Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-67/2025 05.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçıya məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində sahəsi 10 ha olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində (bundan sonra – Fərdi yaşayış evi) təmir və yenidənqurma işlərinin görülməsi məqsədilə 2023-cü ilin yanvar ayında iddiaçı ilə cavabdeh şifahi razılığa gəlmişlər. Şifahi razılığa aəsasən tərəflər ilk öncə fərdi yaşayış evinin içərisində təmir işlərinin aparılması, həyətdə hamam, sanitar qovşağın və su quyusunun tikilməsi barədə razılığa gəlmişlər. Sonradan iddiaçı qeyd edilənlərdən əlavə olaraq fərdi yaşayış evini əhatə edən hasarın sökülüb yenidən tikilməsi, həyətdə yaşıllıq sahəsinin salınması və evin ikinci mərtəbəsində açıq eyvanın böyüdülməsindən ibarət işlərin görülməsini də cavabdehə həvalə etmişdir.
2. Mənzilin təmirinə görə muzdun ümumi məbləği 65000 manat manat müəyyən edilmiş, iddiaçı tərəfindən hissə-hissə olmaqla muzdun 55 000 manat hissəsi cavabehə ödənilmiş, lakin təmir işləri tam başa çatmamış tərəflər arasında mübahisə yaramış və işlər yarlmçıq saxlanılmışdır.
İddia ərizəsinin və ona etirazların dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı cavabdehdən 35 000 manat borc və ödənilmiş 195 manat ödədiyi dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, O, 2023-cü ilin yanvar ayında Fərdi yaşayış evini almışdır. Həmin evi aldığı zaman ev təmirsiz olmuş, divarlar mişar daşından hörülmüş, dam örtüyü köhnə olması səbəbindən onu qane etmədiyi üçün dəyişmək istəmiş və evi tam təmir etdikdən sonra köçmək istəmişdir. Həmin müddət ərzində sürücü kimi tanıdığı Ağəli Gözəlovla danışmış, o cavabdehin onun qonşusu olduğunu, onun yaxşı əl işinin olduğunu, ev təmir etdiyini bildirmişdir. O, cavabdehin əl işlərinə baxmaq istədiyini bildirdikdə, Ağəli ona bir neçə təmir edilmiş ev göstərmiş və iddiaçı onun əl işini bəyənmişdir. 2023-cü ilin mart ayında Ağəli cavabdehlə birlikdə onun ünvanına gələrək təmir barədə söbət etmişlər. Cavabdeh ona məxsus Fərdi yaşayış evini tam olaraq təmir edib ona təhvil verəcəyini vəd vermişdir. Evi tam olaraq təmir edib, evin hasarını yenisi ilə əvəz edib, həyətyanı sahəni abadlaşdırıb həyədtə su quyusu, hamam və sanitar qovşaq tikmək, həyətin işıqlandırılması, qazon salınması, dekorativ ağaclar və güllərin əkilməsi, həyətin işıqlandırılması və darvazanın üzərindən taxtadan çardaq tikilməsi üçün ümumilikdə ondan 65000 manat pul istəmişdir. İlkin olaraq işə başlamaq üçün 20000 manat pulu yaşadığı ünvanda Ağəliye vermiş, o da pulu sayıb cavabdehə vermişdir. Təxmini 1 həftə sonra cavabdeh işə başlamışdır. Evin divarını suvaq etməyə, həyətdə su quyusu tikməyə, sonra köhnə hasarı dağıdıb yenisi ilə əvəz etməyə başlamışdır. Cavabdehlə danışıqlar zamanı ona terrası da düzəltdirmək istədiyini, terrasla da birlikdə ona 65000 manat ödəyəcəyini bildirmiş cavabdeh də razılaşmışdır. 2023-cü ilin aprel ayında cavabdehlə danışdığı zaman o, terrası tikməyə başlamaq üçün 12000 manat pul istəmiş bacısı oğlu Ehtirama 10000 manat pul vermiş, o da Sumqayıt şəhəri 2-ci mikrarayon ərazisində yerləşən “İdeal” parfumeriya mağazasının qarşısında pulu cavabdehə vermişdir. Bundan sonra cavabdeh terrası tikməyə başlamışdır. Bundan sonra da sement, metlax almaq üçün ondan 10000 manat pul istəmiş, o da 5000 manata gücü çatdığını deyərək, bacısı oğlu Ehtiram vasitəsilə may ayında Sumqayıt şəhəri 2-ci mikrarayon ərazisində yerləşən “İdeal” parfumeriya mağazasının qarşısında pulu cavabdehə çatdırmışdır. Sonra da cavabdeh mütəmadi olaraq ondan pul tələb etməyə başlamış, o da bacısıoğlu Ehtiram vasitısilə 2023-cü ilin may ayında 6000 manat, iyun ayında 6000 manat, sonuncu dəfə Sumqayıt şəhəri 2-ci mikrarayon ərazisində yerləşən “İdeal” parfümeriya mağazasının qarşısında 8000 manat olmaqla, ümumilikdə 55 000 manat pul vermişdir. Pulu verdikdən sonra, o həmin evə cavabdehin gördüyü işlərə baxmaq üçün getdiyi zaman cavabdehin yalnız evin divarlarına suvaq vurduğunu, terrasın beton dayaqlarını düzəltdirdiyini, köhnə daş hasarı sökdüyünü, yenisini tikdiyini, həyətdə su quyusu tikdiyini görmüşdür. O, cavabdehə bildimişdir ki, verdiyi məbləğin qarşılığında az iş görüb, cavabdeh bildirdi ki, hazırki vaxta qədər gördüyü işlərə 48700 manat pul xərcləmişdir. O, cavabdehdən pulun qalan hissəsini qaytarmasını istəyəndə cavabdeh ona əlində pulun qalmadığını, bütün pulu təmirə xərclədiyni, iddiaçının təmir xərcini düzgün hesablamadığını bildirmişdir. O, cavabdehdən evin təmir işlərini dayandırmasını və bu günə qədər gördüyü işin təmir xərclərini hesablayıb, qalan pulu qaytarmasını tələb etmişdir. Hazırki vaxta qədər cavabdehdən pulu tələb etsə də, qaytarmamışdır. Cavabdehə ümumilikdə 55000 manat pul ödəsə də, o həmin məbləğdə təmir işləri görməmişdir. O, öz ustasının iştirakı ilə məbləği hesabladığında, ustaların zəhmət haqqında qiymət fərqi olmuşdur. Cavabdehdən pulun yarı qiymətini yəni 35000 manat məbləği qaytarmasını istəmiş, cavabdeh yenədə razılaşmamışdır. Xərclədiyi pulu hesablanmasını istədiyi zaman cavabdeh ona verdiyi puldan 6233 manat qaldığını, 55000 manatdan 2000 manat dəyərində dizaynerə, 28000 manat ustalara, yerdə qalan pulu materialara sərf etdiyini bildirmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, evin tam təmir olunmasını iddiaçı ilə 65 000 manata razılaşmışdır. İddiaçı evin təmir edilməsinə görə ayrıayrı vaxtlarda ona ümumilikdə 55 000 manat pul vermişdir. O, iddiaçı ilə yalnız evinin içini və həyətdə sanitar qovşaq və su quyusu tikəcəyi barədə razılığa gəlmişdir. İlkin olaraq Ağaəli Gözəlovun yanında iddiaçıdan işi başlamaq üçün 20 000 manat pul almış, həmin pula evin dizayn işlərini, bölgü işlərini, söküntü işlərini birinci və ikinci mərtəbə arasında beton piləkən işlərini, bölgüyə uyğun hörgü işlərini, eyni zamanda həyətdə su quyusu tikməyə başlamışdır. Sonradan iddiaçı ona telefonla zəng edərək həyətin hasarının yararsız vəziyyətdə olduğu üçün sökülərək yenidən tikilməsini və suvaqlanmasını, həyətdə 50 kv.m terrasın tikilməsini, həyətdə yaşıllıq sahəsinin salınmasını, evin ikinci mərtəbəsində açıq balkonun böyüdülməsini ona bildirmişdir. O da öz növbəsində bildirmişdir ki, danışıqlarda bu işlərin görülməsi yoxdur. İddiaçı demişdir ki, işlərə başlasın, bu işlərin əlavə xərci nə olacaqsa, sonda hamısını ödəyəcəyək. 10 gündən sonra o, iddiaçıya təxminən bu işlərə 30 000 manat pul çıxacağını bildirmişdir. İddiaçı razılaşmışdır. İddiaçı bu pulu hissə-hissə ödəyəcəyini bildirmiş və ona ayrı-ayrı vaxtlarda 55 000 manat pul vermişdir. O, ümumilikdə işlərə 48767 manat pul xərcləmiş, X1 2000 manat, X3 26 000 manat, dizayın işlərinin görülməsi üçün isə X2 2000 manat pul vermişdir. Bu işlərin göürülməsi üçün tikinti materiallarına, ümumilikdə 12 534 manat pul xərcləmişdir. Qalan 6233 manat isə onun öz zəhmət haqqıdır.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Cavabdeh məhkəmə baxışı zamanı izahatında bildirdi ki, əlavə olaraq bir sıra işlər görülmüşdür ki, onlar ekspert rəyində qeyd edilməyib, ancaq razılaşdıqları kimi ödənilmiş muzdun daxilində idi. Belə ki, Şamaxı şəhərindən həyətyanı torpaq sahəsi üçün əlavə torpaq gətirilmişdir ki, bunun dəyəri 1500 manat təşkil edir. Fərdi yaşayış evində pəncərələr genişləndirilmişdir, bunun dəyəri 1300 manata razılaşdırılmışdır. Fərdi yaşayış evinin həyətinə setka döşənmişdir ki, onun da dəyəri 440 manat olmuşdur. Fərdi yaşayış evini əhatə edən hasar sökülmüşdür, onun dəyəri 500 manat təşkil etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
8. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
9. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
10. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
14. Maddə 752.1 podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
15. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
16. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
22. Tərəflər arasında Fərdi yaşayış evində təmir işlərinin aparılması ilə bağlı şifahi formada podrat müqaviləsinin bağlanması (qanunla podrat müqaviləsinin yazılı formasına dair məcburi göstəriş yoxdur) işin mübahisəsiz halıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehə Fərdi yaşayış evində və həyətyanı sahədə təmir və yenidənqurma işlərinin görülməsini işin tapşımış, cavabdeh isə həmin sifarişi qəbul edərək həmin işləri yeinə yetirib iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Tərəflər yerinə yetirələc işlərlə bağlı muzd barədə də şifahi formada razılığa gəlmişlər.
23. Tərəflər arasındakı mübahisə isə cavabdeh tərəfindən yerinə yetirlən işlərin verilmiş muzda (haqqa) mütənasib olması iə bağlı yaranmışdır. İddiaçı iddia edir ki, cavabdehlə aralarındakı razılaşmaya əsasən cavabdeh fərdi yaşayış evinin içərisində təmir işlərinin aparılmasını, həyətdə hamam, sanitar qovşağın və su quyusunun tikilməsini, fərdi yaşayış evini əhatə edən hasarın sökülüb yenidən tikilməsini, həyətdə yaşıllıq sahəsinin salınması və evin ikinci mərtəbəsində açıq eyvanın böyüdülməsindən ibarət işlər görməli, bu görülən işlərin qarşılığında isə iddiaçı 65 000 manat məbləğində cavabdehə pul ödəməli idi. Cavabdeh iddiaçının bu dəlilini təkzib edərək, sadalanan işlərin görülməsi üçün ümumilikdə 95 000 manat məbləğində ödəniş ediləcəyi barədə razılaşdıqlarını bildirir və etirazında qeyd edir ki, o, ödənilmiş muzdun əvəzində Fərdi yaşayış evinə görülməli olan işlərin hər birini tam olaraq icra etmiş, iddiaçı ona əlavə puı ödəməmişdir. Beləliklə, iddiaçı aralarındakı ləğv olunmuş müqavilə üzrə cavabdehdən icra etmədiyi işlərə görə aldığı pulun geri qaytarılmasını tələb edir.
24. Məhkəmə hesab edir ki, ilk növbədə Fərdi yaşayış evinin təmirinə və yenidənqurma işlərinin həyata keçirilməsinə görə iddiaçı tərəfindən cavabdehə hansı məbləğdə pul vəsaitinin verilməsi müəyyən edilməlidir. Fərdi yaşayış evində təmir işlərinin görülməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 55 000 manat məbləğində pul vəsaitinin ödənilməsi işin mübahisəsiz hallıdır. Belə ki, iddiaçı cavabdehə 55 000 manat məbləğində ödəniş etdiyini iddia edir, cavabdeh isə iddianı həmin hissədə qəbul edir.
25. Məhkəmə qeyd edir ki, iddiaçı Podrat müqaviləsi üzrə ödənilmiş pulun xərclənməmiş hissəsini cavabdehdən tələb etməyə haqlıdır. Lakin məhkəmə podrat müqaviləsi üzrə ödənilmiş pulun xərclənməmiş hissəsinin miqdarına qiymət verərək hesab edir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın vermiş olduğu 10/9358 saylı xx.xx.2024-cü il tarixli rəyi (ikinci rəy) əsas götürülməlidir. Məhkəmə iş üzrə təyin edilmiş birinci xx.xx.2024-cü il tarixli ekspert rəyinin əsas götürülməməsi ilə bağlı qeyd edir ki, sözügedən ekspert rəyində Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadında ekspert qarşısında qoyulmuş birinci və dördüncü suallar üzrə fərdi yaşayış evində aparılmış təmir işləri barədə suallara cavab verilsə də, işçilik xərci barədə suallar üzrə heç bir tətqiqat aparılmamış, həmin suallara heç bir cavab verilməmişdir. Məhz bu əsaslara görə məhkəmə hesab edir ki, iş üzrə hesablamalar aparılarkən natamam olan ekspert rəyi nəzərə alına bilməz.
26. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
27. 10/9358 saylı xx.xx.2024-cü il tarixli rəydən məlum olur ki, iddiaçının mülkiyyətində olan Fərdi yaşayış evinə və həyətyanı sahədə yerinə yetirilmiş təmir və yenidənqurma işlərinin bazar qiymətlərinə uyğun olaraq görülən işləin ümumi dəyərinin 20599 manat (işçilik və materialla birlikdə) məbləğində o cümlədən, tədqiq olunan evin içərisində və çöl divar hissəsində faktiki olaraq aparılan təmir işlərinə sərf edilmiş işçilik xərcinin 3384 manat, evin terras hissəsində aparılmış işlərin işçilik xərcinin 1650 manat, fərdi yaşayış evinin həyətini əhatə edən hasarda aparılmış işçilik xərcinin 1056 manat, ümumilikdə 26689 manat olduğu müəyyən olunur.
28. Məhkəmə iclası zamanı cavabdeh bildirmişdir ki, ekspert rəyində qeyd edilənlərdən əlavə Şamaxı şəhərindən həyətyanı torpaq sahəsi üçün əlavə torpaq gətirilmiş, fərdi yaşayış evində pəncərələr genişləndirilmiş, fərdi yaşayış evinin həyətinə setka döşənmiş, fərdi yaşayış evini əhatə edən hasar sökülmüşdür ki, bunlar ekspert rəyində əksii tapmamaışdır. Sadalanan işlərin görülməsi iddiaçı tərəfindən də etiraf edilmişdir. Cavabdeh bildirmişdir ki, həmi görülən işlərin ümumi dəyəri 3740 manat təşkil edir. İddiaçı isə qiymətlə bağlı cavabdehin bildirdiyi halları təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir.
29. Qeyd edilən işlərin də cavabdeh tərəfindən görülməsi nəzərə alındıqda Fərdi yaşayış evində və həyatyanı sahədə tikinti və yenidənqurma işlərinə sərf edilmiş pul vəsaitinin məbləği 30 429 (20599 + 3384 + 1650 + 1056 +3740 = 30 429) manat məbləğində müəyyən edilir. Bu halda, tikinti və yenidənqurma işlərinə sərf edilməmiş pul vəsaitinin məbləği 24571 (55 000 – 30 429 =24 571) manat təşkil edir. İddiaçı isə Fərdi yaşayış evinin təmirinə xərclənməmiş 35 000 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etdiyindən, iddia tələbi həmin hissədə qismən təmin edilərək Fərdi yaşayış evinin təmirinə görə ödənilmiş, lakin sərf edilməmiş 24 571 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
30. Məhkəmə hesab edir ki, iddia tələbi 168 manat məbləğində dövlət rüsmunun tutulması hissəsində qismən təmin edilərək, dövlət rüsumu və ekspertiza xərci iddianın təmin edilməsi nisbətində (iddia tələbi təqribən 70% nisbətdə təmin edilməlidir) tərəflərə aid edilməlidir.
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 24 571 manat pul və 136,50 manat dövlət rüsumu olmaqla, cəmi 24 707,50 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 58,50 manat hissəsi İddiaçı aid edilsin. 100 manat ekspertiza xərcinin 70 manat hissəsi Cavabdeh, 30 manat hissəsi İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı