Məhkəmə qərarları › İş №2(011)-6483/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6483/2023

27.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6483/2023 27.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 2, 40 saylı mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 mənzili iddiaçı olaraq o alqı-satqı müqaviləsi yolu ilə X1 almış və həmin mənzil adına xx.xx.2022-ci ildə mülkiyyət hüququ tanınmışdır. ünvan 1 mənzildə o ailəsi ilə birlikdə yaşayır. Cavabdehlər mənzilin keçmiş sakinləri olmuşlar.. Cavabdehin ailə üzvləri ilə alqısatqı müqaviləsi bağlayarkən mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdürlər və cavabdehlərin ailə üzvləri həmin mənzili ona sataraq mənzildən çıxmışdırlar. Mənzil ona satıldıqdan sonra ünvan 1 ünvanında yerləşən mənzildə cavabdehlər yaşamırlar. Lakin bütün bunlara baxmayaraq cavabdehlər indiyənə qədər mənzilində pasport qeydiyyatındadırlar. Mənzilin bütün kommunal xərclərini iddiaçı olaraq o ödəyirəm. Cavabdehlərin qeydiyyatda qalması ona maddi cəhətdən ziyan vurduğundan o əlavə komunal xərcləri ödəmək məcburiyyətində qalır. Ona görə də mənzildən cavabdehlərin istifadə hüququna xitam verilməlidir. Sonda iddiaçı E.H.Abdullyev iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, onlar, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, cavabdehlərin həmin ünvanda yaşamadığına dair 100 saylı MKİS-in rəisi tərəfindən “Cavabdeh1 və Cavabdeh2 ünvan 2, mənzil 40 qeydiyyatdadırlar, lakin orada yaşamırlar” qeydi aparılmış bildirişlər məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan X2 və İddiaçı arasında bağlanmış AN-İ ******* №-li 10 iyun 2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, ümumi sahəsi 50,5 kv.m, yaşayış sahəsi 30,92 kv.m, köməkçi sahəsi 19,58 kv.m olan ünvan 2, mənzil 40 sonuncuya satılmışdır. Müqavilənin 8-ci bəndinə əsasən, satıcı, alıcıya üçüncü şəxslərin hüquqlarından azad mənzil verməyi öhdəsinə götürmüşdür, müqavilənin 13-cü bəndinə əsasən satıcı, xx.xx.2022-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş elektron Çıxarışdan görünür ki, ümumi sahəsi 50,50 kv.m olan ünvan 2, mənzil 40 xüsusi mülkiyyət hüququ üzrə tam payla İddiaçı adına xx.xx.2022-ci il tarixdən qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli Arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 2, mənzil 40-da qeydiyyatda olan digər şəxslərdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Xətai rayon Məhkəməsinə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, 10 iyun 2022ci tarixli alqı-satqı müqaviləsinə əsasən, ünvan 2 ünvanında yerləşən 40 saylı mənzil sonuncuya satılmışdır, həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında tam payla xx.xx.2022-ci il tarixdən İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq, orada yaşamır və mənzildən istifadə etmirlər, iddiaçının ailə üzvü deyildirlər. Bununla belə, cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 2, 40 saylı mənzilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2, 40 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar