Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6134/2023 20.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, 13 mart 2023-cü il tarixdə onunla Cavabdeh1 arasında mənzillərin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1-də yaşayan 2 otaqlı sahəsi 51,54 kv.m olan mənzili iddiaçının mülkiyyətinə vermişdir. Müqaviləyə əsasən, DƏDRX tərəfindən ona çıxarış verilmişdir. Mənzilin alqı-satqısından sonra iddiaçı həmin ünvana köçmüşdür. Artıq uzun müddətdir ki, ünvanda keçmiş mülkiyyətçi Cavabdeh1 və onun ailə üzvləri olan Cavabdeh2, Cavabdeh3 qeydiyyatda qalmışlar. İddiaçı dəfələrlə cavabdehlərə qeydiyyatdan çıxmaları barədə müraciət etsə də, onlar buna əhəmiyyət verməmişdirlər. Cavabdehlərin iddiaçının mənzilində qeydiyyatda qalmaları onun şəxsi mülkiyyəti üzərində sərəncam vermək, istifadə, sahiblik etmək hüququnu məhdudlaşdırmışdır. İddiaçı göstərilənlərə əsasən, mülkiyyət hüquqlarının pozulması və mənzildən istifadə etmək, üzərində sərəncam vermək hüquqlarını həyata keçirməyə maneçilik törədən halların aradan qaldırılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 1 ünvanına yerləşən mənzilə olan istifadə hüquqlarına xitam verilməsini və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqlarının pozulması və mənzildən istifadə etmək, üzərində sərəncam vermək hüquqlarını həyata keçirməyə maneçilik törədən halların aradan qaldırılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 ünvan 1 ünvanına yerləşən mənzilə olan istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, müvafiq qeyd aparılaraq bildirişlər məhkəməyə geri qaytarılmış, məhkəmə bildirişləri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında bağlanılmış AN-İ seriyalı ******* nömrəli 13 mart 2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.54 kv/m olan mənzili 104000 manat məbləğinə alıcıya satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 49 ünvanında istifadədə olan 51.54 kv/m ümumi sahədən ibarət 47 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 49, 47 saylı mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 49, 47 saylı mənzili Bakı şəhəri 52 saylı Notariat Kontorunda bağlanmış 13 mart 2023-cü il tarixli yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən almış, həmin mənzil iddiaçının adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Mənzilin keçmiş sakinləri həmin mənzili iddiaçıya satdıqdan sonra köçüb getmələrinə baxmayaraq qeydiyyatdan çıxmamışlar. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıdığından, cavabdehlər artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadığından və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı cavabdehlərə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən, iddia təmin olunmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 49, 47 saylı mənzildə yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 49, 47 saylı mənzildə yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6134/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6134/2023
20.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver