Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6734/2025 16.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qaz xətti ilə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “qaz xətti ilə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh imtinasının əsassız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar sahəsində yerləşən 250 k.v. metr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, İK X2 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli B/S saylı orderə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin Bağlar sahəsində 335L saylı sahədə yerləşən 0.12 ha. torpaq sahəsindən 250 k.v. metr hissəsi iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsində iddiaçı, 2022-ci ilin sentyabr ayında fərdi ev inşa edərək ailəsi ilə birlikdə həmin vaxtdan göstərilən ünvanda yaşayır. Ev tamamilə birgə yaşayış qaydalarına yararlıdır. Mənzildə işıq və su sayğacları vardır və iddiaçı onlardan istifadə edir. Məlumat üçün bildirir ki, iddiaçı fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi üçün əvvəlcə “Asan Kommunal”a müraciət edib, lakin onlar tərəfindən qanunamüvafiq qaydada cavab verilməyib. Bundan sonra ididaçı yenidən istifadəsində olan fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi barədə cavabdehə, yəni Cavabdehnə qaz xəttinin çəkilməsi barədə xx.xx.2025-ci il tarixində ərizə ilə müraciət etmişdir, lakin cavabdeh təşkilatın əməkdaşları şifahi şəkildə bildirmişlər ki, “X7 Cəmiyyəti” Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (maddə 13. Bənd 10-1) görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə olan, lakin belə icazə alınmadan inşa edilmiş və tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və tikilməkdə olan tikinti obyektlərinin qaz xətlərinin şəbəkəyə qoşulması qadağan olunmuşdur. İddiaçı yazılı qaydada xx.xx.2025-ci il tarixində Cavabdehnə müraciət etmiş, ərizəsinə qanunvericiliyə uyğun olaraq Cavabdeh tərəfindən 15 (on beş) iş günü müddətində cavab verilmədiyi üçün iddiaçı bir vətəndaş kimi onu imtina olaraq qəbul edir. Yuxarıda göstərilən səbəblərdən hesab edilib ki, cavabdehin imtinası əsassızdır və iddiaçının istifadəsində olan yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar sahəsində yerləşən fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinin təmin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İddia ərizəsinə əlavə edilmiş mülkiyyət haqqında çıxarışdan da görünür ki, torpaq sahəsi iddiaçının istifadəsindədir. Mülkiyyət isə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi ilə qorunur. İddiaçı inşa etdirdiyi fərdi yaşayış evini şəhərsalma qaydalarına uyğun inşa etdirmişdir və çəkiləcək kommunal xətlər tam nəzərə alınıb, heç bir mühafizə zolağına düşmür. Bundan başqa cavabdehin imtina etdiyi əsaslardan biri də sənaye təyinatlı ərazilərdə məskunlaşmanın və özbaşına zəbt olunma hallarının qarşısını almaq məqsədi ilə qaz xətti ilə təmin etmə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilməsidir. Torpaq sahəsinin ümumi ölçüsü 250 k.v. metr təşkil edir. Bundan başqa cavabdehin imtinasından biri də “Azəriqaz" İstehsalat Birliyinin Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklə bağlıdır. Bu da əsassız imtinadır. Çünki iddiaçı həmin qanuna dəyişiklikdən çox qabaq həmin fərdi yaşayış evini inşa etdirərək burada yaşamışdır. Bunu sübut edən evinə çəkilmiş su xəttidir. Cavabdeh imtinası qanunsuz və əsassızdır. Cavabdeh bu hərəkəti ilə iddiaçının Azərbaycan Respubklikasının Konstitusiyasında təsbit edilmiş konstition hüquqlarını kobud surətdə pozur. Ona görə də cavabdehin imtinası əsassızdır. İddia təmin edilməli, məhkəmə cavabdehin imtinasının əsassız hesab etməli, 250 k.v. metr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qaz xəttinin çəkilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Daha sonra Cavabdeh nümayandəsi H.Cəfərli iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş 30 may 2023-cü il tarixli, 893-VİQD nömrəli dəyişikliyinə əsasən əlavə olunmuş 10-1-ci bəndə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq 2(011)-6734/2025 saylı işin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, torpağı 2021-ci ildə alıb. Evini 2022-ci ildə inşa edib. Evə su və işıq xətləri çəkilib. Evdə yaşayışa 2022-ci ildən başlanılıb. Yaşayı evi 1 mərtəbəli 3 otaqlı evdir. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan X1 İddiaçı verdiyi notarial etibarnamənin surətindən görünür ki, etibar edən etibar edilənə Bakı şəhəri, İK X2 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli B/S saylı orderə əsasən etibar edənin adına olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin bağlar sahəsində 335L saylı sahədə yerləşən 0.12 ha. torpaq sahəsindən 250 k.v.m hissəsini özəlləşdirməyi, sərəncam verməyi, RİH-də, Bələdiyyədə, DTXK-də etibar edəni təmsil etməyi, tikməyi, DƏDRXİ-dən çıxarışı almağı, kommunal xətlərin çəkilməsi, ödənilməsi daxil olmaqla evi və torpağı satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, bank əməliyyatlarını aparmağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq bütün hərəkətləri yerinə yetirməyi etibar etmişdir. İş materiallarında olan Azərbaycan SSR Bakı şəhəri İcraiyyə komitəsinin X2 və X4 bağlar sahəsindəki 50 saylı Kooperativi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli B/S saylı orderin surətindən görünür ki, X3 Bakı şəhəri İcraiyyə Komitəsinin 1 mart 1991-ci il tarixli, 3/75 nömrəli qərarına əsasən Maştağa Bağlar sahəsində 50 nömrəli BTK nəzdində 0,12 ha. torpaq sahəsində olan 335L nömrəli bağ ayrılmışdır. İş materiallarında olan Bakı Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi tərəfindən İddiaçı ünvanlanmış müraciətin baxılması haqqında məktubun surətindən görünür ki, İddiaçı ona məxsus fərdi yaşayış evinin qazlaşdırılması üçün mülkiyyət hüququnu təsdiqləyən sənədlərlə “Asan Kommunal” Mərkəzinə müraciət etməyi tövsiyə olunub. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin internet informasiya sistemindən alınmış çıxarışdan görünür ki, Feyzili X5 rayonu ərazisində **********AOOOO saylı abonent kodu ilə qeydiyyatdadır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası “Normativ hüquqi aktlar haqqında” Qanunun: 2.2-ci maddəsinə görə normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. 87.1-ci maddəsinə görə normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. 87.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. 87.3-cü maddəsinə görə törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 400.1-ci maddəsinə görə əgər müqavilə tərəflərindən biri bazarda üstün mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə müqavilə bağlamaqdan əsassız imtina etməməli, habelə kontragentə qeyri-bərabər şərtlərini təklif etməməlidir. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 36.1.2-ci maddəsinə görə təbii qazın boru kəmərləri ilə nəqli (Azərbaycan Respublikası ərazisindən tranzit nəqli və Azərbaycan Respublikasının hüdudlarından kənara ixracı istisna olmaqla), saxlanması, paylanması və (və ya) təchizatı xidmətləri - təbii inhisar fəaliyyəti sahələridir. Həmin Məcəllənin 40.5.9-cu maddəsinə görə təbii inhisar fəaliyyətinin nəticəsi olan məhsulu satmaq imkanına malik olduqda müştərilərlə belə məhsulun satışına dair müqavilə bağlamaqdan əsassız olaraq imtina etmək məhsulların istehsalı (satışı) zamanı təbii inhisar subyektlərinə qadağan edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 1-ci maddəsinə görə istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. 3-cü maddəsinə görə Azərbaycan Respublikası ərazisində istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. 8-ci maddəsinə görə bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun (bu Qanun Azərbaycan Respublikasının 8 iyul 2025-ci il tarixli 233-VİİQ nömrəli Qanunu ilə ləğv edilmişdir) 13-cü maddəsinin 10-1. bəndinə görə (bu bənd xx.xx.2023-cü ildən qüvvəyə minmişdir) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 14.9-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın 1.2.2-ci bəndinə görə sifarişçi – qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən şəxsdir. Həmin Qaydanın 1.5-ci bəndinə görə bu Qaydanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulan(yəni, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan) tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. Həmin Qaydanın 1.6-cı bəndinə görə bu Qaydanın 1.1.3-cü yarımbəndində nəzərdə tutulan tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. Həmin Qaydanın 2.3-cü bəndinə görə tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması onun sifarişçisinin müraciət etdiyi tarixdən etibarən 20 (iyirmi) gündən gec olmayaraq təmin edilir. Həmin Qaydanın 2.15-ci bəndinə görə tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək qaz xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini qaz paylayıcısı həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.4-cü yarımbəndində nəzərdə tutulan qoşulma xidmətinə görə ödənişdən əlavə heç bir ödəniş etmir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2024-cü il tarixli 5 nömrəli qərarına əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ərazi planlaşdırması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması 271 manat, ərazi planlaşdırması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulması 160 manat təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Həmin Qaydalarının 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydalarının 6.4-cü bəndi nəzərdə tutur ki, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçıya məxsus yaşayış evi müvafiq məlumatlandırma icraatı aparılmadan, yəni yerli icra hakimiyyəti orqanına müvafiq məlumat verilmədən inşa edildiyindən, cavabdeh orqan evin qazla təchiz edilməsindən imtina etmişdir. Bu zaman cavabdeh orqan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minmiş 13-cü maddəsinin 10- 1-ci bəndinə istinad etmişdir. İddiaçın izahatına əsasən o, torpaq sahəsini 2021-ci ildən alıb, yaşayış evinin tikintisini 2022-ci ildə bitirmişdir. İş materiallarında iddiaçının torpaq sahəsinə sahiblənməsi və ya yaşayış evinin tikintisinə başlamasının dəqiq tarixləri bəlli deyil. Mübahisəli yaşayış evi özbaşına tikilidir. Lakin, işə əlavə edilmiş notarial qaydada təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, torpaqla bağlı qeydiyyat əməliyyatlarının iddiaçıya həvalə edilməsinə dair həmin etibarnamə xx.xx.2021-ci ildə rəsmiləşdirilmişdir. Qeyd olunanları və həmçinin iddiaçı tərəfindən bunun əksini təsdiq edən sübutların təqdim edilmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, 2023-cü il oktyabrın 1-dən qüvvəyə minmiş “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 10-1-ci bəndi zamana görə bu mübahisəyə tətbiq edilməməlidir. Belə ki, iddiaçının 2021-ci ildən etibarən torpaq sahəsinə sahiblənməsi nəzərə alınarsa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minmiş 13-cü maddəsinin 10-1-ci bəndi iddiaçının vəziyyətini pisləşdirdiyindən geriyə tətbiq edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanunsuz hesab edilərək, tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması xidməti üçün Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən edilmiş tarifin iddiaçı tərəfindən ödənilməsi şərti ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar sahəsi ünvanında yerləşən iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evinin texniki təhlükəsizlik qaydalarına riayət etməklə qazlaşdırılması vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Bununla əlaqədar həmçinin, iddia tələbi ilə bilavasitə bağlılığı olduğundan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar sahəsi ünvanında yerləşən iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı iddiaçı ilə qazın alqı-satqı müqaviləsinin bağlanılması və həmin ünvanda qaz sayğacının quraşdırılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı dövlət rüsumundan azad edildiyindən, 100 (bir yüz) manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması xidməti üçün Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən edilmiş tarifin iddiaçı tərəfindən ödənilməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar sahəsi ünvanında yerləşən iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evinin texniki təhlükəsizlik qaydalarına riayət etməklə qazlaşdırılması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar sahəsi ünvanında yerləşən iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı iddiaçı ilə qazın alqı-satqı müqaviləsinin bağlanılması və həmin ünvanda qaz sayğacının quraşdırılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. 100 (bir yüz) manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-6734/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6734/2025
16.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver