Məhkəmə qərarları › İş №2(011)-6542/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6542/2025

20.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6542/2025 20.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 cəlb edilməklə) “avtomobilə mülkiyyət hüququnun tanınması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Xətai rayon İcra Şöbəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 cəlb edilməklə) “avtomobilə mülkiyyət hüququnun tanınması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-CH-*** dövlət qeydiyyat nişanlı “Hovo” markalı yük avtomobilinə cavabdeh orqan tərəfindən həbs qoyulması barədə qərarın qanunsuz hesab edilərək ləğv olunması; onun - vicdanlı alıcı və faktiki mülkiyyətçi olaraq avtomobilin üzərində mülkiyyət hüququnun tanınması; hüquqlarının pozulmasının aradan qaldırılması və avtomobil üzərinə qoyulmuş həbsin götürülməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, 13 oktyabr 2020-ci il tarixində **- CH-*** dövlət qeydiyyat nişanlı “Hovo” markalı yük avtomobilini baş etibarnamə əsasında alqı-satqı yolu ilə qanuni və vicdanlı şəkildə əldə etmişdir. Həmin nəqliyyat vasitəsi iddiaçının faktiki və hüquqi mülkiyyətində olmuşdur. Sonradan məlum olmuşdur ki, üçüncü şəxs olan X9 "xxxx" ASC-dən kredit götürmüşdür. O, X8 zamin durduğuna görə, həmin borcun Sübhan Bayramov tərəfindən ödənilməməsi səbəbilə, cavabdeh — Xətai Rayon İcra Şöbəsi tərəfindən iddiaçıya heç bir rəsmi bildiriş və ya təqdimat verilmədən onun avtomobilinə qanunsuz olaraq həbs qoyulmuşdur. Qeyd edilmişdir ki, nə iddiaçının, nə də mülkiyyətində olan sözügedən nəqliyyat vasitəsinin kredit müqaviləsinə və ya borclu ilə hüquqi əlaqəyə hər hansı bir aidiyyəti olmamışdır. Avtomobil bank girovluğunda belə olmamışdır. Həmin avtomobilin alqı-satqısı zamanı alıcı qismində iddiaçı — vicdanlı şəxs (alıcı) çıxış etmişdir və mülkiyyət hüququnu tam qanuni şəkildə qazanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-6542/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 cəlb edilməklə) **-CH-*** dövlət qeydiyyat nişanlı “Hovo” markalı yük avtomobilinə cavabdeh orqan tərəfindən həbs qoyulması barədə qərarın qanunsuz hesab edilərək ləğv olunması; hüquqlarının pozulmasının aradan qaldırılması və avtomobil üzərinə qoyulmuş həbsin götürülməsi barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək, izahatında bildirmişdir ki, o, üçüncü şəxs X3 avtomobili almışdır. Uzun müddət keçməsinə baxmayaraq bütün bu gedişatlardan xəbərdar olmamışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən də ona heç bir sənəd təqdim olunmadığı halda obyektdən avtomobili götürüb aparıblar. Ona məlum olduğuna görə Sübhan adlı şəxsin barəsində yenidən məhkəmə prosesi keçirilmiş və o, bildirmişdir ki, borc üzrə öhdəliklərini yerinə yetirəcəkdir. Həmin mülki iş üzrə 28.000 manat məbləğində borclu olduğu halda iki avtomobilin üzərinə həbs qoyulmuşdur. Halbuki, ayrılıqda yalnız onun maşınının dəyəri 40.000 manatdan yuxarıdır. Cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X9 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, 2020ci il tarixində etibarnamə üzrə öz avtomobilini notariat qaydasında rəsmiləşdirməklə iddiaçının istifadəsinə vermişdir. 2022-ci il tarixində isə avtomobilin üzərinə həbs qoyulmuşdur. Xətai Rayon İcra Şöbəsi ona məlumat vermədən, onun şəxsi imzasından istifadə edərək rəsmi sənədləri imzalamışlar. O, məhkəmə iclasında da iştirak etməmişdir. Ona məxsus olan hər iki avtomobilin üzərinə həbs qoyulmuşdur. Halbuki, Sübhan adlı şəxsin götürdüyü kreditin dəyəri bir avtomobilin qiymətinə bərabərdir. Onun tərəfindən də şəxsi imzasından istifadə olunmasına dair şikayət olunmuş, lakin əvvəlki İcra Şöbəsi tərəfindən şikayətinə baxılmamışdır. Sübhan adlı şəxsə görə notariat qaydasında iddiaçıya verilən avtomobil üzərinə həbs qoyulması barədə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X9 məhkəməyə yazılı mülahizə ünvanlayaraq bildirmişdir ki, o, avtomobili vicdanlı alıcıya - İddiaçı xx.xx.2020-ci ildə notarial qaydada satmışdır. Həmin **-CH-*** dövlət qeydiyyat nişanlı “Hovo” markalı yük avtonəqliyyat vasitəsi 2 (iki) ildir ki, artıq alıcının faktiki və hüquqi mülkiyyətində, sərəncamında olmuşdur. Lakin 2 (iki) ildir satılmış həmin avtomobil barəsində Xətai rayon İcra Şöbəsi tərəfindən 2022-ci ildə əsassız olaraq, qanunsuz şəkildə həbs tədbiri tətbiq edilmişdir. Bu zaman, hətta onun sözügedən avtomobilin həbsi barədə işə baxılması üçün iclasa çağırış vərəqində imzası da saxtalaşdırılmışdır. İclasda heç bir iştirakı olmamışdır. Bu barədə vəsatət verərək müvafiq ekspertizanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Hazırda həbsdə 2 (iki) avtomobil vardır. Halbuki təkcə bir avtomobilin bazar dəyəri-qiyməti borclu - X6 "xxxx" ASC qarşısında olan borcundan miqdar baxımından xeyli dərəcədə çoxdur. Bu hal "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 45.7-ci və digər maddələrinə tamamilə ziddir və kobud qanun pozuntusudur. Həbs tətbiq edilərkən avtomobillərin bazar dəyərləri düzgün müəyyən olunmamış, qeyri-dəqiq qiymətləndirmə aparılmışdır. Faktiki olaraq, bir “Hovo” markalı özüböşaldan yük avtomobilinin belə bazar dəyəriqiyməti qalan borcdan iki dəfə artıqdır. Bu səbəbdən iki yük avtomobilinin həbsdə saxlanılması artıq və əsassız məhdudiyyətlər yaradır. Vicdanlı alıcının avtomobil üzərindəki mülkiyyət və digər hüquqları, qanuni mənafeləri ciddi zərər çəkir, hüquqları kobud şəkildə pozulur. Borcun bir hissəsi artıq ödənilmişdir, qalan hissəsinin isə ödənilməsi üçün Gədəbəy Rayon Məhkəməsinin qərarı mövcuddur və borclu Gədəbəy rayonunda daimi qeydiyyatda olan X11 tərəfindən məhkəmə iclasında ödəniş barədə qəti olaraq öhdəlik götürülmüşdür. Məlumdur ki, Azərbaycanda banklar 65 yaşı ötmüş heç bir şəxsə kredit ayırmır. Belə olan halda, kreditin ayrıldığı 2019-cu ildə onun 67 yaşı var idi. xx.xx.2019-cu ildə X11 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsində o, yaşlı insan olaraq sadəcə formal zamin kimi göstərilmişdir. Məhkəmə iclasında bu üzdən X11 özü də kreditlə pulun ona verildiyini qeyd etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 501/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin təqdimatı təmin edilərək, X7 məxsus “Hovo” yük markalı **- CH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərardadda qeyd edilmişdir ki onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1024/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 28066,45 manat məbləğində əsas borc və 2027,17 manat məbləğində faiz borcu olmaqla, cəmi 30093,62 manat məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumu müştərək qaydada X5, X3 və X2 alınaraq "xxxx" ASC-nə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X4 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu X7 məxsus olan “HOWO” yük markalı, ** CH *** dövlət qeydiyyat nişanlı və “HOWO ZZ3317” yük markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. Həmin qərardadda qeyd edilmişdir ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-1024/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən müştərək qaydada borclu X5, X3 və X2 cəmi 30.093,62 manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qərardad onunla əsaslandırılmışdır ki, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimat əsaslıdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli AC № 696131 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hovo” yük markalı **- CH-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. İş materiallarında olan nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair 17 sentyabr 2016-cı il tarixli elektron etibarnamədən görünür ki, mülkiyyətçi X1 Mürvət Zahir oğluna “Hovo” yük markalı **-CH-*** d.q.n-li nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək, sərəncam vermək və digər səlahiyyətləri vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “Hovo” yük markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1024/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən müştərək qaydada borclu X5, X3 və X2 cəmi 30.093,62 manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd edilmiş icra işi çərçivəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-501/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə mübahisəli avtomobilə həbs qoyulmuşdur. İddiaçı avtomobili etibarnamə əsasında əldə etdiyinə istinad edərək, avtomobilə dair mülkiyyət hüququnun tanınmasını tələb edir. Məhkəmə, iddiaçının sözügedən avtomobilə hüquqlarının rəsmiləşdirilməməsinə əsaslanaraq hesab edir ki, iddiaçının mübahisəli avtomobilə mülkiyyət hüquqları yaranmamışdır. Avtomobil rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşya olduğundan onun iddiaçının mülkiyyətinə keçirilməsi qanunvericiliyin tələblərinə uyğun müvafiq dövlət orqanında rəsmiləşdirilməli idi. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mübahisəli əmlaka mülkiyyət hüququ yaranmadığından, sonuncunun bu hüquqların məhkəmə tərəfindən müəyyən edilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub- olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir, ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla da, mübahisəli avtomobilə dair hüquqlar iddiaçıya keçmədiyindən, sonuncunun mülkiyyət hüququnun tanınması barədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 cəlb edilməklə) **-CH-*** dövlət qeydiyyat nişanlı “Hovo” markalı yük avtomobilinin üzərində iddiaçının mülkiyyət hüququnun tanınması barədə iddia tələbləri təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar