Məhkəmə qərarları › İş №2(011)-6356/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6356/2024

27.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6356/2024 27.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. ünvan 1 ünvanı iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının qızları, Cavabdeh3 isə nəvəsidir.

2. Cavabdehlər iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdə 20 ildir ki, yaşamırlar. Onların özlərinin mənzilləri vardır.

İddiaçının tələbi:

3. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanına mülkiyyət hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

4. Cavabdehlər tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

5. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi X3 öz izahatında bildirmişdir ki, cavabdehlərin istifadə hüququna xitam verilməlidir. Onlar illərdir ki, həmin ünvanda yaşamırlar. Bununla bağlı məhkəməyə akt da təqdim olunmuşdur. Məhkəmədən cavabdehlərin istifadə hüququna xitam verilməsini xahiş etmişdir.

6. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz izahatında mənzilə istifadə hüququna xitam verilməsinə etiraz etdiyini bildirmişdir. Qeydiyyata düşə biləcəyi başqa bir yer olmadığını bildirmişdir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

7. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 öz izahatında bildirmişdir ki, 1980-cı ildən həmin ünvanda yaşamışdır. 2000-ci ildə ailə həyatı qurmuş, 2005-ci ildə boşanmışdır. Həmin tarixdən kirayədə yaşamaqdadır. Həmin evdə onun da yaşamaq hüququ vardır. İstifadə hüququna xitam verilməsinə etiraz etdiyini bildirmiş, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh3 öz izahatında bildirmişdir ki, 2001-ci il tarixən qeydiyyatdadır. Başqa qeydiyyata düşəcəkləri yer yoxdur, buna görə də istifadə hüququna xitam verilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

9. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 033548 №-li HM seriyalı qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən ev X1 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilmişdir.

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən evdə qeydiyyatdadırlar.

11. Xətai Rayon İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli akta əsasən, həqiqətən də Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən evdə qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar.

12. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası: 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 43.İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

14. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 195-ci il Avropa Konvensiyası: 8.1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3 Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

16. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İ hissə - İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İİİ hissə - İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

123. İ hissə - Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

17. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsınin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» 12 mart 1999-cu il tarixli Qərarı.

18. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsınin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli Qərarı.

19. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il Qərarı.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə tərəfin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

22. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

23. İşin mübahisəsiz halıdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının qızları, Cavabdeh3 isə nəvəsidir. Tərəflərin izahatına əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000-ci ildən əvvəl həmin ünvana qeydiyyata alınmışdır. Tərəflər arasındakı hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək olan dövrdə yaranmışdır. Ona görə də mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsınin xx.xx.2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir (§18).

24. Hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən müddəaları əsasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin Mənzildən istifadə hüququ həmin dövrdən yaranmışdır.

25. Digər Cavabdeh3 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqları 2001-ci ildə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən yaranmışdır.

26. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda göstərilən 60-cı maddəsinin 1-ci hissəsində icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikləri halda istifadə hüquqularının saxlanılması müddəti dəqiq göstərilmişdir ki, bu müddət altı ayla məhdudlaşdırılmışdır. Qeyd edilən müddəanın mənasından belə nəticə əldə olunur ki, icarədar və ya onun ailə üzvləri həmin müddətdən artıq yaşayış sahəsindən getdikdə, əgər onlar yaşayış sahəsini iradələrindən kənar tərk etməmişlərsə, yaxud bu müddət keçdikdən sonra onların yaşayış sahəsinə qayıtması özlərindən asılı deyildirsə, istifadə hüquqları qeyd-şərtsiz itirilir.

27. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. (§17)

28. Məhkəmə araşdırması zamanı tərəfin izahatlarına əsasən məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1 2009-cü il tarixdən, Cavabdeh2 1999-cu il tarixdən həmin ünvanda yaşamamışlar, daha sonra başqa yerə köçmüşdür. Məhkəmə yuxarıda qeyd edilən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə, o cümlədən 87-ci maddəyə istinad edərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 6 aydan uzun müddətdə mübahisəli mənzildə yaşamamasını, könüllü olaraq daimi yaşamaq üçün başqa yerə köçməsini, eyni zamanda başqa yaşayış yerinin olmasını nəzərə alaraq ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarını itirmişdirlər.

29. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir.

Məhkəmə xərcləri:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı hər hansı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi təmin edilsin.

2. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş hesab edilsin.

3. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar