)-3/2021 saylı hökmündən görünür ki, X6 Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmışdır. Hökmdə qeyd edilmişdir ki, X8, İddiaçı və X1 mülki iddia tələi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PHŞ-6-47/3-1589/23 nömrəli arayışdan görünür ki, Osmanlı X7 RMX-nın Poliklinika şöbəsinin “Nevroloji” kabinetində xx.xx.2020-ci il tarixdən Dz:G40.2 Fokal (gicgah) epilepsiya diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarında olan Nevrologiya Klinikasının həkimi Tibb elmləri doktoru Rövşən Həsənov tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-nin Nevrologiya Klinikasında 2020-ci ilin noyabr ayından müşahidə edilir və müalicə alır. Fokal (gicgah) epilepsiya, təkrarlanan mürəkkəb parsial paroksizmlər və bilateral generalizə olunmuş cəngolmalarla diaqnozu qoyulmuşdur. Hazırda Okskarbazepin (Trileptal) 600 mq qəbul edir. Müntəzəm olaraq nevroloqun nəzarətinə və daimi müalicəsinə ehtiyacı vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş, 29 iyun 2022-ci il tarixli 563 nömrəli və 04 iyul 2022-ci il tarixli 571 nömrəli arayışlardan görünür ki, İddiaçı 15 may 2022-ci il tarixdə "xxxx" MMC-də həkim nevroloq Elxan Muradovun qəbulunda olmuş, müayinələrdən keçmiş, “Fokal alın epilepsiyası” diaqnozu qoyulmuş, müalicə hələ də davam edir. İş materiallarında olan sosial arayışdan görünür ki, İddiaçı 26 may 2022-ci il tarixdən "xxxx" MMC-də işləyir, aylıq əmək haqqı 300 manat təşkil edir. İş materiallarında olan elektronməhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də işləyir, aylıq əmək haqqı 345 manat təşkil edir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, İddiaçı 12 iyul 2013-cü il tarixdən 03 yanvar 2015-ci il tarixədək, 28 yanvar 2016-cı il tarixdən 28 yanvar 2017-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. İş materiallarında olan mədaxil qəbzlərindən və ödəniş çeklərindən görünür ki, İddiaçı tərəfindən müxtəlif vaxtlarda tibbi müayinə və müalicələr üçün ümumilikdə 902,48 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsi tərəfindən verilmiş 05 iyul 2022-ci il tarixli 200 nömrəli arayışın surətindən görünür ki, İddiaçı 28 yanvar 2016-cı il tarixdən 28 yanvar 2017-ci il tarixədək DSX-nın N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. 28 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikası DSXR SQK-nın 23 ş/h saylı 23 yanvar 2017-ci il tarixli əmri əsasında xidmətdən artıq ehtiyata buraxılmışdır. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 16 mart 2023-cü il tarixli 42 /KEŞ saylı məhkəmə-tibbi ekspert rəyindən görünür ki, İddiaçı əziyyət çəkdiyi “Fokal epilepsiya” xəstəliyi beyinin bir hissəsinin qismən fəaliyyət pozuntusunun təzahürü olub, müxtəlif (yəni, beyin qan dövranının pozulması, infeksion xəstəliklər, travma, metabolik pozuntular, sinir sisteminin pozulması və s.) səbəblərdən yarana bilər. Tərtib edilmiş tibbi sənədlərdən görünür ki, İddiaçı “Fokal epilepsiya” xəstəliyi 01 mart 2020-ci il tarixdə İsmayıllı rayonu, Quşencə kəndində yerləşən fərdi yaşayış evində partlayış nəticəsindən sonra meydana çıxdığı qeyd edilmişdir. Etioloji amillərə əsasən, “Fokal epilepsiya” nın mənfi psixoemosional təsir, sarsıntı, stress, qorxu və həyəcan hissindən yaranması istisna edilmir. İddiaçı əziyyət çəkdiyi “Fokal epilepsiya” xəstəliyi beyinin qismən bir hissəsinin fəaliyyət pozuntusunun təzahürü olub, müxtəlif səbəblərdən əmələ gəldiyindən fərdi yaşayış evlərində partlayış nəticəsində almış olduğu xəsarətlə əlaqələndirmək mümkün olmamışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, iddia tələbini əsassız hesab edirlər və təmin edilməməsini məhkəmədən xahiş edirlər. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-28/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündə qeyd olunmuşdur ki, məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxslər X8, İddiaçı və X5 yazılı ərizə ilə məhkəməyə müraciət dərək təqsirləndirlən şəxs X6 ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadıqlarını, partlayış nəticəsində mülkiyyətlərinə dəymiş ziyanın ödənildiyini, ona görə də tərəflərindən verilmiş apellyasiya şikyətindən imtina etdiklərini bildirmişdir. Eyni zamanda İddiaçı barəsində 631/KEŞ, xx.xx.2022-ci il tarixli ekspert rəyində 1995-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə tibbi müayinəsinə əsaslanaraq, qərardadda qarşıya qoyulan sualarla komisiyya xx.xx.2020-ci il tarixdə İsmayıllı rayon, Quşencə kəndində yerləşən fərdi yaşayış evində partlayış nəticəsində almış olduğu xəsarətlə əlaqəndirmək mümkün olmadığı qeyd olunmuşdur. Belə ki, Cavabdeh tərəfindən partlayış nəticəsində evə dəymiş maddi zərərin əvəzi qismində X4 23814 manat, həmçinin əlavə olaraq 6000 manat ödənilmişdir. İşə baxılan zaman hakim tərəfindən nəzərə alınmalıdır ki, kompensasiya məbləğində münasibətdə hesab etmişdir ki, bu zaman ehtiyatsızlıqdan törədilmiş əməl nəticəsində yaranması, onların həyatda olmamaları, sağlamlığa vurulmuş zərərin əlilliklə nəticələnməməsi habelə cavabdeh tərəfindən iddiaçının ailə üzvlərinə kompensasiya ödənilməsi diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntların xarakteri və ağırlığı zərərvuran vuran şəxsisn təqsiri zərərçəkən şəxsin fərdi xüsusiyyətləri habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddə isə müəyyən edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İşdə olan sübutlarla təsdiq edilir ki, cavabdeh ARDNŞ Cavabdeh İB-nin işçisi olan X6 vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmiş və ehtiyatsızlıqdan İsmayıllı rayonu Quşencə kəndində yerləşən fərdi yaşayış evində partlayış hadisəsi baş vermişdir. Nəticədə İddiaçı və ailə üzvləri müxtəlif dərəcələrdə xəsarət almışdır. Hal-hazırda iddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində epilepsiya xəstəliyinə tutulmasına və onun mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının partlayış hadisəsindən sonra epilepsiya xəstəliyinə tutulması məhkəmə tibbi ekspertizanın rəyi ilə birbaşa təsdiq olunmasa da, fokal epilepsiyanın mənfi psixoemosional təsir, sarsıntı, stress, qorxu və həyəcan hissindən yaranması istisna edilmir. Bununla yanaşı mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçıya epilepsiya diaqnozu partlayış hadisəsindən sonra qoyulmuşdur. Belə olduğu təqdirdə baş vermiş partlayış hadisəsinin iddiaçıya maddi və mənəvi zərərin yetirilməsinə dəlalət edir. İş materialları ilə təsdiq edilir ki, iddiaçı hadisə baş verdikdən sonra müxtəlif vaxtlarda tibbi müayinə və müalicələr almış və iddiaçı tərəfindən ümumilikdə 902,48 manat məbləğində ödəniş edilmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı ona dəyən mənəvi zərərin məbləğini 50000 manat məbləğində qiymətləndirsə də, məhkəmə həmin məbləği müəyyən edərkən, işin faktiki hallarını, habelə cavabdehin mənəvi zərərin yetirilməsində rolunu və qəsdinin olmamasını, cavabdehin işçiləri tərəfindən qeyd edilmiş cinayətin ehtiyatsızlıqdan, səhlənkarlıq nəticəsində törədilməsini nəzərə almalıdır. Mülki Məcəllənin 1097.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin işçisinin səhlənkarlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçıya 902,48 manat maddi zərərin dəyməsi, iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində ona dəymiş maddi zərəri, habelə hadisə nəticəsində keçirdiyi stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Məhkəmə iddia tələbinin “epilepsiya xəstəliyinə tutulmağı ilə əlaqədar işləyə bilmədiyi müddətə görə 7000 manat əldən çıxmış gəlirin cavabdehdən tutulması” hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə sübutlarla təsdiq edilmədiyindən təmin edilə bilməz. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı 12 iyul 2013-cü il tarixdən 03 yanvar 2015-ci il tarixədək, 28 yanvar 2016-cı il tarixdən 28 yanvar 2017-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və 26 may 2022-ci il tarixdən "xxxx" MMC-də işə düzəlmişdir, aylıq əmək haqqı 345 manat təşkil edir. Partlayış hadisəsindən əvvəl işləməsi barədə iddiaçı sübutlar təqdim etməmişdir. Məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları, yuxarıda qeyd edilmiş maddi və prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdehndən 902,48 manat maddi, 5000 manat məbləğində dəymiş mənəvi ziyanın İddiaçı xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. İş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 902,48 (doqquz yüz iki manat qırx səkkiz qəpik) manat məbləğində maddi, 5000 (beş min) manat məbləğində dəymiş mənəvi ziyan İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 273 manatın 50%, yəni 136,50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 50%, yəni 136,50 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-61/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-61/2023
05.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver