Məhkəmə qərarları › İş №2(011)-6802/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6802/2024

29.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6802/2024 29.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Babək prospekti 94, ev 3, mənzil 45 (Yeni qaydalarla: ünvan 1-dən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 3, mənzil 45 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışa əsasən iddiaçının adına mülkiyyət kimi qeydiyyatdan keçmiş və hal-hazırda da mülkiyyətindədir. Həmin mənzili cavabdehin ailə üzvündən alğı-satqı müqaviləsi ilə almışdır. Cavabdehin ailə üzvləri alğı-satqı müqaviləsi bağlanan zaman həmin mənzildən özü və ailə üzvlərinin qeydiyyatdan çıxmaqlarını öhdəliyinə götürməsinə baxmayaraq hal-hazıradək onun ailə üzvü könüllü qeydiyyatdan çıxmamışdır. Bu hal iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda cavabdeh və onun ailə üzvləri həmin mənzildə yaşamır və istifadə hüquqları yoxdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin faktiki halları: İş materiallarında olan notariat işindən görünür ki, İddiaçı 25 aprel 2023-cü il tarixdə X1 ilə aralarında bağlanmış alğı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Babək prospekti 94, ev 3, mənzil 45 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 86 kv. metr olan mənzili almışdır. Həmin müqaviləyə əsasən satıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi (müqavilənin 3.2.2-ci bəndi) öz öhdəsinə götürmüşdür. Cavabdeh mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvü olmuş, o, sözügedən mənzilin satılmasına dair notarial qaydada təsdiq edilmiş yazılı razılıq vermişdir. Cavabdeh hazırda həmin mənzildə yaşamır, mübahisəli mənzildə formal olaraq qeydiyyatdadır. İş materiallarında olan çıxarışdan görünür ki, Bakı şəhəri, Babək prospekti 94, ev 3, mənzil 45 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 86 kv. metr olan mənzil 11 may 2023-cü il tarixdən İddiaçı mülkiyyətindədir. Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh iddiaçıya məxsus ünvanda qeydiyyatdadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolu: 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Babək prospekti 94, ev 3, mənzil 45 (Yeni qaydalarla: ünvan 1 İddiaçı mülkiyyətindədir. Cavabdeh həmin mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvü olmaqla hazırda həmin mənzildə yaşamır, iddiaçının ailə üzvü deyildir. Bunlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə cavabdehin istifadə hüququna xitam verilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən İddiaçı ödədiyi 100 manat dövlət rüsumu da onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Babək prospekti 94, ev 3, mənzil 45 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 86 kv. metr olan mənzildən istifadə hüquqları itirilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar