Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6719/2021 11.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X8, Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüquqlarının pozulmasına görə sahəsi 10 kv.metr olan mənzil, 16 kv.metr olan mətbəx, 4 kv.metr olan sanuzel-sanitar qovşaq və 11 kv.metr olan dəhlizdən ibarət ümumi sahəsi 41 kv.metr mənzilin dəyərinə görə 41.000 manatın və 2001-ci ildən 2010-cu ilədək aylıq kirayə haqqı 200 manat, 2010cu ildən isə aylıq kirayə haqqı 250 manat olmaqla, kirayə qaldığı üçün ödədiyi pulların əvəzi olaraq cəmi 57.000 manat və mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 29 aprel 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Kislorod küçəsi, ev 1, mənzil 11 İddiaçı işlədiyi “Azərneftyağ” idarəsi tərəfindən 000064 nömrəli xidməti order əsasında verilmişdir. O, həmin ünvanda ailəsi ilə birlikdə 1992-ci ildən 2000-ci il tarixədək yaşamışdır. 2000-ci ildə baş vermiş məlum zəlzələ hadisəsindən sonra Xətai rayon İcra Hakimiyyətinin “25 noyabr 2000-ci il tarixdə baş vermiş zəlzələdən Xətai rayonunda qəza vəziyyətinə düşmüş yaşayış evləri haqqında” 28 noyabr 2000-ci il tarixli aktına əsasən bütün bina sakinləri, o cümlədən onun ailəsi də müvəqqəti yaşamaq üçün başqa yerə köçürülmüşlər. Sonradan sakinlər öz mənzillərinə qayıtsalar da, İddiaçı məlum olmuşdur ki, onun mənzili zəbt olunmuşdur. Belə ki, İddiaçı mənzilinin qonşuluğunda Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Kislorod küçəsi, ev 1, mənzil 14 və Bakı şəhəri, Xətai rayonu, Kislorod küçəsi, ev 1, mənzil 17 yerləşmişdir. Cavabdeh ona məxsus olan mənzillərə çıxarış alaraq həmin mənzilləri satmışdır. Eyni zamanda, o, qeyri-qanuni yola əl ataraq İddiaçı məxsus 11 nömrəli mənzili vanna otağı kimi 14 nömrəli mənzilə qataraq çıxarış almış, 2002-ci ildə həmin mənzili X1. X9 öldükdən sonra mənzil X3 adına keçirilmişdir. 23 iyul 2020-ci il tarixdə həmin mənzilə dair X2 ilə alğı-satqı müqaviləsi bağlanmış, 13 avqust 2020-ci il tarixdə çıxarış verilmişdir. X2 vəfat etmişdir. Hal-hazırda həmin mənzildə onun arvadı X5 yaşayır. Həmin mənzilə dair ilkin çıxarış qeyri-qanuni olaraq alınmış, daha sonra alınan törəmə çıxarışlar həmin qeyri-qanuni yolla alınan çıxarış əsasında alınmışdır. İddiaçının mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Bu illər ərzində o, ailəsi ilə birlikdə kirayədə yaşamış, əlavə xərc, maddi ziyan çəkmişdir. İddiaçı 2000-ci ildən həmin mənzildən ailəsi ilə birlikdə köçürülmüş, onlar müvəqqəti olaraq 1 il Xətai rayon İcra Hakimiyyətinin onlara verdiyi mənzildə yaşamış, 2001-ci ildə öz mənzilinə qayıtmaq istəyən zaman mənzilinin zəbt olunduğunu bilmişdir. Beləliklə, o, 2001-ci ildən 2010-cu ilədək hər ay 200 manat kirayə pulu verərək kirayə evdə yaşamış, 2010-cu ildən isə ailə üzvlərinin artması səbəbindən həmin evdən çıxaraq aylıq kirayə haqqı 250 manat olan evə köçmüşdür. İddiaçı onun hüququnun pozulduğunu bildiyi vaxtdan məhkəməyə müraciət etmiş, illərlə məhkəmə prosesi getmişdir. Eyni zamanda, o həmin illər ərzində məhkəmə proseslərində iştirak etmiş, bunun üçün o, həm maddi, həm mənəvi iztiraba məruz qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X12 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmnuna uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X10 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Maraqlı şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 29 aprel 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Kislorod küçəsi, ev 1, mənzil 11 İddiaçı işlədiyi “Azərneftyağ” idarəsi tərəfindən 000064 nömrəli xidməti order əsasında verilmişdir. O, həmin ünvanda ailəsi ilə birlikdə 1992-ci ildən 2000ci il tarixədək yaşamışdır. İddiaçı və ailəsi müvəqqəti yaşamaq üçün başqa yerə köçürülmüşlər. Sonradan sakinlər öz mənzillərinə qayıtsalar da, İddiaçı məlum olmuşdur ki, onun mənzili zəbt olunmuşdur. Hazırkı iş üzrə iddianın hüquqi əsasını iddiaçıya xidməti order əsasında verilmiş Bakı şəhəri, Xətai rayonu, Kislorod küçəsi, ev 1, 11 saylı mənzilin cavabdeh tərəfindən qanunsuz olaraq satılması nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulması təşkil edir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüquqlarının pozulmasına istinad edərək ona dəymiş maddi və mənəvi ziyanı tələb etmişdir. Məhkəmə iddia tələbinin ümumi sahəsi 41 kv.metr olan mənzilin dəyərinə görə 41.000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olmaqla rədd edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı cavabdehin qanunsuz yolla çıxarış alaraq ona order əsasında məxsus olan mənzili vanna otağı kimi başqa mənzilə birləşdirərək satmasına, nəticədə onun mülkiyyət hüquqlarının pozulmasına istinad etmişdir. Məhkəmə qeyd edilən dəlillərə qiymət verərək hesab edir ki, iddia tələbi kifayət qədər əsaslandırılmamışdır. Belə ki, iş materiallarında olan 29 aprel 1996-cı il tarixli orderdən görünür ki, iddiaçıya verilmiş Bakı şəhəri, Xətai rayonu, Kislorod küçəsi, ev 1, 11 saylı mənzilin ümumi sahəsi 10 kv.metr təşkil etmişdir. Lakin iddiaçı iddia tələbində 16 kv.metr mətbəx, 4 kv.metr sanuzel-sanitar qovşaq və 11 kv.metr dəhlizdən ibarət ümumi sahəsi 41 kv.metr mənzilin dəyərini cavabdehdən tələb etmişdir. İddiaçı mübahisəli mənzilin ümumi sahəsinin 41 kv.metr olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmiş, bu hal məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Eyni zamanda iddiaçı 10 kv.metr sahəsi olan Bakı şəhəri, Xətai rayonu, Kislorod küçəsi, ev 1, 11 saylı mənzilin Cavabdeh tərəfindən zəbt edilməsi ilə bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbinin 2001-ci ildən 2010-cu ilədək aylıq kirayə haqqı 200 manat, 2010-cu ildən isə aylıq kirayə haqqı 250 manat olmaqla, kirayə qaldığı üçün ödədiyi pulların əvəzi olaraq cəmi 57.000 manat pulun cavabdehdən tutularaq ona verilməsi hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassız olmaqla rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində mənzilinin cavabdeh tərəfindən zəbt olunduğunu, buna görə də onun 2001-ci ildən 2010-cu ilədək hər ay 200 manat kirayə pulu verərək kirayə evdə yaşadığını, daha sonra aylıq kirayə haqqı 250 manat olan evə köçdüyünü bildirsə də, o, məhkəməyə kirayə müqavilələrini, ödənişlə bağlı qəbzləri təqdim etməmiş, kirayə mənzildə yaşamasının məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmiş, bu hal məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyana görə 5.000 manat pulun cavabdehdən onun xeyrinə tutulması hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İş materiallarından görünür ki, iddiaçı mənəvi zərərin ödənilməsi barəsində tələb irəli sürmüş olsa da, mənəvi zərərin məhz cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, habelə zərərin tələbdə ifadə olunan miqdarının əsasını təşkil edən hər hansı sübutu məhkəmə baxışı zamanı təqdim etməmişdir. Odur ki, iddia tələbi həmin hissədə də əsassızdır. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X10 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən qanunvericilikdə müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin dəlilinə qiymət verərək və iş materiallarını araşdıraraq belə hesab edir ki, eyni zamanda iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin əsasını maddi və mənəvi ziyanın ödənilməsi təşkil edir. Ona görə də hazırkı işə ümumi iddia müddəti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.5-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). İddiaçı tərəfindən hazırkı iddia tələbi məhkəməyə ümumi iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. İş materialları ilə və iddiaçı tərəfin verdiyi izahatlarla müəyyən edilir ki, İddiaçı Fəhrad oğlu 2001-ci ildə mənzilinin zəbt edildiyini bilmişdir. Lakin iddiaçı qeyd edilən mənzillə bağlı hüquqları mübahisələndirməmiş, həmin mübahisə ilə bağlı iddia ərizəsi ilə 20 avqust 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının hüquqlarının pozulduğunu bildiyi tarixdən, yəni 2001-ci il tarixdən başlayan ümumi iddia müddəti 2011-ci il tarixdə başa çatmış, iddiaçının isə iddia ərizəsi məhkəməyə 2021-ci il tarixdə daxil olmuşdur. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia ərizəsi əsassız olduğundan və iddia tələbi üzrə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülməklə verildiyindən, iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı - İddiaçı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüquqlarının pozulmasına görə sahəsi 10 kv.metr olan mənzil, 16 kv.metr olan mətbəx, 4 kv.metr olan sanuzel-sanitar qovşaq və 11 kv.metr olan dəhlizdən ibarət ümumi sahəsi 41 kv.metr mənzilin dəyərinə görə 41.000 manatın və 2001-ci ildən 2010-cu ilədək aylıq kirayə haqqı 200 manat, 2010-cu ildən isə aylıq kirayə haqqı 250 manat olmaqla, kirayə qaldığı üçün ödədiyi pulların əvəzi olaraq cəmi 57.000 manat və mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-6719/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6719/2021
11.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver