Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6324/2022 01.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 23, 57 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 23, 57 saylı mənzili 01 fevral 2022-ci il tarixdə Bakı şəhəri 52 saylı Dövlət Notariat Kontorunda bağlanmış ******* saylı yaşayış sahəsinin alğı-satqı müqaviləsinə əsasən cavabdehlərdən almışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 03 fevral 2022-ci il tarixli çıxarışa əsasən həmin mənzil iddiaçının adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Cavabdehlər mənzili iddiaçıya satdıqdan sonra 01 may 2022-ci il tarixədək həmin mənzildən qeydiyyatdan çıxmağı öhdələrinə götürsələr də, qeydiyyatdan çıxmamışlar. Bu hal iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, o məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, lakin cavabdehlərin həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan notariat işindən görünür ki, İddiaçı 01 fevral 2022-ci il tarixdə Cavabdeh1 ilə arasında bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən almışdır. Cavabdehlər mənzilin keçmiş mülkiyyətçisi və onun ailə üzvü olmuşlar. Cavabdeh2 sözügedən mənzilin satılmasına dair yazılı razılıq vermişdir. Onlar hazırda həmin mənzildə yaşamırlar, mübahisəli mənzildə formal olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, 01 fevral 2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 23, 57 saylı mənzili (Yeni qaydalarla: AZ 1142, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 149, M11, m3) tam olaraq mülkiyyətinə qəbul etmişdir. Cavabdehlər mənzilin keçmiş mülkiyyətçisi və onun ailə üzvü olmaqla, mənzilin alğı-satqısından sonra köçərək başqa yaşayış sahəsinə getmişlər və hazırda həmin mənzildə yaşamırlar, iddiaçının ailə üzvləri deyildirlər. Bunlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə cavabdehlərin istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 23, 57 saylı mənzildən (Yeni qaydalarla: AZ 1142, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 149, M11, m3) istifadə hüquqları itirilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-6324/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6324/2022
01.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver