Məhkəmə qərarları › İş №2(011)-6431/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6431/2023

30.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6431/2023 30.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir.

2. İddiaçı oğlu X1 Şəfiqə Tələt qızı ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra iddiaçının gəlini Cavabdeh onların yaşadığı ünvan 1 ünvanına qeydiyyata düşmüşdür.

3. İddiaçının oğlu X6 ilə gəlini Cavabdeh arasında bağlanmış nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. Artıq 2 ildir ki, iddiaçının gəlini - Cavabdeh həmin ünvanda yaşamır.

4. Bütün bu qeyd edilənlər, Cavabdeh qeyd edilən ünvanda yaşamamasına baxmayaraq, hələ də orada qeydiyyatda qalması mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmaqdadır.

İddiaçının tələbi:

5. Cavabdeh ünvan 1-dən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh 2011-ci ildə oğlu ilə nikaha daxil olmuş, daha sonra mərhum ərinin razılığı ilə onların mənzilinə qeydiyyata alınmışdır. Lakin heç vaxt həmin mənzildə yaşamayıb. Cavabdehlə oğlunun nikahına 2021-ci ildə xitam verilmişdir. Əri vəfat etdikdən sonra mənzil onun adına rəsmiləşdirilib. Hal-hazırda cavabdeh Azərbaycanda yaşamır, 3 illik peşə təhsil üçün Almaniyaya gedib. Əvvəl nikaha xitam verilərkən birgə nikahdan olan uşaqlar cavabdehin himayəsinə verilmiş, lakin sonradan cavabdeh Almaniyaya gedərkən uşaqları rəsmi qaydada almışdırlar.

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iclasında iştirak edən Şahid2 öz izahatında qeyd etmişdir ki, cavabdehi tanıyır, cavabdeh onun qardaşının həyat yoldaşı olub. Cavabdehlə Vəliyev Ceyhun 2011-ci ildə evlənmiş, lakin boşanıblar. Evli olduqları vaxt Xətai metrosunun yanındakı ünvana köçüblər. Qeyd olunan M. Hadi küçəsindəki mənzildə heç vaxt yaşamayıblar. Evli olduqları vaxt yaşadıqları evdə müqavilə ilə qalırdılar, ona görə həmin evdə qeydiyyata düşmək çətin idi.

9. Məhkəmə iclasında iştirak edən Şahid1 öz izahatında qeyd etmişdir ki, İddiaçı tanıyır, qonşususdur. İddiaçılə eyni binada yaşayırlar. Cavabdeh İddiaçı oğlu ilə evlənmişdir. Onlar evli olduqları dövrdə Xətai metrosunun yanındakı evlərində qalıblar. Mübahisəli mənzildə İddiaçı və yoldaşı yaşayırdı.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

10. X-ГЖ 418455 nömrəli şəhadətnaməyə əsasən, 23 noyabr 1984-cü il təvəllüdlü X3 atası X4, anası İddiaçı qzıdır.

11. ƏMDX DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

12. AZ-İ № 432270, xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, İsgəndərova (Vəliyeva) Şəfiqə Tələt qızı və X6 arasındakı nikahın pozulması barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 13 aprel 2021-ci ildə 204 № ilə qeyd edilmişdir.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-325/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən, birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015ci il təvəllüdlü X7 anaları Cavabdeh himayəsindən alınaraq ataları X3 himayəsinə verilsin.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 43.İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

15. «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2016-cı il Qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir

19. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

22. Məhkəmə iş materiallarını, tərəfin izahını dinləyərək hesab edir ki, iddiaçının sözügedən mənzilə xüsusi mülkiyyət hüququ mövcuddur. İş materiallarına əlavə olunmuş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur (§11). Bu sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehin istifadə hüququna xitam verilməsi ilə bağlı subyektiv hüququ mövcuddur və o məhkəmədə bu məsələ ilə bağlı iddiaçı qismində tanınmasını tələb etməkdə haqlıdır.

23. İşin mübahisəsiz halıdır ki, cavabdeh iddiaçının keçmiş gəlnidir, o xx.xx.2011-ci il tarixdə mübahisəli mənzilə gəlin gəlmiş, 2021-ci ildə isə iddiaçının oğlu ilə boşanmış və uzun müddətdir ki, həmin ünvanda yaşamır. Tərəflər arasındakı hüquq münasibətləri 2011-ci ildə yaranmışdır. Ona görə də mübahisə həll edilərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublıkası Konstitusıya Məhkəməsınin xx.xx.2016-ci il tarixli Qərarına əsasən, Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. (§18).

24. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

25. Məhkəmə araşdırması zamanı cavabdehin keçmiş ailə üzvü kimi mənzil maraqlarının mövcud olması, o cümlədən cavabdehin, yaşayış sahəsinə olan ehtiyacını məhz iddiaçının mülkiyyətindəki mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olması halları müəyyən edilməmişdir.

26. Məhkəmə hesab edir ki, cavabdehin formal xarakterli qeydiyyatı iddiaçının mülkiyyət hüquqlarını, mülkiyyət hüququndan sərbəst istifadə etmək hüququnu məhdudlaşdırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir.

Məhkəmə xərcləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı hər hansı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edilsin.

3. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar