Məhkəmə qərarları › İş №2(011)-6305/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6305/2022

21.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6305/2022 21.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi ünvanında yerləşən 14 saylı evin, 40 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi ünvanında yerləşən 14 saylı evin, 40 saylı mənzil öz xüsusi mülkiyyətindədir, mənzili alqı-satqı əsasında almışdır və hazırda adına xx.xx.2022-ci il tarixli Çıxarış mövcuddur, cavabdehlər mənzilin keçmiş mülkiyyətçisi və onun ailə üzvləridir, onlar mənzildən qeydiyyatdan çıxmağa söz versələr də, hazıradək adına olan mənzildə qeydiyyatdadırlar, cavabdehlərin mənzildə qeydiyyatda olmaları onların istifadə hüququnun olması görünüşünü yaradır və özünün mənzilə dair hüquqlarını pozur, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iclas tarixində Bakı şəhəri hüdudlarından kənarda olacağından işə onun iştirakı olmadan baxılaraq, iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, 2008-ci ildə evi iddiaçıya satmışdır, həmin tarixdən ailə üzvləri ilə birlikdə evdən köçmüşdürlər, Mehdiabad qəsəbəsində həyətyanı sahələri vardır, orada ev tikərək yaşamağa başlamışdırlar, hazırda da ailə üzvləri ilə birlikdə orada yaşayırlar, iddiaçıya məxsus evdən istifadə etmirlər, mənzildən istifadə hüquqlarının itirilməsinə etiraz etmir, lakin yeni bir ünvana, ən azından inzibati binaya qeydiyyata düşməsi üçün sənəd verilməsini xahiş edir. Sonda Cavabdeh2 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan X1 və İddiaçı arasında bağlanmış AN-İ ******* №-li 28 avqust 2008-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, ümumi sahəsi 51 kv.m, yaşayış sahəsi 29.2 kv.m, köməkçi sahəsi 21.8 kv.m olan ünvan 1, mənzil 40-da yerləşən mənzil 48.780 manata sonuncuya satılmışdır. Müqavilənin 8-ci bəndinə əsasən, satıcı, alıcıya üçüncü şəxslərin hüquqlarından azad mənzil verməyi öhdəsinə götürmüşdür, müqavilənin 13-cü bəndinə əsasən satıcı, notariat qaydada təsdiq olunduğu tarixdən 7 ay müddətində satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş elektron Çıxarışdan görünür ki, ümumi sahəsi 51 kv.m olan ünvan 1, mənzil 40 xüsusi mülkiyyət hüququ üzrə tam payla İddiaçı adına xx.xx.2022-ci il tarixdən qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, ünvan 1, mənzil 40-da qeydiyyatda olan digər şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dur. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, Xətai rayon Məhkəməsinə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, 28 avqust 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən 40 saylı mənzil iddiaçıya satılmışdır, həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında tam payla xx.xx.2022-ci il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq, orada yaşamır və mənzildən istifadə etmirlər, iddiaçının ailə üzvü deyildirlər, Cavabdeh2 iddia tələbini qəbul edir. Bununla belə, cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus ünvan 1, mənzil 40-dən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməlidir. Bununla bərabər, məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilməsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1, mənzil 40-dan qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1, mənzil 40-dan istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar