Məhkəmə qərarları › İş №2(011)-6736/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6736/2024

27.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6736/2024 27.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməklə əşyaları ilə birlikdə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməklə əşyaları ilə birlikdə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X8 küçəsi, ev 5 ünvanında yerləşən ümumi sahəsi 99.2 kv.metr olan 84 saylı mənzil 2002-ci ildən iddiaçının xüsusi mülkiyyətindədir. Sözügedən əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən MA ******* saylı çıxarış təqdim edilmişdir. Cavabdeh iddiaçının oğlunun həyat yoldaşı olmuşdur. Belə ki, oğlu X2 ilə Cavabdeh 2008-ci il tarixində rəsmi nikaha daxil olmuşdurlar. X2 xx.xx.2011-ci il tarixdə dünyasını dəyişmişdir. Oğlu vəfat etdikdən sonra gəlini Cavabdeh övladı ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X8 küçəsi, ev 5 ünvanında yerləşən ümumi sahəsi 99.2 kv.metr olan 84 saylı mənzildə yaşamasına razı olmuş, birlikdə yaşamaqları etiraz etməmişdir. Daha sonra 2011-ci il tarixində də cavabdehi pasport qeydiyyatına alınmasına razılıq vermişdir. Lakin hazırda Cavabdeh ilə yaşamaq dözülməz olmuşdur. Belə ki, Cavabdeh iddiaçıya qarşı nalayiq ifadələr işlədir, iddiaçının ünvanına təhqirlər yağdırır. İddiaçı isə yaşlı qadındır, ona məxsus mənzildə qoca halı ilə rahat yaşamaq istəyir. İddiaçı ona məxsus mənzildə rahat yaşaya bilmir, cavabdeh mənzilə zərər yetirir, heç bir əsas olmadan mübahisə yaradır, qapıları qırır, azyaşlı nəvəsinə də psixoloji təsir göstərir. Cavabdehin bu hərəkətindən təsirlənərək uşaq da iddiaçıya qarşı xəsarət yetirmək istəyir. Mənzildəki əşyaları yararsız vəziyyətə salır. Bununla bağlı neçə dəfə hüquq mühafizə orqanlarına da müraciət etmişdir. Lakin, heç bir nəticə verməmişdir. Həmçinin Cavabdeh evə də gec gəlir. Uzun illərdir ki, cavabdeh iddiaçıya məxsus mənzildə yaşamasına mərhum oğlunun xətrinə icazə vermişdir. Lakin artıq cavabdehin iddiaçıya təzyiq göstərməsi və əxlaqsız ifadələr işlətməsi, evə gec gəlməsi iddiaçı ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etməyə vadar etmişdir. Odur ki, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X8 küçəsi, ev 5 ünvanında yerləşən ümumi sahəsi 99.2 kv.metr olan 84 saylı mənzildən istifadə hüququna xitam verilməsini və əşyaları ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılmasını qanunauyğun hesab edir, hüquqları pozulmuş bir mülkiyyətçi kimi ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh ona məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X8 küçəsi, ev 5 ünvanında yerləşən ümumi sahəsi 99.2 kv.metr olan 84 saylı mənzildən istifadə hüququna xitam verilməsini və əşyaları ilə birlikdə ona məxsus mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin çıxışlarını dinləyərək və iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı verilmiş 10 oktyabr 2004-cü il tarixli, 005431 nömrəli orderin surətindən görünür ki, İddiaçı və 4 nəfər ailə tərkibinin (İddiaçıM, CavabdehS, Yusifova N.S, və Yusifov F.S) Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X8 küçəsi, ev 5, 84 saylı mənzildə yaşamaq hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X8 küçəsi, ev 5, 84 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 06 sentyabr 2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan İİ-ЖГ seriyalı, 430065 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Sarif Yusifov 03 oktyabr 1993-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan 04 iyul 2024-cü il tarixli, ******* №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X8 küçəsi, ev 5, 84 saylı mənzil ünvanında Cavabdeh, X3, X1, X5, X4 qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə mübahisə 2000-ci il 01 sentyabr tarixindən sonra qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə bağlı Qərarlarında verdiyi şərhlərdə dəfələrlə vurğulamışdır ki, Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. Qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan MM-in 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Beləliklə, tərəflərin izahatlarından və mülki işdə olan sübutlarlan müəyyən edilir ki, Cavabdeh iddiaçının oğlu X2 ilə 2008-ci il tarixində rəsmi nikaha daxil olmuş, birgə nikahdan bir övladları dünyaya gəlmişdir. Cavabdeh 2008-ci ildə order əsasında iddiaçının ailə üzvləri ilə birlikdə istifadəsində olan mübahisəli Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, X8 küçəsi, ev 5, 84 saylı mənzildə yaşamışdır. Bu hal tərəflərin izahatı ilə də sübuta yetirilmişdir. Mübahisəli mənzil Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 10 oktyabr 2004-cü il tarixli order əsasında İddiaçı verilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı adına dövlət qeydiyyatından keçmişdir. İddiaçının oğlu Fərid Yusifov 2011-ci il tarixdə vəfat etmiş, cavabdeh hazırda da mübahisəli mənzildə övladı ilə birlikdə yaşamağa davam etmişdir. Hal-hazırda İddiaçı Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun itirilməsini tələb etsə də, cavabdehin başqa yaşayış yerinin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda kompensasiya təklif etməmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehlər mübahisəli yaşayış sahəsində istifadə hüququna malik olan şəxs olduğu üçün onların istifadə hüquqlarına yalnız kompensasiya ödənilməklə xitam verilə bilər. Bununla bağlı olaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməklə əşyaları ilə birlikdə mənzildən çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd olunduğu üçün məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməklə əşyaları ilə birlikdə mənzildən çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar