Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6599/2021 20.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.06.2008-ci il tarixli 21/07 saylı hərracın etibarısz hesab edilməsini və həmin hərrac nəticəsində əldə edilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi hərrac nəticələrinin etibarsız hesab edilməsi və həmin sənəd əsasında verilmiş çıxarışın ləğv edilməsi barədədir, iddiaçı kimi İddiaçı, cavabdeh kimi İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh2 göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, iddia tələbi üzrə “çıxarışın ləğv edilməsi” hissəsində müvafiq icra hakimiyyəti orqanına (İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinə), bunun nəticəsindən asılı olaraq isə müvafiq məhkəməyə müraciət etməli olduğu halda, iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etdiyindən onun icraata qəbul edilərək baxlması mümkün deyil və ona görə də iddia ərizəsinin qəbul edilməsindən, iddianın yolverilməzliyinə görə imtina olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsi İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən imzalansa da, iş materiallarına vəkil orderi əlavə olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 66-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 74.1-ci madəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 21.06.2010-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında 28.08.2007-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 31-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, o cümlədən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi inzibati orqan kimi müəyyən olunmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15.04.2015-ci il tarixli Qərarının 5.1-ci maddəsinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, iddiaçı, hazırkı tələblə əvvəlcə İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinə, onun cavabından asıl olaraq isə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “12.06.2008-ci il tarixli 21/07 saylı hərracın etibarısz hesab edilməsini və həmin hərrac nəticəsində əldə edilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6599/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6599/2021
20.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver