Məhkəmə qərarları › İş №2(011)-6723/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6723/2022

01.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6723/2022 01.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun itirilmiş hesab olunması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 65, 102 saylı mənzil (Bundan sonra – Mənzil) əvvəl iddiaçının anası, cavabdehlərin isə nənəsinə məxsus olub. İddiaçının anası vəfat etdikdən sonra Mənzil vərəsəlik əsasında iddiaçının mülkiyyətinə keçmişdir. İddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmış və bu barədə ona Dövlət reyestrindən Çıxarış verilmişdir.

2. Cavabdehlər iddiaçının övladlarıdır. Onlar hazırda iddiaçıya məxsus Mənzildə pasport qeydiyyatında olsalar da, hər ikisi uzun müddətdir ki, xarici ölkədə yaşayırlar.

3. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehlərin ünvan 1 ünvanında yerləşən evə istifadə hüquqlarının itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 14 yanvar 2012-ci il tarixli ******* nömrəli çıxarışa əsasən onun adına mülkiyyət kimi qeydiyyata alınmışdır. Cavabdehlər oğlu və qızıdır. Oğlu Cavabdeh1 və qızı Cavabdeh2 hər ikisi Rusiya Federasiyasının vətəndaşalarıdırlar. Hər ikisi Mənzildən qeydiyyatdan çıxmağa razıdırlar.

6. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.

8. Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçı məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi.

10. Cavabdeh2 məhkəmə iclasında iştirak edə bilməsə də, məhkəmə iclasından “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə ona zəng edilmiş, o, məhkəməyə bildirmişdir ki, 20 ildən artıq müddətdir ki, ölkədən kənarda yaşayır. 20 yaşından sonra isə mübahisəli mənzildə yaşamayıb. İddia tələbini qəbul edir.

11. Cavabdeh1 məhkəmə iclasında iştirak edə bilməsə də, məhkəmə iclasından “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə ona zəng edilmiş, o, məhkəməyə bildirmişdir ki, 2001-ci ildən etibarən Rusiya Federasiyasında yaşayır. Mübahisəli Mənzildə heç vaxt yaşamayıb. İddia tələbini qəbul edir.

12. Mülki işə tətbiq edilən hüquq:

13. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

14. Maddə 53 1-ci hissə. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

15. Maddə 53 3-cü hissə. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

16. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır.

17. Maddə 87, 2-ci hissə. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

18. Maddə 123, 1-ci hissə. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

23. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

24. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

25. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı mövcud mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir (§ 21).

26. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

27. 01 oktyabr 2009-cu il tarixdədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

28. Cavabdeh2 istifadə hüququ yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.

29. İşin mübahisəsiz halıdır ki, Cavabdeh2 iddiaçının qızıdır. Qeyd edilən qanunvericilik müddəaları baxımından cavabdeh Mənzilin əvvəlki sahibi olmuş idddiaçının anasının ailə üzvü (nəvəsi) olduğu üçün onun Mənzilə istifadə hüququ yaranmışdır.

30. Lakin işin məhkəmədə araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 Rusiya Federasiyasına köçüb və uzun müddətdir həmin Mənzildə yaşamır. Bu hal məhkəmə iclası zamanı cavabdehin veridyi izahatı ilə təsdiq olunmuşdur. Belə ki, Cavabdeh2 20 yaşına qədər bəzən həmin evdə yaşadığını, 20 yaşından sonra isə ümumiyyətlə orada yaşamadığını bildirmişdir.

31. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda göstərilən 60-cı maddəsinin 1-ci hissəsində icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikləri halda onların istifadə hüquqularının saxlanılması müddəti dəqiq göstərilmişdir ki, bu müddət altı ayla məhdudlaşdırılmışdır. Qeyd edilən müddəanın mənasından belə nəticə əldə olunur ki, icarədar və ya onun ailə üzvləri həmin müddətdən artıq yaşayış sahəsindən getdikdə, əgər onlar yaşayış sahəsini iradələrindən kənar tərk etməmişlərsə, yaxud bu müddət keçdikdən sonra onların yaşayış sahəsinə qayıtması özlərindən asılı deyildirsə, istifadə hüquqları qeyd-şərtsiz itirilir.

32. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

33. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 uzun müddətdir ki, (özünün bildirdiyinə görə 20 ildən çoxdur) Azərbaycan Respublikasın tərk edərək daimi yaşamaq üçün Rusiya Federasiyasına getmiş, hazırda da orada yaşayış və işləyir. Məhkəmə onun Mənzildə yaşamama səbəblərini araşdıraraq belə nəticəyə gəlir ki, uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması Cavabdeh2 istəyi və xarici ölkəyə köçüb orada daimi yaşaması ilə bağlıdır. Ona görə ki, iş materialları ilə təsdiq olunur ki, cavabdeh Mənzildə qeydiyyatda olsa da, orada yaşamamaqla və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə bütün əlaqələrini kəsmişdir. Odur ki, onun uzun bir müddət ərzində Mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar deyil. Cavabdehin uzun müddət ərzində Mənzildə yaşamaması və Mənzillə bağlı bütün əlaqələrinin kəsilməsi, onun qanunla müəyyən edilmiş müddətdən (6 aydan) sonra istifadə hüquqlarının itməsinə səbəb olmuşdur. Odur ki, mövcud olmayan istifadə hüququna itirilməsinə dair iddia tələbi təmin edilə bilməz.

34. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə də təmin edilə bilməz.

35. Yuxarıda göstərilən müddəalarda icarədarın (yaxud mülkiyyətçinin) ailə üzvlərinin istifadə hüquqularının yaranması üçün 3 şərt müəyyən edilmişdir: 1) icarədarın (yaşayış evi mülkiyyətçisinin) ailə üzvü olması. Qanunun mənasına görə ailə üzvlərinə icarədarın arvadı (əri), onların uşaqları və valideynləri, habelə icarədar ilə (mülkiyyətçi ilə) birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər daxildir; 2) icarədarla (yaşayış evi mülkiyyətçisi ilə) birlikdə yaşayış evində yaşaması və 3) icarədarla (yaşayış evi mülkiyyətçisi ilə) birlikdə ümumi təsərrüfat aparması.

36. Göstərilən müddəaların mənası baxımından Cavabdeh1 həm Mənzilin əvvəlki mülkiyyətiçisinin (nəvəsidir), həm də iddiaçının (oğludur) ailə üzvü olması işin mübahisəsiz halıdır. Bu hal göstərilən birinci şərtin olmasına əsas verir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 Mənzildə heç vaxt yaşamamış, nə əvvəlki mülkiyyətçi, nə də iddiaçı ilə birgə təsərrüfat aparmamışdır. O, yalnız Mənzildə pasport qeydiyyatında olmuşdur. Bu sonuncu əsaslar isə onu deməyə əsas verir ki, Cavabdeh1, ümumiyyətlə Mənzilə istifadə hüququ yaranmamışdır.

37. Lakin məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır.

38. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir.

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 65 saylı evin, 102 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar