Məhkəmə qərarları › İş №2(011)-6871/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6871/2025

07.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6871/2025 07.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 67V saylı evin 50 saylı mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı mənzilin mülkiyyətçisidir. Cavabdehlər Cavabdeh1 onun gəlini, Cavabdeh2 isə onun nəvəsidir. 10 ilə yaxındır ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 67V saylı evin 50 saylı mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar. Onlar Rusiya Federasiyasına köçmüş, orada vətəndaşlıq qəbul etmişlər. Lakin qeydiyyatdan çıxmamışlar. Bu da onun mülkiyyət hüquqlarını pozur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, mübahisəli mənzil 1981-ci ildən orderlə ona verilmişdir. Gəlini Cavabdeh1 30 il əvvəl, 1995-ci ildə onun mənzilinə köçmüş, nəvəsi Cavabdeh2 da 1999-cu ildə həmin mənzildə doğulmşudur. Onlar 2018-ci ilə qədər mənzildə yaşasalar da, 2018-ci ildən mənzildən tamamilə köçüb getmiş və həmin vaxtdan mənzildə yaşamamışlar. Daha sonra onlar Rusiya Federasiyasına köçərək orada yaşamağa başlamışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: 197094 saylı orderin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 37d saylı evin birinci blok, 7-ci mərtəbəsində yerləşən 46,74 kv.metr sahəsi olan mənzili İddiaçı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 67V saylı evin 50 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışndan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 67V saylı evin 50 saylı mənzildə Cavabdeh1, X3, X1, Cavabdeh2, X2, X4, X5 qeydiyyatdadırlar. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.1019-cu il tarixdə ölkə sərhədlərindən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Cavabdeh1 qardaşının həyat yoldaşı, Cavabdeh2 isə qardaşının qızıdır. 2018-ci ilə qədər onlar Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 67V saylı evin 50 saylı mənzilində yaşasalar da, 2018-ci ildə mənzili daimi təkr edərək köçmüşdürlər. Daha sonra onlar Rusiya Federasiyasına köçərək orada yaşamağa başlamışlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan):

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: İşin halları ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 67V saylı evin 50 saylı mənzili 1981-ci ildən order əsasında iddiaçının qanuni istifadəsində olmuş, iddiaçının gəlini, Cavabdeh1 1995-ci ildə həmin mənzilə köçmüş, iddiaçının nəvəsi Cavabdeh2 1999-cu ildə həmin mənzildə doğulmuşdur. Şahid ifadəsi və cavabdehlərin sərhədkeçmə məlumatları ilə təsdiq edilmişdir ki, hər iki cavabdeh 2018-ci ildən sonra mübahisəli mənzildə yaşamamış, daimi yaşamaq üçün başqa yerə köçmüşdür. Beləliklə, müəyyən edilmişdir ki, hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan köhnə Mənzil Məcəlləsinin 53-cü və 123-cü maddələrinə əsasən cavabdehlərin mənzildən istifadə hüququ yaransa da, sonradan onlar mənzili tərk edərək daimi yaşamaq üçün başqa yerə köçdüklərindən, həmin Məcəllənin 60 və 87-ci maddələrinə əsasən istifadə hüquqlarını itirmişlər. Odur ki, cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 67V saylı evin 50 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 67V saylı evin 50 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 67V saylı evin 50 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar