Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6817/2022 28.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan, Bakı şəhəri Xətai rayonu, Q. Nəbi küçəsi, ev 2, mənzil 169-da yerləşən ümumi sahəsi 66,8 kv.m olan 3 otaqlı mənzildən istifadə hüququna xitam verilməsi, mediasiya və məhkəmə mərhələləri üçün ödədiyi dövlət rüsümlarının cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Q. Nəbi küçəsi, ev 2, mənzil 169-da yerləşən ümumi sahəsi 66,8 kv.m olan 3 otaqlı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış ******* nömrəli “Çixarış’-ı ərizəyə əlavə etmişdir. Mülkiyyətində olan həmin mənzillə bağlı iddiaçı ilə oğlanları arasında ziddiyyətlər mövcuddur. Belə ki, onların ayrıca evləri və yaşayış sahələri olmasına, həmçinin iddiaçının qəti tələblərinə baxmayaraq cavabdehlər iddiaçının evindən qeydiyyatdan çıxmırlar. Odur ki, onların məhkəmə qaydasında Bakı şəhəri Xətai rayonu, Q. Nəbi küçəsi, ev 2, mənzil 169-da yerləşən ümumi sahəsi 66,8 kv.m olan 3 otaqlı mənzil mənzil sahəsindən istifadə hüququna xitam verilməsi zəruri olmuşdur. Qeydiyyatdan çıxmaqla bağlı onlar iddiaçının sözlərinə heç əhəmiyyət də vermirlər. Nəticədə uzun müddətdir ki, onlar iddiaçının mülkiyyətində olan mənzildə, yəni Bakı şəhəri Xətai rayonu, Q. Nəbi küçəsi, ev 2, mənzil 169-da qeydiyyatdadırlar. Faktiki olaraq isə orada yaşamırlar və istifadə etmirlər. Bu məsələ ilə bağlı, Bakı şəhəri Xətai Rayon Polis idarəsinin iddiaçıya verdiyi cavabda həmin şəxslərin iddiaçının evindən qeydiyyatdan çıxarılması ücün məhkəmə qətnaməsinin olmasının zəruriliyi qeyd edilmişdir. Bakı 16 saylı Mediasiya Təşkilatına müraciəti də bir nəticə verməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan, Bakı şəhəri Xətai rayonu, Q. Nəbi küçəsi, ev 2, mənzil 169-da yerləşən ümumi sahəsi 66,8 kv.m olan 3 otaqlı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, yaşayış sahəsini o, 1980-ci ildə əldə etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* saylı, xx.xx.2022-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Cavabdeh1 (xx.xx.1975-ci il təvəllüdlü), Cavabdeh2 (xx.xx.1978-ci il təvəllüdlü), X5 (xx.xx.1982-ci il təvəllüdlü) Bakı şəhəri, Xətai rayonu, Q. Nəbi küçəsi, ev 2, mənzil 169-da yerləşən ümumi sahəsi 66,8 kv.m olan 3 otaqlı mənzildə qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Q. Nəbi küçəsi, ev 2, mənzil 169-da yerləşən ümumi sahəsi 66,8 kv.m olan 3 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2007-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən, eləcə də Elektron Məhkəmə İnformasiya Sistemindənmüəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş-X2 vərəsələri – ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 və – ünvan 1 ünvanında qeydiyyatda olan X3 hər biri miras əmlakdan ½ irs almalıdır. Miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 146.1 kv/m, yaşayış sahəi 59.9 kv/m, yardımçi sahəsi 86.2 kv/m, üçotaqlı olan bağ evindən ibarətdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilir ki, Cavabdeh2 mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhərində 0.0220 ha torpaq sahəsi və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57, mənzil 148 vardır. Mülki iş üzrə şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində bildirmişdir ki, iddiaçının oğludur, cavabdehlərin isə qardaşıdır. Evin nə zaman alındığını xatırlamır, o, həmin evdə dünyaya gəlib. Anası keçən il rəhmətə gedib. Uzun müddətdir ki, o evdə yaşamır. Qardaşlarının imkanı yaxşıdır. X4 bağ sahəsində evi var. Digər qardaşı İlqar İlhamdan 2-3 il sonra evi tərk edib, Əhmədlidə ailəsi ilə yaşayır. Hal-hazırda həmin evdə atası tək yaşayır. Mülki iş üzrə şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində bildirmişdir ki, iddiaçının qonşusudur. O 1994-cü ildən Qaçaq Nəbi küçəsi 2 ünvanında yaşayır. Həmin vaxtdan Hümbət və oğlunu görmüşdür. Hazırda həmin evdə İddiaçı və X5 yaşayır. İddiaçının digər oğlanları həmin evdə yaşamır. Təxmini 6-8 ildir ki, köçüblər. Mülki iş üzrə şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində bildirmişdir ki, iddiaçının qonşusudur, cavabdehlərin isə dayısı oğludur. O da 6-7 ildir ki, Qaçaq Nəbi küçəsi 2 ünvanında yaşayır. Həmin mənzildə dayısı yaşayır. Cavabdehlər isə arada gəlib gedirlər. Cavabdehlərin harda yaşadığını bilmir. Cavabdehlərdən İlham Türkiyədədir, burda harda yaşadığını bilmir. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Q. Nəbi küçəsi, ev 2, mənzil 169-da yerləşən ümumi sahəsi 66,8 kv.m olan 3 otaqlı mənzil iddiaçıya məxsusdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının övladlarıdır. Cavabdehlər həmin mənzildə əvvəllər yaşadıqlarına baxmayaraq artıq uzun müddətdir ki, həmin mənzili tərk ediblər və orada yaşamırlar. Cavabdehlərin özlərinə məxsus yaşayış sahələri mövcuddur. Məhkəmə hesab edir ki, cavabdehlərin sözügedən mənzillə istifadə hüququna bağlı münasibətlər 2000-ci il tarixindən əvvəl yarandığından hazırkı mülki mübahisənin əsasını həmin vaxt qüvvədə olan “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin müvafiq müddəaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hüquq münasibətlərin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzilin mülkiyyətçisinin razılığı ilə mübahisəli mənzilə köçürüldüyündən, o, mübahisəli mənzilin mülkiyyətçisi İddiaçı ailə üzvüdür. Cavabdehlər ailə üzvü qismində mübahisəli mənzilə köçürüldüyündən və onların mənzilə köçürülməsi zamanı hər hansı başqa qeyd-şərt nəzərdə tutulmadığından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildən qeyd edilən mənzilin mülkiyyətçisi İddiaçıla birlikdə istifadə hüququna malik olmuşlar. Lakin Cavabdeh1 və Cavabdeh2 daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür. Buna görə də məhkəmə hesab edir ki, işin bu cür halında Cavabdeh1 və Cavabdeh2 mübahisəli yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Digər tərəfdən Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Mülki Məcəllənin 228.5-ci maddəsinə əsaəsn yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Qərarda qeyd edilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Göründüyü kimi, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərtdən biri də yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasıdır. Lakin hazırki mülki iş üzrə cavabdehlərdən Cavabdeh2 mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhərində 0.0220 ha torpaq sahəsi və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57, 148 saylı mənzil vardır, Cavabdeh1 isə X1 miras qalan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 146.1 kv/m, yaşayış sahəi 59.9 kv/m, yardımçi sahəsi 86.2 kv/m, üçotaqlı olan bağ evindən ½ irs almalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin yaşayış sahəsinə olan ehtiyacı aradan qalxdığından mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdehlərin uzun müddət həmin mənzildə yaşamadığı, eyni zamanda onların hər birinin qeyd edilən yaşayış sahəsinə olan ehtiyacının aradan qalxdığı nəzərə alınaraq mübahisəli mənzildən istifadə hüquqları kompensasiya ödənilmədən itirilmiş hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və buna görə də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Xətai rayonu, Q. Nəbi küçəsi, ev 2, mənzil 169-da yerləşən ümumi sahəsi 66,8 kv.m olan 3 otaqlı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6817/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6817/2022
28.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver