Məhkəmə qərarları › İş №2(011)-642/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-642/2025

22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-642/2025 22.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçınnı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı iddiaçının əmlakına dəymiş maddi ziyana görə 1000 manat, mənəvi ziyana görə 20000 manat və 100 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10320/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra yuxarıda göstərilmiş ünvanda köçürülmə icrası xx.xx.2024 tarixində həyata keçirilmişdir. Həmin zaman cavabdeh kiçik qaynı Cavabdeh münaqişə törətmişdir. Nalayiq sözlərlə onu , oğlu Cəlilov Rövşəni kənar şəxslərin yanında təhqir etmişdir. Oğlunu ölümlə təhdid etdi. Sübut üçün diski məhkəməyə təqdim edir. Apardıqları əmlakı çətinliklə də olsa mənzilə yerləşdirmişlər. İcra məmuru icraçı Həmidov Ceyhun tərəfindən əmlaka görə akt tərtib olunaraq tərəflər arasında təsdiqləmişlər. Həmin mənzilin giriş qapısının açarının bir nüsxəsi cavabdehdən alınaraq ona təqdim olunmuşdur. Cavabdeh və ailəsi münaqişə yaratdığı üçün münaqişəli ailə kimi 34 saylı polis idarəsinə icra şöbəsi tərəfindən xəbərdarlıq edilmişdir. İddiaçı və oğlu 08.05 2024 cü il tarixindən bu günə kimi mənzilə daxil ola bilməmişlər. Təkrar xx.xx.2024 cü il tarixində sahə rəsi Tural Həmdullayevin nəzarəti ilə mənzilə daxil olmaq istəmişlər. Açarı giriş qapısına salıb açmaq istədikdə, dərhal qapı içəridən bağlanmışdır. Addım səsləri aydın eşidilmiş, polis qapını dəfələrlə döysə də qapını açmamışlar. xx.xx.2024 cü il tarixində təkrar sahə polisi Abbasov Elçinlə mənzilə daxil olmaq istəmişlər. İddiaçı qapını açarla açmaq istəyəndə qapı açılmamışdır. İçəridən bağlı saxladıqları üçün aça bilmədim. Çox güman ki, qapı ya içəridən bağlanmış və ya da açar dəyişdirilmişdir. Polis qapını döysə də, qapını qəsdən evdə ola-ola açmadılar. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ünvana daxil olmaq istəmişlər, lakin mümkün olmamışdır. X4 cavabdehə zəng etmiş, C. Telman zəngə cavab olaraq polisə bildirmişdir ki, onları mənzilə buraxmayacaq, onların əmlakı daşınaraq qaraja atılmışdır. Cavabdehin təqsiri üzündən iddiaçıya məxsus olan əmlak qəsdən yarasiz vəziyyətə düşmüş düşmən malı kimi qanuna zidd olaraq ixtiyarı çatmadan qaraja tullanmışdır (yataq dəsiti geyim və başqa əşyalar). Yararsız vəziyyətə düşmüş əmlakın dəyəri daşınma xərci ilə 1000 manata yaxındır. İcra məmuru icranı yerinə yetirmək istədikdə 4 dəfə aşağıda qeyd etdiyi tarixlərdə təyinat verərək təyin olunmuş vaxt üçün cavabdehə bildiriş göndərsə də, cavavdeh icraya tabe olmamış qaçıb gizlənmişdir. xx.xx.2023-cü il, xx.xx.2023-cü il , xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərində həmin mənzilə yük daşınmasına görə 4 mkr-dan, hansı ki, həmin yük qapı açılmadığı üçün hər dəfə geri qaytarılıb. Çəkilən xərclər 360-400 manat təşkil edib. Vurulmuş ziyanın ödənilməsi təqsirkar tərəfindən tutulub bizə qaytarılmalıdır. Həmin bildiriş və aktları məhkəməyə sübut üçün təqdim edir. Cavabdeh hakimin məhkəmə qətnaməsinə, icra məmurunun icra tələblərinə, polisin əmrinə tabe olmur Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin halları Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10320/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı, X1 və X2 Bakı şəhəri, Xocalı prospekti, 5 saylı evin 78 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10320/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilmiş və icra sənədinin icrası istiqamətində zəruri tədbirlər görmüşdür. Lakin Cavabdeh icra sənədinin icrasına mane olmuş, qanuni qüvvəyə minmiş qətnamə 7 il müddətində, yəni xx.xx.2024-cü il tarixədək icra edilməmişdir. Nəhayət xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10320/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi icra edilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin iddiaçı oğlunun Bakı şəhəri, Xocalı prospekti, 5 saylı evin 78 saylı mənzilinə köçürülsə də, Cavabdeh onun həmin ünvanda yaşamasına maneçilik törətmiş, iddiaçı yenidən həmin mənzildən çıxarılmışdır. İddiaçı Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin 20 may 2024-cü il tarixli qərarının ləğv edilməsi barədə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1030/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə qeyd edilən qərar ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-10320/2017 nömrəli icra sənədi yenidən icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasinin Konstitusiyasi M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. M a d d ə 1 2 9 . Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Məhkəmə iddianın cavabdehin təqsiri üzündən İddiaçı məxsus əşyaların yararsız hala düşməsi, qanunazidd olaraq qaraja atılması, yararsız hala düşmüş əmlakın dəyəri, onların daşınma xərcləri ilə bağlı dəymiş 1000 manat məbləğində maddi ziyanın ödənilməsi tələbinə dair hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsiri üzündən ona məxsus olan əşyaların yararsız hala düşməsi, əşyaların dəyəri, eyni zamanda daşınma xərcləri ilə bağlı məhkəməyə hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 1000 manat maddi ziyanın ödənilməsi ilə bağlı formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iddianın 20000 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda göstəməhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 10320/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi uzun müdddət İddiaçı ziyanına olaraq icra edilməməsi, nəticədə İddiaçı və onun övladlarının uzun müddət yaşayış yerindən məhrum olması bununla da məhkəmə çəkişmələrinə gətirib çıxaran hərəkətlərinin iddiaçıda ümumilikdə mənfi psixoloji reaksiya ilə nəticələnməsi ağlabatandır. Beləliklə iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, məhkəmə qərarının icra edilməmədiyi uzun müddət ərzində stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, iddiaçının keçirtdiyi stressin dərəcəsini, məhkəmə qərarının icra edilməməsi nəticəsində keçirtdiyi narahatlıq və sarsıntı hallarını nəzərə alınaraq hesab edir ki, mənəvi zərərin həcmi 20000 manat məbləğində deyil, 5000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə İddiaçı Cavabdeh ona hədə-qorxu gəldiyinə, nalayiq sözlərlə onu təhqir etdiyinə dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş CD-də bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da iddianın təmin olunan hissəsinə müvafiq olaraq Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə görə, təmin edilmiş iddia tələbinin həcminə mütənasib olaraq məhkəmə xərcinə daxil olan 70 manat məbləğində dövlət rüsumu da Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş həqiqi hallara əsaslanaraq hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh mənəvi ziyana görə 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. 70 (yetmiş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar